SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran tərəfinin açıqlamasına Azərbaycan XİN-dən reaksiya

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
İran XİN-in mətbuat katibi Nasir Kənani Azərbaycan və İran xarici işlər nazirləri arasında 7-8 aprel tarixlərində baş tutmuş telefon danışıqlarının nəticələrini müsbət qiymətləndirib.
BAKI, 10 aprel - Sputnik. "Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İran ilə hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 10 aprel tarixli şərhi barədə suala cavabında deyib.
Qeyd edək ki, bu gün İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycan və İran xarici işlər nazirləri arasında 7-8 aprel tarixlərində baş tutmuş telefon danışıqlarının nəticələrini müsbət qiymətləndirib.
A.Hacızadə bildirib ki, xarici işlər nazirləri arasında baş tutmuş son telefon danışıqları zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir.
"Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycan Respublikasının xarici siyasətinin dəyişməz prioritetidir. Bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir", - XİN rəsmisi vurğulayıb.
7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
XİN-in yaydığı məlumata görə, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.
Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.
Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
Xatırladaq ki, ötən gün İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən "persona non-qrata" elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.
Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian - Sputnik Azərbaycan, 1920, 08.04.2023
SİYASƏT
Azərbaycan və İran XİN başçıları iki ölkə arasında yaranmış gərginliyi müzakirə ediblər
Xəbər lenti
0