Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Birinci siniflər üçün məktəb problemi: Qəribə prioritetlər və nazirin cavabı

© Sputnik / Murad OrujovMəktəb, arxiv şəkli
Məktəb, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.05.2023
Abunə olmaq
Emin Əmrullayev bəzi məktəblərdə birinci sinfə qəbulda yaranmış problemin həmin ərazilər üzrə məktəblərdə şagird sıxlığı ilə bağlı olduğunu bildirib.
BAKI, 16 may — Sputnik. Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilsə də, Abşeron, Xırdalan, Sumqayıt ərazilərində əksər məktəblərə şagird qeydiyyatında problem yaranıb.
Bu barədə sosial şəbəkələrdə valideynlər məlumat paylaşıb. Belə ki, sözügedən ərazilərdə məktəbin birinci sinfinə elektron qaydada şagird qeydiyyatdan keçirmək istəyən valideynlərdən məktəb seçimi zamanı priotetlər tələb olunur. Valideynlərin yazdığına görə, Xırdalanda yerləşən 1, 2, 3 saylı məktəblərə şagird qeydiyyatı zamanı eyni problem yaranır. Bu məktəblərə birinci sinfə şagird qəbuluna yalnız şagirdin bacı və qardaşı həmin məktəbdə təhsil alarsa, yaxud da valideyni həmin məktəbdə çalışarsa mümkündür. Əks halda bu prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu mümkün olmur.
Birinci sinfə qəbulda priotet problemi
Valideynlər bildirib ki, Xırdalanda yerləşən 1 saylı məktəbə yaxın ərazidə yaşasalar da, bu məktəbin birinci sinfinə şagird qeydiyyatı mümkün deyil.
Xırdalanda 1, 2, 3 nömrəli məktəblərə birinci sinifə şagird qəbulunu seçmək mümkün deyil. Elektron sistem həmin məktəblərdən birinə şagirdi yerləşdirmək üçün iki seçim verir:
1) Şagirdin bacısı, ya qardaşı həmin məktəbdə təhsil almalıdır:
2) Valideynlərdən biri həmin məktəbdə çalışmalıdır.
"Belə biabırçılıq dünyanın heç yerində yoxdur. Deməli, mən evimin yanında olsa da, həmin məktəbdə çalışmıramsa və ya qeydiyatdan keçirəcəyim uşaqdan böyük uşağım yoxdursa, o məktəblərdən birini seçə bilmərəm. Bu hansı ağlın, hansı məntiqin, hansı təfəkkürün məhsuludur?" - deyə valideynlər sosial şəbəkədə mövcud qaydaya etiraz edirlər.
Valideyn Elvin Əhmədov bu problemlə bağlı "Ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların 1-ci sinfinə elektron sənəd qəbulu sistemi"nə şikayət edib. Onun sözlərinə görə, şikayətini elektron sistemdə əlaqə bölməsindən Abşeron-Xızı rayonları üzrə təhsil sektoru cavablandırıb. Həmin cavabda bildirilib ki, Xırdalan rayonu 1, 2 və 3 saylı məktəblərin birinci sinfinə qəbul priotet üstünlüklərə əsasən aparılır. Bu ümumtəhsil müəssisələrinin boş qalan yerlərinə may ayının 22-dən etibarən prioritetsiz şagird qəbuluna başlanılacaq.
Sputnik Azərbaycan problemin nədən qaynaqlandığını araşdırıb.
Bu gün keçirdiyi brifinqdə problemə toxunan Elm və Təhsil Naziri Emin Əmrullayev Abşeron məktəblərində birinci sinfə qəbulda yaranmış çətinliyin şagird sıxlığı bağlı olduğunu bildirib. Nazir qeyd edib ki, bəzi məktəblərə priotetlərin tətbiq edilməsi vacibdir. Amma o, ərazi üzrə qeydiyyatda olan şəxslərin övladlarının yaşadığı yer üzrə məktəbə qəbul olunacağını bildirib. Nazir belə problemlə qarşılaşan şəxsləri Nazirliyə müraciət etməyə səsləyib.
Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, Bakı, Abşeron və Sumqayıtda məktəblərdə ciddi şagird sıxlığı var. Problemin yaranmasına səbəb bölgələrdən Bakı və Abşerona axının olmasıdır. Buna görə də, məktəblərin çoxunda şagird qəbulunda priotetlər üzrə üstünlüklər müəyyənləşib və valideynlərin bir qismi məktəb seçimində bu cür problemlə üzləşir:
"Məktəblərdə şagird qəbuluna prioritet mütləq qoyulmalıdır. Prioritet üzrə üstünlük tələbi qoyulmasa, həmin məktəblərdə digər övladı təhsil alan valideynlər çətinliklə üzləşəcəklər. O zaman həmin valideynlər bir övladını yaxınlıqdakı məktəbə, digər övladını isə başqa məktəbə qoymalı olacaqlar".
"Prioritetlər üzrə qəbuldan sonra digər uşaqlara da qəbula şərait yaradılmalıdır"
Onun sözlərinə görə, bununla belə, şagird qəbulunda prioritet qoyulan məktəblərdə də üstünlüklərlə qəbul başa çatdıqdan sonra digərlərinə qəbula şərait yaradılmalıdır: "Prioritetin tələbi ilə şagird müraciəti başa çatdıqdan sonra məktəbə yaxın yaşayan digər şəxslərin də müraciətinə baxılmalıdır".
K.Əsədov onu da bildirib ki, şagird qəbuluna prioritet üstünlüklər daha çox çoxsaylı müraciətlər olan məktəblərə qoyulur. Bu hüquqpozma kimi qiymətləndirilsə də, məcburiyyətdən yaranır.
Ekspert bəzən prioritetlər tətbiq edilən məktəblərdə şagird qəbulunda sui-istifadə hallarına yol verildiyini, məktəbdə yer olmadığı bəhanəsilə rüşvət alınması hallarına da rast gəlindiyini söyləyib.
Yeni korpuslar, məktəblər tikilməlidir, amma...
K.Əsədov söyləyir ki, mövcud problemin həlli üçün məktəblərin yeni korpusları inşa olunmalıdır. Hazırda çıxış yollarından biri iki və üçmərtəbəli məktəbləri söküb yerində dördməktəbli məktəblər inşa etməkdir. Digər yol isə imkan daxilində boş yerlərdə yeni məktəblər tikməkdir.
Ekspertin fikrincə, Bakıda boş yer az olduğundan sıxlıq olan ərazilərdə yeni məktəblər inşa etmək olmur. Ona görə də, paytaxtda problem günü-gündən böyüyür. Bu gün ən yaxşı halda Hövsan, Qala, Türkan kimi ərazilərdə yeni məktəb binaları tikməyə yer tapmaq olar. Bakının nəinki mərkəzində, Binəqədi, Xırdalan, Masazır kimi qəsəbələrində məktəb inşa etməyə boş torpaq sahəsi qalmayıb.
Prezidentin qaldırdığı problem hələ də öz həllini tapmayıb
Xatırladaq ki, Abşeronda şagird sıxlığı problemini hələ 2019-cu ildə, Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi qəbul edərkən gündəmə gətirmişdi. Prezident bildirmişdi ki, hələ də məktəblər var ki, orada uşaqlar üç növbədə oxuyurlar. Çünki əhali artır. Müstəqillik dövründə əhali üç milyon artıb. İndi bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər:
"Ona görə mən tapşırıq vermişəm və aidiyyəti qurumlar bu işlərlə çox ciddi məşğuldurlar, xüsusilə Abşeron rayonunda - orada böyük problemlər var. Üç növbədə oxuyan uşaqlar var. İndi yeni məktəblər üçün yer axtarırıq və bu da çox ciddi bir prosesdir".
Məlumat üçün bildirək ki, 2020-ci ildə Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın təsdiq edilməsi haqqında" qərarı təsdiqləyib. Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Burada qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələrində bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.
Qeyd edək ki, Bakıda sıxlıq səbəbindən əksər məktəblərdə 1-ci siniflərə qəbul prioritetlər üzrə üstünlüyə əsasən aparılır. "Ankara məktəbi" məktəb-lisey, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, "Zəngi" liseyi və 160 nömrəli klassik gimnaziyanın rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Bu məktəblərdə Azərbaycan bölməsinə qəbul müsabiqə əsasında aparılmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0