Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyib? - İnflyasiya xərcləri artırıb

© Sputnik / Murad OrujovРабота супермаркета в Баку за день до ужесточения карантина
Работа супермаркета в Баку за день до ужесточения карантина - Sputnik Azərbaycan, 1920, 21.07.2023
Abunə olmaq
Alıcıların xərclədiyi vəsaitin 52 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının,12,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf edilib.
BAKI, 21 iyul — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 432,5 manat pul xərcləyib. Bu göstərici 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 59 manat və ya 15,8 faiz çoxdur.
Pərakəndə ticarətdə 432,5 manat xərcin 244 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 188,5 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
"Xərclərin artmasının əsas səbəbi inflyasiyadır"
Ekspertlərin sözlərinə görə, ölkəmizdə adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Keçən il ölkəmizdə inflyasiya yüksək olub və bu il də inflyasiya davam edir. Ona görə də adambaşına düşən xərclər artır. Eyni məhsulu almaq üçün keçən il daha az, bu il isə daha çox vəsait sərf olunur.
Ekspertlərin fikrincə, lakin növbəti aylarda ölkədə inflyasiyanın azalacağı gözlənilir.
Azərbaycanda ərzaq inflyasiyasının artım tempi azalır
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda orta illik ərzaq inflyasiyası 15,1 faiz olub. Bu ilin 6 ayında təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (11,4 faiz), ödənişli xidmətlərin qiymətləri (10,5 faiz) də bahalaşıb. Lakin ölkəmizdə ərzaq inflyasiyasının artım tempi azalır. Belə ki, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda orta illik ərzaq inflyasiyası 15,8 faiz, 2023-cü ilin yanvar-aprel aylarında 16,6 faiz, 2023-cü ilin yanvar-mart aylarında isə 17,1 faiz olub.
Pərakəndə ticarət dövriyyəsi artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,3 milyard manatlıq, o cümlədən 14,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,2 faiz artıb.
Xərclərin 52 faizi ərzaqların alınmasına gedib
2023-cü ilin birinci yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,0 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 12,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Əhalinin dərman xərcləri azalır
Bu ilin 6 ayında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 624,6 milyon manat pul xərcləyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azdır.
"Bu il Azərbaycanda orta illik inflyasiya 10,4 faiz proqnozlaşdırılır"
Xatırladaq ki, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib ki, Mərkəzi Bankın inflyasiyanın azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri və hökumət tərəfindən atılan addımları nəzərə almaqla, bu il orta illik inflyasiyanın 10,4 faiz olması proqnozlaşdırılır.
Prezident: "İlin sonunadək inflyasiya birrəqəmli səviyyəyə düşə bilər"
İyulun 11-də Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər.
İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir - Sputnik Azərbaycan, 1920, 20.07.2023
İlham Əliyev, arxiv
Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblərin də olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil".
İnflyasiya üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılıb
İyulun 15-də Baş nazir Əli Əsədov "İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə" sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, ölkədə inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini nəzərə alaraq, qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün mühüm işlər görülüb. Bu istiqamətdə həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaradıb. Bununla belə, ölkədə inflyasiyaya təsir göstərən faktorların müəyyən olunması, qiymət dinamikasının monitorinqi və təhlil sisteminin daha da gücləndirilməsi, bu istiqamətdə sıx koordinasiya çərçivəsinin formalaşdırılması iqtisadi artımı və sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunması baxımından vacibdir.
Sərəncama əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrup yaradılıb.
Onu da əlavə edək ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kassa - Sputnik Azərbaycan, 1920, 20.06.2023
İQTİSADİYYAT
Azərbaycanda bir ölkə sakini ayda nə qədər pul xərcləyib - Artım var
Xəbər lenti
0