Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Uşaqların sevimli Savalan babasının anım günüdür - VİDEO

© Photo : AZƏRTAC Sadıq Hüseynov
 Sadıq Hüseynov - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
İşlədiyi dövrlərdə filmlərdə çəkilməklə yanaşı, uşaq veriləşlərində də aparıcılıq edir ki, ömrünün sonlarında uşaqların sevimli Savalan babasına çevrildi
BAKI, 1 iyun — Sputnik. Bu gün, həm uşaqların, həm də böyüklərin Savalan baba kimi tanıdığı görkəmli aktyor Sadıq Hüseynovun doğum günüdür.
Sadıq Hüseynov 29 dekabr 1924-cü ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. Hələ ibtidai məktəbin dördüncü sinfində oxuyarkən Kürdəmir şəhər mədəniyyət evində fəaliyyət göstərən xalq teatrına üzv olur. Orada hazırlanan tamaşalarda müxtəlif rollarda çıxış edir. Yuxarı sinifdə oxuyarkən məktəblərdə müəllim çatışmazlığından müəllim kimi işləməyə başlayır. Orta məktəbi bitirdikdən sonra müəllimlik fəaliyyətini davam etdirir.
Böyük Vətən Müharibəsi başlayanda 18 yaşlı Sadıq Hüseynov ordu sıralarına çağırılır. Müharibə başa çatandan sonra o, Bakıya qayıdır və Gənc Tamaşaçılar Teatrında işə qəbul edilir. Teatr İnstitutunda təhsil alan Sadıq Hüseynov sonradan görkəmli rejissor Adil İsgəndərovun dəvəti ilə 1952-ci ildə Azərbaycan Dövlət Akademik Dram teatrına dəvət alır. Burada müxtəlif obrazlar yaradır. Akademik Dövlət Dram Teatrında səhnəyə qoyulan "Fərhad və Şirin"də Şiruyyə, "Otello"da Senator, "12-ci gecə"də Pavloni, "Vaqif"də Vidadi, "Od gəlini"ndə Yanardağ, "Xəyyam"da Əbu Tahir, "Həyat" pyesində Xəlil, "Günahsız müqəssirlər"də Dudukin, "Qaçaq Nəbi"də Qəhrəman rollarına qol-qanad, can vermişdi. Bu irili-xırdalı rollar Sadı Hüseynovu peşəkar aktyor kimi yetişdirir, sənət yolunu müəyyənləşdirirdi. Bu yolda o, həm də öz dəst-xəttini tapdı, öz sözünü deyə bildi...
Sonralar aktyor "Azərbaycanfilm" kinostudiyasında, Azərbaycan Televiziyası və Radiosunda işləyib.
Teatr və kinoda müxtəlif rollar oynamaqla yanaşı, həm də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin radio efirində də çıxışlar edir, verilişlər aparır, obrazlar yaradırdı.
İşlədiyi dövrlərdə filmlərdə çəkilməklə yanaşı, uşaq veriləşlərində də aparıcılıq edir ki, sonda uşaqların sevimli Savalan babasına çevrildi.. Sadıq Hüseynov irili-xırdalı, qısametrajlı-tammertrajlı 98 filmə çəkilib. Həmin filmlərdən "Axırıncı aşırım", "Tütək səsi", "Arxadan vurulan zərbə", "Qaçaq Nəbi", "Evlənmək istəyirəm", "Qəm pəncərəsi"ni sadalamaq olar.
Görkəmli sənətkar 1 iyun 2003-cü ildə vəfat edib.
Xəbər lenti
0