Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

© Sputnik / Murad OrujovBakıda idman gimnastikası üzrə dünya kuboku
Bakıda idman gimnastikası üzrə dünya kuboku - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri keçiriləcək. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku da təqdim olunacaq.
BAKI, 9 mart — Sputnik. Martın 9-da Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib. Əvvəlcə komandaların paradı olub. Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov açılış mərasimində çıxış edərək dünya kuboku yarışlarının ölkəmizdə səkkizinci dəfə təşkil olunduğunu bildirib.
O qeyd edib ki, 2016-cı ildə Bakıda ilk dəfə bu növ üzrə dünya "Challenge" kuboku, "AGF Trophy", 2017-ci ildən etibarən isə dünya kuboku yarışları ənənəvi olaraq uğurla keçirilir. Ölkəmizdə kişi idman gimnastikasının inkişafı Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulduğu 2002-ci ildən, qadın idman gimnastikasının isə 2013-cü ilin sonunda bərpa edilib.
"Ötən illərdə idman gimnastikası növündə bir sıra uğurlar qazanılıb. Təmsilçilərimiz "London-2012", "Rio-2016", "Tokio-2020" Yay Olimpiya oyunlarında təmsil olunub, Avropa və dünya çempionatlarında mükafatçılar sırasında yer alıblar. 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında bu növ üzrə 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanılıb. İdman gimnastlarımız 2017-ci ildə ölkəmizdə keçirilən dördüncü İslam Həmrəyliyi Oyunlarında 5 qızıl, 5 gümüş, 2 bürünc, 2022-ci ildə Türkiyədə keçirilən beşinci İslam Həmrəyliyi Oyunlarında 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər. Təmsilçimiz ötən il gimnastika tariximizdə ilk dəfə qadınlar arasında Avropa Gənclər Yay Olimpiya Festivalında və Avropa çempionatında final mərhələsinə vəsiqə qazanıb", - deyə şöbə müdiri vurğulayıb.
Elnur Məmmədov bildirib ki, bu gün ölkəmizdə idman Azərbaycan Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub. Hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastikanın inkişafına verdiyi önəmin nəticəsidir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ölkəmizdə təşkil olunan dünya kuboku yarışlarında Azərbaycanla yanaşı, 48 ölkədən 173 gimnast çıxış edəcək. Bu, ölkəmizdə gimnastika növləri üzrə keçirilən dünya kuboku yarışları tarixində iştirakçı ölkə sayına görə rekord göstəricidir.
Gənclər və İdman Nazirliyi adından yarış iştirakçılarına uğurlar arzulayan E.Məmmədov idman gimnastikası üzrə dünya kubokunu açıq elan edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri keçiriləcək.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku da təqdim olunacaq. Yarışda ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyacaqlar.
***
Bu gün Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları start götürür.
Yarışlarda rekord sayda - 48 ölkədən 173 idmançı iştirak edəcək.
Turnirdə ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyacaqlar.
Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku təqdim olunacaq.
Turnirin birinci günündə kişilər sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınlar isə dayaqlı tullanam və müxtəlif hündürlüklü qollar üzrə təsnifat yarışlarında güclərini sınayacaqlar.
Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.
Xəbər lenti
0