CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərin suyunu içəcəyik: Dənizə axıdılan çirkab sular necə təmizlənəcək?

© pixabay / com77380İçməli su, arxiv şəkli
İçməli su, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.04.2023
Abunə olmaq
Alim bildirib ki, təmizlənəcək su dənizin sahilindən 5-6 məsafədən götürüləcək, texnoloji proseslər nəticəsində dəniz suyu tam şəkildə bütün çirkləndiricilərdən təmizlənəcək.
BAKI, 24 aprel — Sputnik. Bir neçə gün öncə dövlət başçısı "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzaladı. Həmin sərəncama əsasən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.
Bəs görəsən, dəniz suyu neçə içməli su halına gətiriləcək? Dəniz suyununduzsuzlaşdırılması suyun qiymətinə təsir göstərəcəkmi?
Hazırda Xəzər dənizinə çirkab, kanalizasiya suları axıdıldığından, dəniz suyunun duzsuzlaşdırılarkən bakteriyalardan necə təmizlənəcəyi də sual yaradır.
İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildirildi ki, qoyulan sualların cavabı imzalanmış sərəncamla bağlı Tədbirlər Planı hazırlandıqdan sonra bəlli olacaq.
Xəzərin suyunu duzsuzlaşdırmaq asan olacaq
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə içməli suya böyük təlabat var. Bu təlabat günü-gündən artır. Ə.Əliyev bildirib ki, içməli suyun əsas mənbəyi Kür çayıdır ki, onun da suyu sürətlə azalır. Alim də təsdiqləyib ki, Azərbaycanın içməli su ehtiyatları azdır. O, bildirir ki, bu rəqəm 30-32 kub/kilometr təşkil edir. Ə.Əliyevin sözlərinə görə, içməli sudan texniki su kimi istifadə şirin su ehtiyatımızın azalmasına təsir edir. Ona görə də suya qənaət etmək çətindir.
© Sputnik / Ilham MustafayevXəzərin sahilində, arxiv şəkli
Опустевшие пляжи Каспия - Sputnik Azərbaycan, 1920, 24.04.2023
Xəzərin sahilində, arxiv şəkli
Həmsöhbətimiz bildirir ki, Azərbaycanda artıq Xəzər dənizinin suyunun duzsuzlaşdırılması təcrübəsi var. Onun sözlərinə görə, başqa dənizlərlə müqayisədə Xəzər dənizinin suyunu duzsuzlaşdırmaq daha asandır. Çünki, Xəzər dənizinin suyunun duzu az olduğundan, onun duzsuzlaşdırılmasına da az enerji sərf olunur:

"Xəzər dənizinin 1 litrində 12 qram duz varsa, Qara dənizdə bu 2 dəfə, Aralıq dənizində isə 3 dəfə çoxdur. Ona görə də, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması daha asan başa gəlir. Qeyd edtiyim kimi, Azərbaycanda artıq bu təcrübə var. Salyan rayonunun Xıdırlı kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dəniz Suyunun Düzsuzlaşdırılması Zavodu tikib. Orada gündə 5 min ton su duzsuzlaşdırmaq olur. Həmin sudan yaşıllıqların suvarılmasında istifadə edilir. Əhalimizin 60 faizi Xəzər dənizinin ətrafında yaşayır. Əgər ölkəmizdə belə zavodlar inşa olunsa texniki suya olan təlabatımızı ödəmək olar".

Dəniz suyu kanalizasiya sularından necə təmizlənəcək?
Professor qeyd edir ki, Bakıya içməli su Ceyranbatandan və Qəbələdən gəlir ki, bu da baha çıxır:
"Taxtakörpüdən gələn suyun həcminin 50 faiz azalıb. Bu, Qəbələdən gələn suya da aiddir. Ona görə də, hesab edirəm ki, cənab Prezidentin bu sərəncamı çox vaxtında verilib".
© Sputnik / Виталий Белоусов / Mediabanka keçidSuyun keyfiyyətinə nəzarət qurğusu, arxiv şəkli
Центр контроля качества воды Мосводоканала - Sputnik Azərbaycan, 1920, 24.04.2023
Suyun keyfiyyətinə nəzarət qurğusu, arxiv şəkli
Ə.Əliyev dəniz suyuna kanalizasiya sularının qarışmasına gəlincə, bildirdi ki, Xəzər təlatümlü olduğundan belə çirkab sular tez bir zamanda sahilə qayıdır.

"Belə sulardan daha çox balıqlar qidalanır. Ona diqqət yetirsək gərək dənizdən çıxan balığı da yeməyək. Biz duzsuzlaşdırmaq üçün suyu sahildən 5-6 km məsafədən götürəcəyik. Orada isə su təmizdir".

