Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Magistraturaların jurnalistika ixtisasına qəbul üçün qeydiyyat başlayıb

© AFP 2023 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
İyunun 11-də keçirilən imtahanda iştirak etmiş şəxslər imtahan nəticələri elan olunduqdan sonra müsabiqə şərtlərini ödədikləri halda qeydiyyatdan keçə bilərlər.
BAKI, 13 iyun — Sputnik. Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2023-cü il iyunun 13-dən 16-dək Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/jurnalistikaanket) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. İyunun 11-də keçirilən imtahanda iştirak etmiş şəxslər (1-ci cəhd imtahanında müvafiq nəticəsi olmayanlar) imtahan nəticələri elan olunduqdan sonra müsabiqə şərtlərini ödədikləri halda qeydiyyatdan keçə bilərlər.
Namizədlər 2023-cü il iyunun 19-da "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2023-cü il iyunun 20-dən etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın "Şəxsi kabinet"inin hesabından çıxılır.
Bakalavrlar qeydiyyatdan keçərkən anket sorğusunu doldurmaqla yanaşı:
– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);
– təqdim edilən materialların müəllifə (bakalavra) məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışın skan edilmiş surətini də magistratura@dim.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:
– şəxsiyyətini təsdiq edən sənədi;
– "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni;
– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);
– təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.
Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.
Yalnız qabiliyyət imtahanından "məqbul" qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.
Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir.
Qabiliyyət imtahanının quruluşu təxminən aşağıdakı kimidir:
1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;
2. Şifahi müsahibə və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.).
Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:
1. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.
2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşünü, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələd olmasını və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və şəxsi keyfiyyətlərini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirməkdə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq verə bilərlər.
Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.
Bakalavrın hər bir bənd (hissə) üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (2 bənd üzrə maksimal bal: 10). Hər bir bənd üzrə ən azı 3, ümumilikdə qabiliyyət imtahanı üzrə isə 6 və daha çox bal toplamış bakalavrlar imtahandan "məqbul" qiymət almış hesab edilirlər, proqram və ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə ixtisaslaşmaları seçmək hüququ qazanırlar.
Xəbər lenti
0