CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Restoranların xidməthaqqı tələsi: Müştərilər hansı hallarda aldadılır?

© Sputnik / Murad OrujovBakıda restoranda
Bakıda restoranda - Sputnik Azərbaycan, 1920, 16.07.2023
Abunə olmaq
Eyyub Hüseynov bildirib ki, əgər istehlakçıya servis haqqının olması ilə bağlı əvvəlcədən məlumat verilmirsə, bu halda restorandan şikayət etmək olar.
BAKI, 16 iyul — Sputnik. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Sputnik Azərbaycan-ın restoranlarda vətəndaşlardan yüksək məbləğdə servis haqqı tələb olunması barədə sorğusuna cavabında bildirib.
Qurum qeyd edib ki, istehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla təqdim edilməlidir. İctimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən asılı olaraq, istehlakçılara əlavə (ödənişli) xidmətlər də göstərə bilərlər. Əlavə xidmətlərin dəyəri menyu və ya preyskurantda əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir!
Qurumdan onu da bildiriblər ki, restoranlarda göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə icraçı ona aşağıdakı məlumatları təqdim etməlidir:
• Xidmətlərin siyahısı və icra şərtləri;
• Xidmətlərin qiymətləri və ödəniş şərtləri;
• Təklif olunan iaşə məhsullarının firma adı və tərkibi;
• Təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri;
• İstehsal olunan iaşə obyektlərində hazırlanan məhsulların və göstərilən xidmətlərin istinad edildiyi sənəd (resept).
İctimai iaşə obyektində menyu qanunvericiliyin tələblərinə uyğun olaraq dolğun tərtib olunmazsa, həmçinin obyektdə ümumiyyətlə menyu olmazsa, bu İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən, qiymət intizamının pozulması halı kimi sahibkarın səkkiz yüz manatdan min manata qədər cərimələnməsinə səbəb ola bilər.
Cari ildə ictimai iaşə obyektlərində istehlakçılara təqdim edilən menyuların düzgün tərtib edilməməsi və ümumiyyətlə menyuların olmaması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 26 vətəndaş müraciətinin araşdırılması zamanı təqdim edilən sübutlar əsasında 1 hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilmişdir. Eyni zamanda son 6 ay ərzində ictimai iaşə (kafe və restoran) sektorunda istehlakçıların hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə bu sahədə mövcud qanunvericiliyin tələbləri əks olunmuş bildiriş və menyunun nümunəvi forması hazırlanıb. 2022-ci ilin əvvəlindən bugünədək 3913 iaşə obyektinə paylanılması təmin olunub.
Bundan əlavə, istehlakçılar məhsul və xidmətlər barədə ətraflı və düzgün məlumatın öncədən təqdim edilməməsi halları ilə rastlaşdıqda, ictimai iaşə obyekti barədə dəqiq məlumatları (ad, ünvan) təqdim etməklə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi - https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif, elektron poçt - office@competition.gov.az və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Novxanıda 25% xidməthaqqı tutan istirahət mərkəzi
Qeyd edək ki, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində müştəridən alınan hesabda yüksək məbləğdə xidmət haqqının tutulması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müştəri 53 manat 20 qəpik xidməthaqqı tutulmasından şikayət edib. Belə ki, müştərinin sifariş etdikləri 266.25 manat təşkil edib. Hesabdan əlavə müştəridən 53.25 manat xidməthaqqı tələb olunub. Qəbzdə qeyd edilib ki, sifarişin ümumi məbləğindən 25 faiz xidməthaqqı tutulur.
"My Beach" istirahət mərkəzindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, şou proqramlar üçün servis 25, kabinetlər üçün isə 10 faizdir. İstirahət mərkəzindən xidmət haqqı üçün vəsaitin müştəridən tələb olunmasının kassa çekində də öz əksini tapdığını, qanuni olduğunu bildirdilər.
Müştəridən məcburi xidməthaqqı tələbi qanunsuzdur
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müştəridən məcburi xidməthaqqı tələb edilməsi qanunsuzluqdur. Bu, istehlakçının cibinin soyulmasıdır.
"Onsuz da dünyanın əksər ölkələrində müştəri restoranda yemək yedikdə ona xidmət göstərən ofisianta ödəniş verir. Amma bunu müştəridən məcburi tələb etmirlər. Xidmət haqqını müştəri könüllü şəkildə verir. Amma son illər restoran sahəsində özbaşınalıq baş alıb gedir. Azərbaycanda sahibkarlar xidmət haqqını ayrıca göstərməklə müştəridən bunu məcburi tələb edirlər. Bu istehlakçı hüquqlarının pozulması və vətəndaşların aldadılmasıdır" - E.Hüseynov bildirib.
Eyyub Hüseynov onu da qeyd edib ki, restoranlar istehlakçıları öncədən servis haqqı barədə məlumatlandırmalıdır. İstehlakçı bilməlidir ki, hesabı ödəyəndə ondan nə qədər servis haqqı tələb olunacaq. Əgər istehlakçıya servis haqqının olması ilə bağlı əvvəlcədən məlumat verilmirsə, bu halda restorandan şikayət etmək olar.
AİB sədrinin sözlərinə görə, istehlakçıdan servis haqqının tələb olunması turizmin inkişafına da böyük zərbədir:
"Son illər Azərbaycanda "servis haqqı" dəbə düşüb. Yaxşı olardı ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu problemin qarşısını almaq üçün ciddi addımlar atsın".
Eyyub Hüseynov deyib ki, hər restoranın öz istəyinə uyğun xidmət haqqı tələb etməsi absurddur.
Qeyd edək ki, dünyanın əksər ölkələrində restoranlarda xidmət haqqı ayrıca hesaba daxil edilir. Türkiyədə restoranlarda müştəridən 20 faiz civarında servis haqqı tələb olunur. İsveçdə bu məbləğ 25 faiz, Niderland restoranlarda isə 30 faizə yaxındır.
Restoranlar hansı halda xidməthaqqı ala bilərlər?
Hüquqşunas Əkrəm Həsənov bildirib ki, vətəndaşın verdiyi 25% xidmət haqqını restorandan geri almaq imkanı var:
"Müqavilə iki formada bağlanılır, şifahi və yazılı. Yazılı müqavilə aydındır, şərtlər göz önündə olur. Şifahi müqavilə fərqlidir. Müqavilə şifahi bağlanılırsa, qarşı tərəf, yəni xidmət göstərən şəxs qiyməti əvvəldən bəyan etməlidir. Restorana gedəndə menyu verilir və orada qiymətlər göstərilir. Əgər orada xidmət haqqı da varsa, bu barədə əvvəldən məlumat verilməlidir. Ola bilsin restoranda haradasa bu barədə yazılıb, amma müştəri bunu görməyə, fikir verməyə bilər. Çünki heç kəs bunu gözləmir. Buna müqavilənin standart şərtləri deyirlər. Əgər istehlakçıya sahibkar nəsə satırsa, xidmət göstərirsə və onun şərtlərində qeyri-adi gözlənilməz nəsə varsa, bu, istehlakçının maraqlarına ziddirsə, sahibkar öz hüquqlarından istifadə edirsə, həmin şəxs etibarsızdır. Əgər restoran yazırsa ki, xidmət haqqı 5%-dir, bu, gözləniləndir, amma 25% gözlənilməz şərtdir".
Əkrəm Həsənov əlavə edib ki, belə bir yazılı şərt varsa və müştəri onu görməyibsə, bu halda da o şərt etibarsızdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0