Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiyadan buğda idxalı Azərbaycana daha ucuz başa gəlir

© AFP 2023 / SAKIS MITROLIDISBuğda
Buğda - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
Azərbaycan buğda idxalını artırıb. Bu ilin 4 ayında ölkəmizə buğda idxalının 66,7%-i Rusiyanın, 33,2%-i isə Qazaxıstanın payına düşüb.
BAKI, 29 iyun — Sputnik. Azərbaycan Rusiya və Qazaxıstandan buğda idxalını artırıb.
Rusiyadan 1 ton buğda 283 dollara gətirilib
Sputnik Azərbaycan Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2023-cü ilin yanvar-aprel aylarında Rusiyadan Azərbaycana 77 milyon 288 min dollar dəyərində 273 min 13 ton buğda idxal edilib. Beləliklə, Rusiyadan 1 ton buğda Azərbaycana orta hesabla 283 dollara gətirilib. Bu ilin 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan Azərbaycana buğda idxalı miqdar ifadəsində 71,6% artıb.
Qazaxıstandan 1 ton buğda 343 dollara gətirilib
Cari ilin 4 ayında Qazaxıstandan isə Azərbaycana 46 milyon 702 min dollar dəyərində 136 min 26 ton buğda gətirilib. Qazaxıstan buğdasının 1 tonu Azərbaycana orta hesabla 343 dollara idxal edilib. Bu ilin 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Qazaxıstandan Azərbaycana buğda idxalı miqdar ifadəsində 50% artıb.
Cari ilin 4 ayında Azərbaycana buğda idxalının 66,7%-i Rusiyanın, 33,2%-i isə Qazaxıstanın payına düşüb.
Buğda idxalı artıb
Qeyd edək ki, ümumiyyətlə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 123 milyon 990 min dollar dəyərində 409 min 39 ton buğda idxal edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 17,8%, miqdar ifadəsində 32,7% artıb.
Respublikanın 61 rayonunda biçin gedir
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, respublikada taxıl biçini prosesi sürətlə davam edir. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,8 sentner, buğda üzrə isə 33,3 sentner təşkil edir. Hazırda respublikanın 61 rayonunda biçin gedir. Biçin prosesinə 1446 kombayn cəlb olunub. Ölkə üzrə biçin aparılmış sahələrin 83995 hektarı "Aqroservis" ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib. "Aqroservis" ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.
"Bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir" - nazirlik bildirib.
Baş nazir: "Əsas ərzaq mallarının ehtiyatının yaradılmasına dair iş gedir"
Xatırladaq ki, Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycanda əsas ərzaq mallarının ehtiyatlarının yaradılması istiqamətində də ciddi iş aparılır və bunun nəticəsində hökumət əhalini zəruri ərzaq məhsulları ilə təmin etməyə nail olub.
Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə 2022-ci ilin iyul ayında Nazirlər Kabineti buğda ilə özünü təminetmə səviyyəsinin artırılması və yerli istehsalçılara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar sərəncam verib. Dövlət Taxıl Fondu ehtiyatlarının artırılması və ərzaq təminatının formalaşdırılması üzrə paralel tədbirlər görülür.
"Məhz bu məqsədlə 2021-ci ilin oktyabrında Prezident Dövlət Ehtiyatları Agentliyi yaradıb. Bu ilin yanvarında hökumət Dövlət Taxıl Fondunun ehtiyatları üçün idxal olunan taxıl və taxılın emalı məhsullarını gömrük rüsumundan azad edib", - deyə Baş nazir diqqətə çatdırıb.
Mart ayında Azərbaycanda un və çörək ucuzlaşıb
Dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma bu ilin mart ayında çörəyin qiymətinin enməsinə səbəb olub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlər aparır. Dövlət Xidmətinin məlumatına görə, monitorinq nəticələrinə əsasən, martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub. Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35.5 manat – 37.2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici 40.7 manat – 41.5 manat təşkil edirdi.
Beləliklə, son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.
Buğda istehsalı azalıb
2022-ci ildə Azərbaycanda 1 milyon 736,1 min ton buğda istehsal edilib. 2021-ci illə müqayisədə istehsal 7,9 faiz azalıb. Ötən il buğdanın məhsuldarlığı azalaraq 31,9 sentner olub. 2021-ci ildə məhsuldarlıq 32,9 sentner idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0