Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Papanin" və "Kubinka"da narkotiklə bağlı 13 nəfər saxlanılıb - VİDEO

© Sputnik / Murad OrujovCəzaçəkmə müəssisəsində, arxiv şəkli
Cəzaçəkmə müəssisəsində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib.
BAKI, 8 fevral — Sputnik. Narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun "Papanin", "Kubinka" kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı, paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, bundan öncə Mehdiabadda narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib 3 nəfər saxlanılıb.
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Asəf Məmədov və Abbas Qafarov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 7 kiloqrama yaxın narkotik vasitə marixuana aşkar edilib. Onların Mehdiabad və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olduqları müəyyən edilib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Polisə əvvəllər məhkum olunmuş Elbəyi Əmirovda odlu silah olması və satmaq istəməsi barədə əməliyyat məlumat daxil olub. Keçirilən tədbirlər nəticəsində həmin şəxs qısa zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 4 ədəd patron, həmin silaha məxsus daraq və narkotik vasitə heroin aşkar edilib.
Faktlarla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0