Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Silahlı insidentlər qorxu effekti yaradıbsa, bu artıq terror aktıdır - Ekspert

© Sputnik / Murad OrujovАрзу Нагиев
Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 30.03.2023
Abunə olmaq
Millət vəkili Arzu Nağıyev bildirib ki, silah gəzdirmək deputatın özündən asılıdır və bu barədə hər hansı qadağa qoyulmayıb.
BAKI, 30 mart — Sputnik. Milli Məclisin deputatı Fazil Mustafanın yaşadığı evin qarşısında güllələnməsindən sonra millət vəkillərinin təhlükəsizliyi ilə bağlı məsələ gündəmə gəlib. Xüsusən də deputatların silah gəzdirməsi ilə bağlı fikirlər səsləndirilir.
Sputnik Azərbaycan bununla bağlı millət vəkili Arzu Nağıyevin və təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rzanın fikirlərini öyrənib.
Milli vəkili Arzu Nağıyev xatırladıb ki, mülki və xidməti silahın gəzdirilməsi ilə bağlı müvafiq qanun var və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunun 12-ci maddəsinə uyğun olaraq hər bir deputat silah gəzdirə bilər: "Bu silahı gəzdirmək üçün Daxili İşlər Nazirliyinin müvafiq strukturuna müraciət ünvanlanmalıdır. Bundan sonra deputat silah və 16 ədəd nömrələnmiş patronla təmin edilir. Təbii ki, bu silah, ancaq, özünü müdafiə üçün istifadə edilə bilər".

Arzu Nağıyevin sözlərinə görə, parlamentin plenar, yaxud komitə iclasları keçirilən əraziyə silahla daxil olmaq qadağandır: "Silah deputat tərəfindən müvafiq qaydada nəzarətçiyə təhvil verilməlidir. Hər bir deputat silah aldıqdan sonra DİN-nin müvafiq təlimatlarına uyğun qaydada prosedurdan keçməli və silahla davranış qaydalarını mənimsəməlidir. Yəni silah gəzdirmək deputatın özündən asılıdır və bu barədə hər hansı qadağa qoyulmayıb".

Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza isə hesab edir ki, deputatların təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri mühafizə tədbirləri yerinə yetirilməlidir. Ekspertin fikrincə, son baş verən silahlı insidentlər təhlükəsizlik orqanlarını daha diqqətli olmağa sövq edir: "Bizim cəmiyyətimiz təhlükəsiz, sabit mühitdə yaşamağa alışıb. Bu baxımdan ard-arda baş verən silahlı insidentlər cəmiyyətdə müəyyən qədər qorxu mühitinin yaranmasına səbəb ola bilər. Amma ümumilikdə götürdükdə baş verənlərin ölkənin təhlükəsizlik və sabitlik imicinə zədə vura biləcəyini düşünmürəm. Təhlükəsizlik bir baxıma həm də fərdi məsələdir. İnsanlar özləri də baş verənlərə laqeyd yanaşmamalı, təhlükə anında ayıq-sayıqlığını itirməməlidir. Bununla yanaşı, burada təhlükəsizlik qüvvələrinin üzərinə böyük məsuliyyət düşür. İctimai yerlərdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün modern texniki vasitələr tətbiq edilməlidir".
Ekspert qeyd edir ki, bu gün cəmiyyətdə olan odlu silahların təhvil götürülməsi üçün qanunla müəyyənləşdirilmiş yüngülləşdirici məqamlar tətbiq edilməlidir: "Ola bilər ki, hər hansı müharibə dövründən özü ilə qənimət silah gətirib və bu gün onunla nə edəcəyini bilmir. Bu gün həmin silahın qara bazara və ya pis niyyətli insanların əlinə düşməsinin qarşısını almaq üçün maarifləndirici və islahedici addımlar atılmalıdır".
"Ümumi olaraq Azərbaycanın təhlükəsizlik mühitini digər ölkələrlə müqayisə etdikdə bunun maksimum səviyyədə olduğunu deyə bilərik. Amma bununla belə ehtiyatı əldə vermək olmaz. Müvafiq qurumların bu sahədə gördüyü işlər diqqətə layiqdir, amma əlavə tədbirlərin görülməsini də zəruri hesab edirəm. Baş verən silahlı insidentlər insanlarda qorxu effekti yaradıbsa, bu artıq sadə cinayət deyil, birbaşa terror aktıdır", - deyə ekspert bildirib.
Xəbər lenti
0