Duzsuzlaşdırma bir neçə metodlarla aparıla bilər
Həmsöhbətimiz deyir ki, dəniz suyunu duzsuzlaşdırmağın bir neçə üsuslu var. Bu həm membrana metodu ilə mümkündür, həm də buxarlandırıb soyutma yolu ilə aparılır:

"Dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı Qazaxıstan təcrübəsi var. Orada 1960-cı illərdə atom enerjisi ilə işləyən zavodlar tikilib və onlar başqa texnologiya tətbiq edirdi. Dəniz suyunu buxarlandırır, sonra da soyudurdular. Bu zaman damçıları da duzsuz olurdu və ondan istifadə edirdilər. Mən Manqışlaq yarımadasında olmuşam, orada milyondan çox əhali yaşayır və onların hamısı bütün sahələrdə bu sudan istifadə edir. Bizdə də dənizin kənarında belə zavodlar tikilsə, içməli suya xeyli qənaət edərik".

Duzsuzlaşdırılan suyu həm də içəcəyik?
Ə.Əliyev onu da bildirib ki, sutkada 50 min ton suyun istehsal olunması ən azından texniki su kimi köməyimizə çata bilər. Həmçinin harada içməli su çatışmır, orada bu sudan içmək də mümkündür. Onun qənaətinə görə, ilkin mərhələdə bu texniki məqsədlə istifadə içməli sudan israfın qarşısını alar. Həmçinin gələcəkdə də suyun qiymətinin artmasını da əngəlləyər.
Dəniz suyu necə təmizlənir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iqlim dəyişiklikləri nəticəsində ölkəmizdədə su ehtiyatları azalır. Onun sözlərinə görə, son 20-30 ildə su ehtiyatlarımızın 10-15 faiz azaldığı müşahidə olunur.
F. Mütəllimov bildirib ki, suya təlabatın artması, bəzi hallarda sudan qeyri-səmərəli istifadə, eləcə də su itkiləri, nəticədə bəzi regionlarda suvarma dövründə su çatışmazlığı yaradır. Ona görə də alternativ su mənbələrindən istifadə ilə bağlı işlər aparılır. Buraya dəniz suyunun duzsuzlaşdırılması da daxildir.
© AR Ministry of Ecology and Natural ResourcesFaiq Mütəllimov
Faiq Mütəllimov - Sputnik Azərbaycan, 1920, 24.04.2023
Faiq Mütəllimov
F.Mütəllimov da bildirib ki, Salyan rayonunun Xıdırlı kəndində 2013-cü ildə inşa olunan Dəniz Suyunun Düzsuzlaşdırılması Zavodunda artıq bu təcrübə tətbiq edilir. O, qeyd edib ki, burada istehsal edilən təmizlənmiş su yaşıllıqların suvarılmasında istifadə edilir.

"İlkin mərhələdə zavodda sutkada min kub metr su təmizlənir. Yaranan ehtiyaclar nəzərə alınaraq 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırılma işləri aparılmadan iki dəfə artırılaraq sutkada iki min kub metrə çatdırılıb. Bu zavod dənizdən 12 km uzaqlıqda yerləşir. Su dənizdən boru vasitəsilə götürülür. Dəniz suyu çökməsi üçün əvvəlcə anbara vurulur, oradan da qidalandırıcı nasoslarla filterlərə ötürülür. Həmin filterlərdə su fiziki təmizləməyə məruz qalır. Yenidən mikron filterlərindən keçirilir. Ölçüsü 5 mikrondan böyük nə varsa hamısı orada çökür. Şəffaf duzlu su yüksək təyziq nasosu ilə membranlara vurulur. Membranlarda duz sudan ayrılır. Membrana vurulan suyun 45 faizi qədəri şirin su şəklində, qalan 55 faizi isə iki dəfə duzlu şəkildə dənizə axıdılır. İstehsal olunan suyun 10 faizi minerallaşmadan keçir, içmək və məişətdə istifadə üçün nəzərdə tutulur. Qalan 90 faiz isə ağacların suvurılmasında istifadə olunur. Yəni zavodda təmizlənən sudan həm içmək, həmçinin də yaşıllıqların suvarılması üçün istifadə edilir".

Dəniz suyunun gigiyenik baxımdan təmizlənməsinə gəlincə, nazirlik səlahiyyətlisi bildirib ki, texnoloji proseslər nəticəsində dəniz suyu tam şəkildə bütün çirkləndiricilərdən təmizlənir.
Qeyd edək ki, "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" sərəncamdan irəli gələn işlərin görülməsi Nazirlər Kabinetinə həvalə olunub. Sənədə görə, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə layihənin icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etməlidir.
Həmçinin qeyd olunub ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"na uyğun olaraq, istehsal edilən içməli suyun Bakı şəhərinə və ətraf ərazilərə nəqli ilə əlaqədar infrastruktur işlərinin görülməsi və sudan səmərəli istifadənin təmin edilməsi üçün tələb olunan vəsaitin Dövlət İnvestisiya Proqramında nəzərə alınmasına dair təkliflərini İqtisadiyyat Nazirliyinə təqdim etsin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0