CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlahiyyatçı:"Hacı Şahinin qəbri gecə-gündüz ziyarət olumağa layiqdir"

© Sputnik / Murad OrujovHacı Adil Hüseynoğlu
Hacı Adil Hüseynoğlu - Sputnik Azərbaycan, 1920, 12.03.2023
Abunə olmaq
Mart ayının 2-də dünyasını dəyişən mərhum din xadimi Hacı Şahin Həsənlinin qəbri hər gün sevənləri tərəfindən ziyarət olunur.
BAKI, 12 mart — Sputnik. Sosial şəbəkələrdə Bakı daxilində müqəddəs hesab edilən yerlərə ziyarət təşkil edən tur şirkətinin paylaşımı diqqət çəkib. Belə ki, siyahıda mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarı ilk ziyarət yeri kimi göstərilib.
Özünü təşkilatçılardan biri kimi təqdim edən Sədaqət adlı xanım məsələ ilə bağlı bildirib ki, bunu insanların müraciətləri əsasında qərarlaşdırıblar: "Bəzi insanlar özləri bizə müraciət etdilər ki, ziyarətlərin siyahısına hacının məzarını da daxil edək. Buna qeyri-adi şəkildə yanaşılmasını, böyüdülməsini istəmərik".
Bundan başqa, ötən həftə dünyasını dəyişən mərhum din xadiminin məzarının gecə ziyarət olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi insanlar bunu din xadiminə rəğbət hesab etsələr də, bəziləri bunu doğru hesab etmir. Bəs görəsən, şəriət qanunlarına görə, gecə saatlarında məzarı ziyarət etmək nə dərəcədə doğrudur? Bu, insanların psixologiyasına necə təsir edə bilər?
İlahiyyatçı Hacı Adil Hüseynoğlu bildirir ki, insanlar istədiyi vaxt, istədiyi saatda qəbri ziyarət edə bilər. Bununla bağlı heç bir qadağa yoxdur: "Qurani-Kərim"də "Tövbə" surəsində belə bir ayə var:
"Ey peyğəmbər, münafiqlərdən (Quranda münafiqlər iman gətirmədikləri halda, iman gətirmiş kimi görünən, ona görə də aralarında yaşadıqları möminlərdən mənfəət əldə edəcəyini düşünən ikiüzlü insanlar kimi tərif edilirlər) heç birinin cənazə namazını qılma, onların qəbri üstünə getmə. Bu ayə göstərir ki, münafiqlərin qəbrinin üstünə getmək olmaz, lakin başqalarının qəbri üstünə getmək olar. Ona görə də qəbirlərin ziyarəti şəriət baxımından heç bir problem yoxdur. Məhəmməd peyğəmbərin də tarixini oxuyanda görürük ki, peyğəmbər deyir ki, "Allah mənə icazə verdi ki, anamın qəbrini ziyarət edim". Peyğəmbərimiz özü də Uhud dağında əmisi Həzrət Həmzənin qəbrini ziyarət edirdi. Vaxta gəldikdə isə insan istənilən vaxt qəbri ziyarət edə bilər. O ki qaldı insanların, cəmiyyətin sevdiyi şəxsin qəbrini ziyarət etmək təbii haldır. Qəbri ziyarət etmək ölümü xatırladır. Bu da müqhim məsələdir. İnsan ölümü xatırlayar, günahlardan uzaqlaşar. Mərhum Hacı Şahin də çox nüfuzlu şəxsiyyət idi. Onun qəbri gecə-gündüz ziyarət olumağa layiqdir".
Gecə saatlarında qəbri ziyarət etmək insan psixologiyasına necə təsir edə bilər?
Hacı Şahini sevənlər arasında xüsusən kişilərin hönkürərək ağlamaları bəziləri tərəfindən ifrata varmaq kimi dəyərləndirilir, tənqid edilir. Bildirilir ki, bu, psixoloji zəiflikdən irəli gəlir, insanın insana sitayiş edəcək dərəcədə fanatlığı, onu ölümsüz hesab etməsi doğru deyil.
