Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sülh danışıqlarında durğunluq: Rusiyada anlayırlar ki, hərəkətə keçmək vaxtıdır

© Sputnik / Александр Кряжев / Mediabanka keçidDanışıqların aparılacağı zalda Rusiya və Ukrayna bayraqları
Danışıqların aparılacağı zalda Rusiya və Ukrayna bayraqları - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
Millət vəkili deyir ki, Ermənistan Avropa formatında danışıqlar aparmaq istəyi ilə Moskva formatının üstündən xətt çəkmişdi.
BAKI, 10 fevral — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsi məsələsi üzərində işlər aparılır.
Eyni zamanda fevralın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. C.Bayramov Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi üzrə manipulyasiyalara yol vermək və təxribatçı bəyanatlar səsləndirmək əvəzinə, qısa müddətdə danışıqlar masası arxasında əyləşməsinin vacib olduğunu bildirib.
Fevralın 10-da isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Bu telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Sputnik Azərbaycan Azərbaycan və Ermənistan arasında sülh prosesində yaranmış fasilə ərəfəsində diplomatik təmasların artmasının səbəbləri ilə bağlı politoloq Tofiq Abbasovun və millət vəkili Rasim Musabəyovun fikirlərini öyrənib.
Politoloq Tofiq Abbasov bildirib ki, təpər, inad göstərdikdə diplomatiya istəyinə çata bilir: "Söhbət burada Rusiya diplomatiyasının inadından gedir. Biz bilirik ki, Rusiyanın hazırda əsas məsələsi Ukraynada davam edən münaqişəni, onların özlərinin dediyi kimi xüsusi hərbi əməliyyatı müvəffəqiyyətlə başa çatdırmaqdır. Bu baxımdan əsas resurslar o istiqamətə cəmlənib. Bununla belə Qafqaz Rusiya üçün ikinci dərəcəli əhəmiyyət kəsb etmir və öz strateji mahiyyətinə, oynadığı kommunikativ rola görə çox önəmli bir bölgədir. Belə durğunluq şəraitində biz görürük ki, bölgəyə aidiyyəti olmayan ölkələr hərəkətə keçiblər".
Politoloq bu baxımdan Fransanı xüsusi qeyd edib.
O bildirib ki, kənar dövlətlər bölgəyə müdaxilə etməklə Azərbaycanın mövqeyinə xələl gətirməyə, həmçinin Rusiyanı regiondan sıxışdırıb çıxarmağa niyyətlidirlər: "Siyasətdə ikinci dərəcəli məsələlər olmur. Bu baxımdan Qafqaz bölgəsinin həm bizim üçün, həm də Rusiya üçün xüsusi mahiyyəti var. Regionun inkişafı və təhlükəsizliyi ilə bağlı addımlarda Rusiya və Azərbaycanın maraqları əksər hallarda üst-üstə düşür. Bu prosesi parçalamaq istəyən isə Ermənistandır və onunla nəsə bir şey etmək lazımdır. Rusiyanın bir qədər başının qarışması ilə Ermənistan bölgəyə Avropa İttifaqı adı altında Fransanın gəlməsinə şərait yaradır".
"Aİ-nin müşahidəçi adı ilə gələn üzvlərinin çoxu keçmiş jandarmeriya zabitləridir. Məkan boşluğu sevmir. Əgər boşluq varsa, onu mütləq kimsə doldurur. Artıq bədniyyətli qüvvələr bölgədə yerləşməyə çalışırlar. Odur ki, gərək Rusiya özü fəallıq göstərsin, Azərbaycanla olan münasibətlərinin dəyərinə uyğun gələn lazımi addımları atsın. Yəqin ki, Rusiyada bu motivləri anlayırlar və qəbul edirlər ki, hərəkətə keçmək vaxtıdır", – deyə politoloq fikirlərini yekunlaşdırıb.
Millət vəkili Rasim Musabəyov isə Prezident İlham Əliyevin fikirlərini xatırladıb və deyib ki, 2023-cü il itirilməməlidir: "Çünki sülh müqaviləsi imzalanmadığı təqdirdə şərtlər də, şərait də pisləşə bilər. Ermənistan XİN-in görüşlər ilə bağlı açıqlamasını isə manipulyasiya hesab edirəm".
"İndi Ermənistan bölgəyə Avropa İttifaqının müşahidə missiyasını cəlb edib. Bu bölgədə nəyisə dəyişdimi? Xeyr. Paşinyan bu oyunları bizimlə yox, Moskva ilə oynayır. Onlar Avropa formatında danışıqlar aparmaq istəyi ilə Moskva formatının üstündən xətt çəkmişdilər. Amma hazırkı şəraitdə real olan Moskva formatıdır. Bu istiqamətdə danışıqlar davam etdirilməlidir", - deyə millət vəkili vurğulayıb.
Xəbər lenti
0