CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaqlar arasında dilənçiliyin qarşısını necə almaq mümkündür?

© AFP 2023 / JOSEP LAGOUşaq
Uşaq - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Ekspertlərin bu məsələdə fikirləri haçalanır.
BAKI, 1 iyun — Sputnik. Dilənçilik hallarının qarşısının alınması məqsədi ilə regionlarda açıq və qapalı tipli təlim-tərbiyə müəssisələrinin yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.
Bu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.
Qeyd edilib ki, yetkinlik yaşına çatmayanlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınması məqsədi ilə regionlarda açıq və qapalı tipli təlim-tərbiyə müəssisələrinin, eləcə də sosial sığınacaqların və reabilitasiya mərkəzlərinin yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.
Maraqlıdır, bununla ölkədə uşaqlar arasında dilənçilik hallarının qarşısı alınacaqmı, yaxud da daha hansı effektiv mübarizə üsullarından istifadə etmək olar?
"Azərbaycan Uşaqlar" birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dilənçilərlə, qaraçılarla iş aparılmalıdır ki, onların düşüncələri dəyişsin: "Təbii ki, bu şəxslərin düşüncələrin dəyişdirilməsi üçün də sosial rifah da düzəlməlidir. Bu qrupdan olan nə qədər adam tanıyıram ki, ünvanlı sosial yardım alır. Lakin bu ənənənin qarşısının alınması isitqamətində iş aparılmadıqca, onlar sosial rifahı deyil, məlum yolla pul əldə eləməyi düşünəcəklər. Bunun üçün ilk növbədə bu qrupdan olan şəxslərin icmasını formalaşdırmaq lazımdır. Öncə, bunu kim və necə edə bilər, onu düşünməliyik", - deyə o əlavə edib.
Həmsöhbətimiz düşünür ki, bu pilot layihəni öncə regionların birində yaratmaq olar:
"Bu şəxslərin ehtiyaclarını öyrənərək bir baza formalaşdırmaq olar. Bunun üçün ailə tərkibi öyrənillməlidir. Düzdür, bunların əksəriyyəti qeyri-rəsmi münasibətdədir. Onların həyat yoldaşlarının bir çoxu zərərli vərdişlərə aludə olan, soyğunçuluq edənlərdir, aralarında narkomanlar, dünyalarını dəyişənlər də var. Demək ki, bu şəxslər həssas qrupdurlar. Biz isə onları həssas qrup kimi qiymətləndirməkdə gecikirik. Lazım olan detalları müəyyənləşdirdikdən, belə bir icma formalaşdırdıqdan sonra onlarla hansı işlərin göüləcəyini müəyyənləşdirmək olar", - deyə o əlavə edib.
K.Ağazadə qeyd edir ki, bu şəxslər daha çox Yevlax, Bərdə, Ağdaş, Zaqatala, Ağstafada qeydiyyatda olsalar da, onların ən çox yerləşdikləri ərazilər Bakının Sabunçu, Binəqədi rayonları, Sumqayıt və Gəncədir.
Bəs nə edə bilərik?
Sosial rifah məsələsinə bir daha toxunan ekspert Macarıstanı nümunə olaraq göstərir, qeyd edir ki bu ölkədə şəhərin mərkəzi yerlərində belə şəxslər evlə təmin olunduqdan sonra problem demək olar ki, aradan qalxıb: "Yəni, bu şəxslər o cəmiyyətin içində formalaşaraq özlərini dəyişdilər. Biz nə qədər ki, onları özümüzdən biri olaraq görməyəcəyiksə, qaraçı adlandıracağıqsa, bu onların ənənəsidir, deyərək göz yumacağıqsa, bu vəziyyət elə belə də davam edəcək".
Hazırkı vəziyyətdə isə sığınacaqlar da acizdir
K.Ağazadə qeyd edir ki, bu yaxınlarda onların sığınacaqlarına roman qrupundan olan (qaraçı-red.) bir uşaq yerləşdirilsə də, azyaşlı yenidən ailəsinə geri qaytarılıb: "Həmin uşaq deyirdi ki, mən onsuz burdan çıxıb yenidən pul qazanacağam, ailəmə kömək olacağam. Bir neçə həftə sonra biz o uşağı ailəyə təhvil verdik. O uşağı ailəyə təhvil verməkdən başqa çıxış yolu yox idi. Nə edək? Belə uşaqların hamısını uşaq müəssisələrinəmi yerləşdirək? Məsələyə kompleks yanaşırıqsa, öncə uşaqların ailəsini dəyişdirməliyik. Yəni bu işi böyüklərdən başlamalıyıq. Böyükləri dəyişsək, kiçiklər də dəyişər".
Yəni, öncə bu sadalanan məsələləri icra etmək lazımdır ki, təlim-tərbiyə mərkəzləri açılarsa, bir nəticə əldə edə bilək.
Hüquqşünas Fariz Əkbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, beş yaşla on iki yaş arası uşaqlara necə təlim keçmək mümkün olacaq, bu sual doğurur: "Bu uşaqları diləndirmək cinayətdir. Cinayət Məcəlləsinə görə uşaqların diləndirilməsi insan alveri hesab edilir. Uşaqların diləndirilməsini qarşısını almaq üçün öncə böyüklərə təlim keçmək lazımdır".
"Öncə valideyn məsuliyyəti artırılmalıdır. Qeyd edim ki, diləndirilən uşaqlar arasında erkən qeyri-rəsmi münasibətdən doğulanlar çoxdur. Bu səbəbdən erkən münasibətlərlə də mübarizə aparmaq lazımdır. Amma dünya praktikasında da hansısa cinayətin yüz faiz qarşısın almaq mümkün deyil", - deyə o əlavə edib.
Qeyd edək ki, Dövlət Sttaistika Komitəsi tərəfindən 2022-ci ildə açıqlanan rəqəmərə görə Azərbaycanda validyen himayəsindən məhrum olan uşaqların sayı 1 559 olub, lakin diləndirilən uşaqlaırn sayı ilə bağlı konkret məlumat açıqlanmayıb.
Xəbər lenti
0