Tanınmış psixoloq Samirə Bağırova müsahibəsində bildirib ki, ölüm, əsasən də ani ölüm insanlarda psixoloji sarsıntı yaradır, xüsusən, rəhmətə gedən insan kütlə tərəfindən sevilmiş-seçilmiş biridirsə: "Fanatizm özü psixololoji pozğunluq, həddi aşmış emosional duyğudur. Fanatların real həyatla bağları qırılmış olur. Yunanca "fanaticus" qüssəli, "fanum" müqəddəs yer, məbəd anlamı verir. Psixoloqun sözlərinə görə, insanların radikal səviyyəyə gətirilən, hər hansı ideyalara, inanclara bağlılığı dözümsüzlüklə birləşir. Bu, psixoemosinal vəziyyət, birinin iradəsinə tabeçilikdir: "İnsan digər insana aşırı hiss bəsləyir, ölümünə aşırı coşqu, kontrolsuz həyəcan nümayiş etdirir. İnanc insanın inamıdır, fanatizm isə hisslərin ağlıdır. Ölüm hadisəsi baş verdikdə uzun sürən depresiya, acı çəkmək, uzun müddətli yas reallıqla barışmamaqdır. Bu, heç də ölən birinə hörmət nümayişi deyil".
Psixoloq əlavə edir ki, reallığı qəbul etməmək psixoloji pozğunluqdur. Bu da bizdən asılı olmayan qüvvə ilə ölçülür. Hər canlı varlıq üçün ölüm qaçılmaz bir gerçəkdir. Amma insanı digər canlılardan ayıran fərq insanın ölümlü olduğunun fərqində olmasıdır. Mərhum adına olunan dini rituallar, yardımlar ölümə bir anlam yükləmək məqsədi daşıyır. Amma bu, aşırı dərəcədə olmamalıdır:
"Dinimiz nemətlərə şükr etməyi, müsibətlərə səbr və susmağı əmr edir. Bağırıb-çığırmaq, özünə xəsarət qadağandır. İslam dinində üsyani yas tutmaq qeyd olunmur. Peyğəmbərimiz yüksək səslə ağlamağın mərhumun ruhu üçün sıxıntı olduğunu, matəm saxlamağın doğru olmadığını buyurub. Hacı Şahinə Allahdan rəhmət diləyirəm. Allah onu və onu sevənləri bağışlasın. Müharibə dönəmində şəhid ailələri ilə təmənnasız olaraq çox çalışmışam. Mərhumun ailəsi qədər içdən üzülmək çətindir, amma izlədiyim qədər onun ailəsi üzüldüyü qədər də səbirli və əzmli davranış nümayiş etdirir. Dini qaydalara uyğun olaraq, ölüm son deyil, dünyanı dəyişməkdir. Bu dünyadan hələ kimsə sağ çıxmayıb. Buxari bildirir ki, öləni tərif edərək ağlamaq cahillik adətidir".
Son günlər xüsusilə müzakirə olunan Hacı Şahinin qəbrinin ziyarətgaha çevrilməsi məsələsinə gəldikdə isə Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, dinimiz dini şəxsiyyətlərə pərəstişdə ifrata varmağın qəti əleyhinədir. İnsanların hər hansı şəxsə ehtiramla yanaşması normaldır. Ancaq bu, onların müqəddəsləşdirilməsinə və bütləşdirilməsinə aparıb çıxarmamalıdır.
Millət vəkili hesab edir ki, Hacı Şahinin qəbrinin ziyarətgaha çevriləcəyi və bura turların təşkil ediləcəyi ilə bağlı açıqlamalar həm də siyasi məqsəd daşıyır:"Bu fikirlər bəzi dairələr tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılır. Dəfn yeri məlumdur, insanlar sərbəst şəkildə onun qəbrini ziyarət edə bilərlər. Bunun üçün xüsusi turların təşkilinə ehtiyac yoxdur. Görünən odur ki, din sahəsində fəallıq bir müddət davam edəcək. Cərəyan edən proseslər ciddi təhlil olunmalı və operativ qərarlar qəbul edilməlidir. Proseslərin yalnız kənardan izlənilməsi sonrakı mərhələdə proseslərin idarə olunmasında ciddi çətinliklər yaradacaq".
Hacı Şahin Həsənli - ilahiyyatçı - Sputnik Azərbaycan, 1920, 02.03.2023
CƏMİYYƏT
Hacı Şahin Həsənli "Qurd qapısı" qəbiristanlığında dəfn olunub - video
Xəbər lenti
0