CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman Ermənistanda əsir götürülmüş hərbçilərimizin valideynləri ilə görüşüb

© Photo : Ombudsman's Office of AzerbaijanSəbinə Əliyeva
Səbinə Əliyeva - Sputnik Azərbaycan, 1920, 19.04.2023
Abunə olmaq
Görüş zamanı Ombudsman Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsini, eləcə də əsgərimizə qarşı törədilmiş qeyri-insani rəftar hallarını qəti şəkildə qınadığını, bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib.
BAKI, 19 aprel — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitinə görə itkin düşmüş və Ermənistanda həbs edilmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə görüş keçirilib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Görüş zamanı Ombudsman Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsini, eləcə də əsgərimizə qarşı törədilmiş qeyri-insani rəftar hallarını qəti şəkildə qınadığını, bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib. S.Əliyeva müvafiq beynəlxalq və regional təşkilatlara ünvanladığı məktubda hərbi qulluqçularımızın Ermənistanda saxlanıldıqları müddət ərzində hüquqlarının təmin olunmasını, ailələri ilə videozəng vasitəsilə əlaqə imkanının yaradılmasını, habelə əsgərimizin qeyri-insani rəftara məruz qalması ilə bağlı video və fotoların araşdırılmasını tələb etdiyini vurğulayıb.
Bununla yanaşı, Müvəkkil hərbi qulluqçularımızın vəziyyətinin diqqətdə saxlanıldığını bildirib, onların azad olunaraq ölkəyə qaytarılmaları istiqamətində zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Xəbər lenti
0