SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazirlər Kabineti və ETSN Söyüdlüdə baş verənləri malalamaq istəyir - İlham Əliyev

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib - Sputnik Azərbaycan, 1920, 11.07.2023
Abunə olmaq
Prezident İlham Əliyev Söyüdlüdə baş verənlərlə bağlı dövlət qurumları və xarici şirkətlərə sərt təpki verdi: "İnsanlar Gədəbəydə haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olmayıb"
BAKI, 11 iyul — Sputnik. Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən ekoloji fəlakətə münasibət bildirib.
Ekoloji tarazlıqla bağlı məsələlərdən bəhs edərkən deyib ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub:
"Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar. Yəni, bütün bu peyk görüntüləri bizdə var. İndi transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Espo Konvensiyasına, bunu hər kəs internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik.
Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır. Bizim vətəndaş cəmiyyətimiz bu addımı atır, çox yaxşı, amma baxmaq lazımdır, rəsmi xətlə, yəni, dövlət xətti ilə hansı təşkilatlara hansı müraciətlər ünvanlanmalıdır ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin. Əgər onlar hansısa müəssisə yaratmaq istəyirlərsə, bizim buna, əlbəttə ki, münasibətimiz ola bilməz. Onların daxili işidir. Amma əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də Araz çayına, Oxçu çayına töküləcəksə, bu, bizim məsələmizdir. Biz buna necə imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri qanun çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıyıq. Ona görə bu tapşırığı verirəm, siz baxın, hansı hüquqi yollar var ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin".
İnsanlar Gədəbəydə haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olmayıb
İlham Əliyev bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı onun göstərişi əsaında dövlət proqramının qəbul edildiyini xatırladıb. Qeyd edib ki, bu, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır və onun tam icra ediləcəyindən əmindir:
"Çünki bu proqram bizim öz resurslarımıza əsaslanıb. O cümlədən mən nə üçün bunu indi dilə gətirirəm, orada Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi "yaşıl enerji" zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur - ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını "yaşıl enerji" ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də "yaşıl enerji"ni ixrac edəcəyik".
Ölkəmizin böyük hissəsinin artıq rəsmən "yaşıl enerji" zonası elan edildiyini vurğulayan Prezidnet bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisənin tamamilə qəbuledilməz olduğunu deyib:

"Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil".

Xaricdəki təxribatçılar da məsuliyyətə cəlb ediləcək
İlham Əliyev həmin hadisələr fonunda baş vermiş təxribatları da xatırladıb:
"Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik".
Ölkə başçısı qeyd edib ki, vətəndaşlar həm mədəniyyət, həm mərifət göstərməli, qanuna tabe olmalıdırlar:

"Polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar".

Gədəbəydə baş verən hadisənin təbii səbəbi var idi
Bununla belə, Prezident qeyd edib ki, Gədəbəydə baş verən hadisənin təbii səbəbi var idi. O da ondan ibarətdir ki, xarici şirkət bura pul qazanmağa gəlib:

"Biz etiraz eləmirik, investisiya qoyub, iş yerləri yaradıb. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir?!"

Nazirlər Kabinetinin açıqlamasını oxuyan heç nə başa düşə bilməz...işi malalamaq istəyirlər
İlham Əliyev gedib camaatla danışmaq, torpağın, havanın nümunələrini götürmək, beynəlxalq ekspertləri cəlb etmək barədə tapşırıq verdiyini də diqqətə çatdırıb:
"Çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın. Onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram".
"Polisə daş atan utanmalıdır - öz ailəsi qabağında, uşaqları qabağında, ailə üzvləri qabağında, ictimaiyyət qabağında. Çünki o eybəcər mənzərəni ictimaiyyət görüb. Ona görə mən tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur", - Əliyev əlavə edib.
Xarici və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər
Dövlət başçısı burada işləyən xarici şirkətləri də Azərbaycan qanunlarına hörmət bəsləməyə çağırıb:
"Burada işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Baxmayaraq ki, pay bölgüsü haqqında saziş əsasında xarici investor Gədəbəydəki qızıl yataqlarını istismar edir, baxmayaraq ki, uzun illər burada çalışır, Azərbaycan qanunlarına, ekoloji tarazlığa - bütün bunlara hörmət edilməlidir. Onu da bildirməliyəm ki, bizim dövlət şirkətimiz "AzerGold" da qızıl yataqları istismar edir. Amma mənə verilən məlumata görə, o sahədə bütün ekoloji normalara riayət edilir. O cümlədən yerli icmalarla təmaslar qurulub, müxtəlif humanitar aksiyalar keçirilir, insanlar kütləvi surətdə işə cəlb olunub.
Bax, bu yanaşma Azərbaycan şirkəti tərəfindən göstərilən yanaşmadır. O yanaşma isə xarici şirkət tərəfindən göstərilən yanaşmadır. Bu, dözülməzdir. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər. Əgər bu günə qədər dəvət edilməyiblərsə, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər. Yenə də deyirəm, bir həftə ərzində mənə və ictimaiyyətə məlumat verilməlidir. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!"
Öz ölkələrində onları ayaqlarından asardılar
Prezident onu da vurğulayıb ki, bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir. Elələri öz ölkələrində ekologiyaya belə münasibət bəsləyə bilməzlər:

"Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər. Onları orada ayaqlarından asardılar. Elə iş verərdilər ki, ömürlərinin sonuna qədər həbsxanada yatardılar. Amma burada hesab edir ki, nə istəyir onu da edir. Çünki gedib kimisə görüb, kiməsə salam verib, gedib kiməsə nəsə pay verib. Bunun başqa izahatı ola bilməz. Dözülməz haldır - bütövlükdə həm oradakı təxribatçıların hərəkətləri, həm xarici şirkətin fəaliyyəti, həm də bizim nazirliyimizin fəaliyyəti".

Yeganə özünü ləyaqətlə aparan Azərbaycan polisi idi
İlham Əliyev deyib ki, burada yeganə olaraq özünü ləyaqətlə aparan Azərbaycan polisi idi və bunu hər kəs bilməlidir:
"İndi bəziləri ağızlarını büzürlər. Gedin, açın gözünüzü baxın, Amerika polisi ildə neçə nəfəri öldürür - 1000 nəfəri. Fransa polisi neçə nəfəri öldürür və nəyə görə öldürür? Bu yaxınlarda Fransa polisinin əməllərini bütün dünya gördü. Mən onlara bəraət qazandırmıram, o dözülməzdir. Əfsuslar olsun ki, insanları öldürən o polisin mütləq əksəriyyəti məsuliyyətdən yayınır. Bir müddətdən sonra onları ya ümumiyyətlə məhkəmədə buraxırlar, ya da ki, şərti iş verirlər. Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. İndi kimsə gəlsin, polisə ləkə vursun. Mən buna imkan verməyəcəyəm və hər kəs bunu bilsin - təxribatçılar, o təxribatlara uyanlar və bütün ictimaiyyət".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0