CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: Fransa Ermənistanın "böyük bacısı" kimi tərəfsizliyini nümayiş etdirə bilməyib

© Photo : APAMillət vəkili Qüdrət Həsənquliyev
Millət vəkili Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Abunə olmaq
Deputatın sözlərinə görə, Ərdoğanla İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini o səviyyəyə qaldırıb ki, orada hansısa hakimiyyət dəyişikliyi də bu münasibətlərə ciddi ziyan vura bilməz.
BAKI, 12 may - Sputnik. “Ermənistan çox təəssüf ki, 44 günlük savaşdan nəticə çıxarmayıb. Onlar yenə də münaqişəni uzatmaq, hansısa möcüzələrin baş verəcəyini gözləməkdədirlər”.
Bu fikirləri Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Ermənistanda indi də düşünürlər ki, bölgədə yeni geosiyasi dəyişikliklər baş verəcək və bundan sonra onlar istədiklərinə nail olacaqlar:

“Çox təəssüf ki, bizim daxilimizdə də məhz ermənilərin güvəndiyi dairələrə bağlı müəyyən insanlar bu cür düşünürlər. Amma cənab Prezident Şuşada bəyan etdi ki, geosiyasi dəyişikliklər Azərbaycanı daha da gücləndirəcək və gücləndirir. Ona görə də onlar nahaq yerə bu cür ümidlərə qapılıb, pozuculuq fəaliyyəti ilə məşğuldurlar. 30 il danışıqları yubatdılar. Onlar konstruktiv mövqe tutsaydılar, beynəlxalq hüquqa sayğı göstərsəydilər, bəlkə də 44 günlük savaş da olmayacaqdı, minlərlə erməni və Azərbaycan əsgəri həyatını itirməyəcəkdi. Amma, yenə də söyləyirəm ki, bu millət xəstələnib, “Böyük Ermənistan” xəstəliyinə düçar olub. Onlar qonşuların ərazi bütövlüyünü tanımırlar, bizim daxili işlərimizə qarışmaqdan imtina etmirlər".

Onun sözlərinə görə, Ermənistana bu işlərdə onlara Fransa kimi dövlətlər də dəstək verir.
"Hətta bizim qardaş ölkədə müxalifət funksiyasını yerinə yetirən bəzi partiyalar da çox təəssüf ki, bu və ya digər formada onları dəstəkləmiş olurlar. Mən Azərbaycana münasibətdə Türkiyədə səsləndirilən fikirlərdən dərin təəssüf hissi keçirirəm. Cənab Ərdoğanla İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini o səviyyəyə qaldırıb ki, orada hansısa hakimiyyət dəyişikliyi də bu münasibətlərə ciddi ziyan vura bilməz. Belə bir cəhd etmək istəyən şəxsləri də Türkiyə xalqı əfv etməz", - deyə millət vəkili vurğulayıb.

"Azərbaycan Respublikası Prezidentinin Fransanın iştirakı ilə hər hansı bir danışıqda iştirak etməyəcəyinə dair mövqeyini növbəti dəfə dəstəkləyirəm və alqışlayıram. Hesab edirəm ki, Fransa Ermənistanın "böyük bacısı" kimi özünün tərəfsizliyini nümayiş etdirə bilməyib. Ona görə də bu proseslərdə iştirak etməməlidir və Azərbaycan da buna imkan verməməlidir”, - deyə deputat əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıcdaroğlunun seçkiqabağı vəd etdiyi "Yeni İpək Yolu" xəritəsində Azərbaycan yer almayıb. Bu hadisə Azərbaycanda da geniş rezonans doğurub.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə buna sərt münasibət bildirib. Çavuşoğlu qeyd edib ki, türkün yolu Türk Dövlətləri Təşkilatı, Zəngəzur, Qarabağdan keçər:
"Müxalifətin prezident seçkilərində namizədi Kamal Kılıçdaroğlunun və digər bəzi siyasətçilərin Azərbaycana qarşı qərəzli və əsassız mövqeyi var".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0