Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Nəsimi" filminin ekranlara çıxmasından 50 il keçir

© pixabay / gagnonm1993kinolent
kinolent - Sputnik Azərbaycan, 1920, 31.07.2023
Abunə olmaq
"Nəsimi" filmi Biirinci katib Heydər Əliyevin istəyi ilə Həsən Seyidbəyliyə həvalə olunmuşdu. "Nəsimi" obrazını Mərkəzi Komitə başqa adamları təklif edirdi, amma rejissor Rasim Balayevin istedadına, rolun öhtəsindən gələcəyinə inanıb
BAKI, 30 iyul — Sputnik. Bu il Azərbaycan kinosunun incilərindən sayılan "Nəsimi" filminin ekranlara çıxmasından 50 il keçir. Ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissor Həsən Seyidbəylinin olduğu ekran əsərində ölkənin ən parlaq aktyorları rol alıb. Xalq artisti Rasim Balayevlə birlikdə "Nəsimi" filminin çəkildiyi illərə qiyabi səyahət etdik.
Bu film Rasim Balayevin kinoda ilk işi olmaqla yanaşı, həm də onun kinoda vizit kartı olub: "Açığı, əvvəl elə-belə baxırdım. Sonradan həvəs marağa çevrildi. Mən qərara gəldim ki, aktyor olacağam. Düzdü, valideynlərim əvvəl qarşı çıxırdılar. Özü də mən teatr aktyoru olmaq istəyirdim. Fikirləşdim ki, mən teatrda aktyor işləyim, lazım gələrsə, kinoya da çəkilərəm. Amma teatra götürmədilər məni. Mədəniyyət və İncəsənət Universitetinin keçmiş rektoru məni "Tədris" teatrına işə çağırdı. O mənim diplom tamaşamı görmüşdü. O mənim aktyor olacağıma inanırdı. Cuzi maaşa, saat hesabı dərs də deyirdim. Amma bu məni cəlb etmirdi, pedoqoji istedadım da yox idi.
1972-ci ildə eşitdim ki, kinostudiyada aktyor ştatı açılıb. Ora getdim, amma mənə dedilər ki, özüm kino üçün uyğun deyil. Rəhmətlik Ədil İsgəndərov məni şərtlə qəbul etdi. Həmin ərəfədə də "Nəsimi" filmi üçün aktyor axtarırdılar. Ədil müəllim dedi, "qada, sən hansı filmə çəkilmisən?" Dedim filmə çəkilməmişəm. Dedi axı biz məşhur, filmlərə çəkilən aktyorları qəbul edirik. Mən dedim ki, "çəkilməmişəm, amma mən də çəkilmək istəyirəm". Dedi "onda gəl belə danışaq, əgər 1 il ərzində sən bizə lazım olsan, mən səni işə götürürəm, yox əgər lazım olmasan, filmə çəkiləməsən, sən gəl ərizəni özün yaz, çıx". Mən də razılaşdım. Fikirləşirdim ki, mən 1 il ərzində çəkilməsəm, çıxıb gedərəm rayona, orada klubda işləyərəm. Allahın bəxşişi oldu mənə ki, o ildə mən "Nəsimi" filminə dəvət aldım".
Həmin il ölkədə "Nəsimi ili" elan olunmuşdu. Bu filmin çəkilişinə böyük pul ayrılmışdı. Məhz birinci katib Heydər Əliyevin istəyi ilə film Həsən Seyidbəyliyə həvalə olunmuşdu. Bircə mübahisə Nəsimi obrazını üstündə oldu. Filmin rejissoru bu obrazı gənc və kinoda heç bir təcrübəsi olmayan aktyora həvalə etdiyini bildirəndə, onu bu fikrindən danışdırmağa çalışıblar. Mərkəzi Komitə başqa adamları təklif edirdi, amma rejissor Rasim Balayevdən əl çəkmədi: "Heç kim, heç özüm də inanmırdım ki, məni "Nəsimi" filminə, baş rola çəkə bilərlər. Çünki, eşitmişdim ki, filmə məşhur adamları çəkəcəklər. Nədənsə Seyidbəylinin gözü tutdu məni. Hətta ona bunu irad da tutmuşdular ki, heç yerdə çəkilməyən aktyoru necə baş rola çəkə bilərsən? Seyidbəyli mənimlə psixoloji hissələri məşq etdi. Onda inam yarandı ki, mən o rolu oynaya bilərəm".
Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev, Muxtar Manıyev kimi həmin dövrdə sənətdə sözünü demiş sənətkarlar gənc Rasim Balayevin tərəf müqabili olub. Rasim müəllim bildirir ki, həmin sənətkarlar gənc aktyora yardım edib: "Biraz çəkinirdim, fikirləşirdim ki, alınmaz. Filmin qəhrəmanı uğursuz olandan sonra o film kimə lazım idi? Mən çəkilməyəndə gəlib onların roluna baxırdım ki, görüm onlar necə oynayırlar. Allah rəhmət etsin hər birinə, onlar də mənə hörmətlə yanaşırdılar. Onlar mənə ürək-dirək verirdilər. Mənim film təcrübəm olmasa da, televiyada canlı tamaşalar oynayırdım. O mənə yardım etdi. Sonralar da rol almadığım filmlərin də çəkiliş meydançasına gedirdim baxırdım ki, görüm aktyorlar necə oynayır".
"Nəsimi"nin edam səhnəsi o qədər təbii alınmışdı ki, həmin dövrdə tamaşaçıların əksəriyyəti bunun həqiqət sanıb böyük sarsıntı keçiriblər: "Bir gün kinostudiyada dedilər ki, bir qadın uşaqla səni gözləyir. Dedi "a bala, bu uşaq bir dəfə təəsadüfən "Nəsimi" filmi gedən vaxt "soyulma" səhnəsini görüb, psixologiyası pozulub. Həkimə apardıq, həkim də deyib ki, gedin ona Rasim Balayevi göstərin, o bilsin ki, bu filmdi, yalandı, ayağını soymayıblar". Uşağı nənəsi ilə birlikdə apardım evimizə, albomu qoydum qarşısına, bütün şəkilləri göstərdim. Sonra corabımı çıxartdım, dedim "bax görürsən, mənim ayağım soyulmayıb".
Qeyd edək ki, "Nəsimi" filminin böyük bir hissəsi Xanəgah abidəsinin ətrafında çəkilib. Bu da təsadüfi deyil. Mənbələrdə qeyd olunur ki, İmadəddin Nəsimi dövrünün görkəmli ariflərindən təhsil aldıqdan sonra hürufi Fəzlullah Nəiminin xidmətinə girib, onun tərbiyə və təlimlərindən bəhrələnib. Səfərlərinin hamısında mürşidi Nəimi ilə yol yoldaşı olub və onun qızı ilə evlənib. Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınıb və onun əsas müddəalarını təbliğ edib. Elə buna görə də "Nəsimi" təxəllüsünü seçib.
Rejissor Həsən Seyidbəylinin quruluş verdiyi bu filmin çəkilişində Xanəgah kəndinin sakinləri yaxından iştirak ediblər. "Nəimi" türbəsində bələdçi kimi çalışan Sabirə Məmmədova filmlə bağlı bəzi maraqlı məqamlara toxunub: "Sovet dövründə incəsənət nümayəndələrinə, kino xadimlərinə çox böyük hörmət var idi. O film çəkiləndə kəndimiz toy-bayram ab-havasında idi. Hamı işini atıb rejissora, aktyorlara kömək etməyə çalışırdı. Seyidbəylini, İsmayıl Dağıstanlını, Rasim Balayevi və başqa aktyorları yaxından görmək bizim üçün böyük fəxr idi".
Yerli əhali filmin heyətinə kömək etməklə yanaşı, batal (döyüş) səhnələrin çəkilişində də iştirak ediblər. Filmin kuliminasiya nöqtəsi — Nəsiminin dərisinin soyulması səhnəsi də məhz həmin kənddə lentə alınıb. Sabirə xanım deyir ki, həmyerliləri həmin səhnəni real qəbul ediblər: "İndi hamı, hətta ən ucqar kənddə belə, kinonun necə çəkildiyi haqda, qismən də olsa, məlumatlıdır. Amma o dövrdə elə deyildi. Qeyd olunan epizod çəkiləndə qadınlar fəryad edirdilər. Hamı buna inanırdı. Neçə müddət bunun şokunu yaşadılar. Elə bilirdilər, həqiqətən də Rasim Balayevin dərisi soyulur. Elə rejissora da bu lazım idi".
Məlumat üçün bildirək ki, "Nəsimi" filmi yazıçı İsa Hüseynovun "Məhşər" romanı əsasında lentə alınıb. Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin tərənnümçüsü olan İmaməddin Nəsimiyə həsr olunub. Film şairin 600 illik yubileyi münasibətilə çəkilib. Müəlliflər çəkilişinə 1972-ci ildə başlanan ekran əsərində həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün görkəmli nəsimişünasların, filoloqların, sənətşünasların məsləhət və təkliflərindən istifadə ediblər. Rollarda Rasim Balayev, Xalidə Quliyeva, İsmayıl Osmanlı, Yusif Vəliyev, Məmmdrza Şeyxzamanov, Kamal Xudaverdiyev, Muxtar Manıyev, Əbdül Mahmudov, Səməndər Rzayev, Almaz Əsgərova, Tofiq Mirzəyev və başqaları çəkilib. "Nəsimi" filmi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə mükafat alıb.
Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayev II mükafatı qazanıb.
Xəbər lenti
0