Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

​"Qara qızıl"ın neqativ təsirləri, yaxud Azərbaycanda iqtisadi artım niyə zəifləyib?

© Sputnik / Murad OrujovBakıda insanlar
Bakıda insanlar - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Abunə olmaq
Keçən il Azərbaycanda 4,6 faiz iqtisadi artım qeydə alınıb. Ekspertin sözlərinə görə, beynəlxalq təşkilatlar bu il Azərbaycanda 2 faizdən çox, hökumət isə 3 faizdən çox iqtisadi artım proqnozlaşdırır.
BAKI, 23 may — Sputnik. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında neft-qaz sektorunda 2,9 faiz azalma, qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artım baş verib.
2022-ci ilin yanvar-aprel aylarında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox ÜDM istehsal edilib, neft-qaz sektorunda 0,2 faiz, qeyri-neft-qaz sektorunda 11,4 faiz artım olub.
Ümumilikdə keçən il Azərbaycanda 4,6 faiz iqtisadi artım qeydə alınıb. Neft-qaz sektorunda 2,7 faiz azalma, qeyri-neft-qaz sektorunda isə 9,1 faiz artım baş vermişdi.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər ölkəmizdə iqtisadi artım sürətinin aşağı düşdüyünü göstərir.
İqtisadi artımın azalması ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, iqtisadi artımın zəifləməsi neft sektorunda azalma ilə bağlıdır. Neft sektoru Azərbaycan iqtisadiyyatının üçdə birini təşkil etdiyinə görə, bu sektorda azalma iqtisadi artımın zəifləməsinə təsir göstərir. Neft sektorunda geriləmənin əsas səbəbi isə hasilatın aşağı düşməsidir. Digər tərəfdən, həm neftin həm də qazın dünya bazar qiymətləri ucuzlaşıb.
"Beynəlxalq təşkilatlar bu il Azərbaycanda artım proqnozlaşdırır"
Ekspert növbəti aylarda isə iqtisadi artımın sürətlənəcəyini söyləyib: "Növbəti aylarda biz iqtisadi artımın sürətləndiyini müşahidə edəcəyik. Xüsusən bu ilin ikinci yarısında iqtisadi aktivliyin genişlənməsi iqtisadi artıma müsbət təsir edəcək. Beynəlxalq təşkilatlar bu il Azərbaycanda 2 faizdən çox, hökumət isə 3 faizdən çox iqtisadi artım proqnozlaşdırır".
"Neftin qiyməti neft sektoruna birbaşa təsir göstərir"
Milli Məclisin deputatı Vüqar Bayramov da Sputnik Azərbaycan-a deyib ki, ümumi daxili məhsulda aşağı faizli artımın qeydə alınması birbaşa neft sektorundakı azalma ilə bağlıdır. Neft sektoruna birbaşa neftin dünya bazar qiyməti təsir göstərir.
"Xüsusən də 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsi başladıqdan sonra neftin dünya bazar qiymətində kəskin artımlar müşahidə etdik. Nəticədə 2022-ci ilin 4 aylıq yekununda neft ixracatından əldə edilən gəlirlərin həcmi artdı. Bu da bütövlükdə ümumi daxili məhsulda 2022-ci ildə proqnozlaşdırılandan daha çox artımın qeydə alınmasına səbəb oldu", - Bayramov deyib.
"Neftin dünya bazar qiyməti ucuzlaşıb"
Lakin "qara qızıl" heç də həmişə üzləri güldürmür. İqtisadçı deputat deyir ki, Ümumi Daxili Məhsulun aşağı düşməsində onun birbaşa rolu var.
"Bu ilin ilk 4 ayında isə neftin dünya bazar qiymətləri əvvəlki illə müqayisədə aşağıdır. Bu da neft sektorunun gəlirlərinə təsir göstərir. Neft sektoru ümumi daxili məhsuldakı artım faizinə birbaşa təsir göstərir. Nəticədə biz ümumi daxili məhsulda daha aşağı faizli artımın qeydə alınmasını müşahidə etdik", - deyə deputat əlavə edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında ümumi daxili məhsul istehsalının 46,8 faizi sənaye, 8,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan neftinin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci illə müqayisədə ötən il Azərbaycan nefti 44,6 faiz bahalaşıb. Hazırda isə Azərbaycan neftinin 1 barelinin qiyməti 78 dollar ətrafındadır.
Xəbər lenti
0