Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çörək və un istehsalı azalıb, idxal olunan buğda ucuzlaşıb: Bəs qiymətlər necə olacaq?

© Sputnik / Murad OrujovÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
2023-cü ildə ölkə ərazisində 1 milyon hektardan artıq sahədə taxıl əkilib ki, bunun da 40 faizi arpa, 60 faizi buğda olub.
BAKI, 4 avqust — Sputnik. Azərbaycanda çörək və buğda unu istehsalı azalıb. Xaricdən gətirilən ərzaqlıq buğdanın qiymətlərində ucuzlaşma müşahidə edilir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 534 min 567 ton çörək istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalma deməkdir.
2023-cü ilin yanvar-iyun aylarında ölkədə 642 min 971 ton buğda unu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azdır.
"Bəzən insanlar sağlamlıq və dietaya görə çörək istehlakını azaldırlar"
İstehsalın azalması ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, böhran, qiymətlərin qalxması çörək və buğda unu istehsalına çox təsir etmir:
"Çörək və buğda unu istehsalına daha çox istehlakçıların davranışı təsir göstərir. Bəzən insanlar sağlamlıq və dietaya görə çörək istehlakını azaldırlar. Lakin, ümumilikdə istehlakçıların davranış dəyişikliyi tədrici və uzunmüddətli prosesdir".
Növbəti aylarda çörək və unun qiyməti necə olacaq?
Qiymətlərə gəlincə, ekspert diqqətə çatdırıb ki, cari ildə zavod çörəyinin qiymətində iki dəfə azalma baş verib:
"Lakin dünyada "Taxıl sazişi"nin dayanması, bundan sonra çörəyin qiymətinin daha da aşağı düşməsinə imkan verməyəcək. Azərbaycanda ərzaqlıq buğda əsasən idxal edilir. Dünyada unun qiyməti kəskin qalxmasa, bizdə də unun və çörəyin bahalaşması gözlənilmir".
"Digər tərəfdən isə, dünyada düyünün bahalaşması buğdanın qiymətinə mənfi təsir göstərəcək" -, deyə o əlavə edib.
İlin əvvəlinə nisbətən qiymətlər ucuzlaşıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iyun ayında Azərbaycanda buğda ununun 1 kq-nın orta qiyməti ilin əvvəli ilə müqayisədə 1,2 faiz ucuzlaşaraq 1,56 manat olub. Lakin keçən ilin iyun ayı ilə müqayisədə bu ilin iyun ayında buğda ununun orta qiyməti 12,2 faiz bahalaşıb. Keçən ilin iyun ayında bu rəqəm 1,39 manat idi.
İyunda əla növ buğda çörəyinin 1 kq-nın orta qiyməti ilin əvvəli ilə müqayisədə 3 faiz ucuzlaşaraq 1,30 manata düşüb. Lakin keçən ilin iyun ayı ilə müqayisədə bu ilin iyun ayında əla növ buğda çörəyinin 1 kq-nın orta qiyməti 11,1 faiz bahalaşıb. Keçən ilin iyun ayında bu rəqəm 1,17 manat idi.
Xaricdən gətirilən buğdanın qiyməti aşağı düşüb
Bu il Azərbaycana xaricdən gətirilən ərzaqlıq buğdanın qiymətlərində ucuzlaşma müşahidə edilir. Belə ki, 2023-cü ilin fevral ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 543,58 manat təşkil edib. 2023-cü ilin mart ayında isə bu rəqəm 539,92 manat, aprel ayında 503,85 manat, may ayında 465,98 manat, iyun ayında 436,99 manat olub.
Mart ayında Azərbaycanda un və çörək ucuzlaşıb
Xatırladaq ki, dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma bu ilin mart ayında çörəyin qiymətinin enməsinə səbəb olub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlər aparır. Monitorinq nəticələrinə əsasən, martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub. Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35.5 manat – 37.2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici 40.7 manat – 41.5 manat təşkil edirdi.
Beləliklə, son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.
Qeyd edək ki, 2023-cü ilin iyun ayında 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti yenidən ucuzlaşaraq 65 qəpikdən 60 qəpiyə düşüb.
Ərzaqlıq buğdanın dövlət tədarükü prosesi davam edir
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli Fərmanının icrası istiqamətində işlər davam etdirilir.
Fərmanın icrası ilə əlaqədar respublikanın 18 rayonunda 28 təsərrüfatla 22,4 min hektar pivotaltı sahədə ərzaqlıq buğda istehsalının həyata keçirilməsinə dair müqavilələr bağlanılaraq əkinlər aparılıb. Şirkətlərdən daxil olmuş operativ məlumatlara əsasən, həmin sahələrin 22 min hektarında (98,1 faiz) biçin aparılaraq 111,8 min ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 50,1 sentner olub.
Hazırda ərzaqlıq buğdanın dövlət tədarükü prosesi davam edir. İyulun 27-dək tədarük məntəqələrinə 29,8 min ton ərzaqlıq buğda təhvil verilib ki, bunun da 253 tonunu 1-ci sinif, 12,2 min tonunu 2-ci sinif və 17,3 min tonunu isə 3-cü sinif ərzaqlıq buğda təşkil edir.
Yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən edilib.
Kənd Təsərrüfatı Nazirliyi ilə bağlamış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödəniləcək.
Nazirliyin məlumatına əsasən, 2023-cü ildə ölkə ərazisində 1 milyon hektardan artıq sahədə taxıl əkilib ki, bunun 40 faizi arpa, 60 faizi buğda sahəsidir.
Ötən il buğda istehsalı düşüb
Əlavə edək ki, Dövlət Statistika Komitəsinə görə, 2022-ci ildə Azərbaycanda 1 milyon 736,1 min ton buğda istehsal edilib. 2021-ci illə müqayisədə istehsal 7,9 faiz azalıb. Ötən il buğdanın məhsuldarlığı azalaraq 31,9 sentner olub. 2021-ci ildə məhsuldarlıq 32,9 sentner idi.
Xəbər lenti
0