Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pərviz Şahbazov Buxarestdə yaşıl enerji ilə bağlı keçirilən iclasa qatılıb

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidPərviz Şahbazov
Pərviz Şahbazov - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Abunə olmaq
Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin dördüncü iclasının yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi razılaşdırılıb.
BAKI, 26 iyul — Sputnik. Rumıniyanın paytaxtı Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib.
Energetika Nazirliyindən bildiriblər ki, tədbirdə Azərbaycanı energetika nazir Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Rumıniyanı energetika naziri Sebastian Ioan Burduja, Macarıstanı isə Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Peter Sztaray təmsil ediblər. Görüşdə, həmçinin Bolqarıstanın və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər.
İclasda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, müvafiq ölkələrin sistem operatorlarının iştirakı ilə təsis olunan birgə müəssisə Saziş çərçivəsində yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün məsul qurum olmaqla, Rəhbər Komitə qarşısında cavabdehlik daşıyacaq.
Tədbirdə layihənin Qara dənizlə bağlı ilkin mərhələsinin texniki-iqtisadi əsaslandırılmasının bu ilin oktyabr ayında başa çatacağı bildirilib, həmçinin "Xəzər dənizi – Avropa İttifaqı yaşıl enerji dəhlizi"nin texniki tapşırığı təsdiq edilərək layihənin texniki-iqtisadi əsaslandırmasının koordinasiyası katiblik funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə həvalə edilib.
Sonda yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin dördüncü iclasının yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi razılaşdırılıb.
Xatırladaq ki, "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" 2022-ci il dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Macarıstanın Baş naziri Viktor Orban tərəfindən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Buxarestdə imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0