Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

IT təhsili alacaq tələbələrin problemi

məktəbli - Sputnik Azərbaycan, 1920, 05.02.2023
Abunə olmaq
Əsədov bildirib ki, son iki ildə abituriyentlərimiz informatikanı bir kənara ataraq məcburən kimya öyrənib ki, İT ixtisasına qəbul ola bilsin
BAKI, 5 fevral — Sputnik. Son illərdə ölkəmizdə təxminən 6 minə yaxın abituriyent IT və kompüter ixtisası üzrə fakültələrə qəbul olunub. Lakin son iki ildə abituriyentlərimiz informatikanı bir kənara ataraq məcburən kimya öyrənib ki, IT ixtisasına qəbul ola bilsin. Çünki bizim qəbul qaydalarına görə IT və kompüter ixtisasını seçənlər informatika əvəzinə kimyadan imtahan vermək məcburiyyətindədir. Hazırda orta ümumtəhsil məktəblərində informatika fənninin tədrisində ciddi problemlər var.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Problemlərdən danışan mütəxəssis bildirir ki, burada söhbət həm maddi-texniki baza, həm də müəllimlərin hazırlıq səviyyəsindən gedir: “Qeyd edim ki, beynəlxalq olimpiadalarda bu fənn üzrə uğur əldə edən şagirdlərin də bir çoxu xüsusi lisey və gimnaziyaların yetirmələridirlər. Xüsusilə bölgələrdə komputer və kadr problemi daha çox yaşanır. Bu problemin aradan qaldırılması üçün bölgələrdə olan informatika müəllimlərinə qısa müddətə təlimlər keçmək lazımdır”.
Ekspert deyir ki, bütün dünyada müasir informasiya cəmiyyətləri qurulmaqdadır. Təbii ki, belə bir cəmiyyətdə informasiya emalı vərdişlərinə sahib olmadan müasir ixtisaslara sahib olmaq, yaxud da, müasir vərdişlərə yiyələnmək qeyri-mümkündür: "Bütövlükdə tədris prosesində informasiyanın emalını, informatika fənninin məzmununu daha da müasirləşdirmək zəruridir. İnformasiya ilə işləməklə bağlı şagird və tələbələrə həm texnologiyalara, həm də vərdiş və biliklərə sahib olmaq bu gün həyati dərəcədə əhəmiyyətlidir”.
O bildirib ki, I ixtisas qrupunda ən yüksək bal toplayan abituriyentlərin seçdiyi ixtisaslar birbaşa informatika ilə bağlıdır: “Hesab edirəm ki, I ixtisas qrupu üzrə "Kompüter mühəndisliyi", "Kompüter elmləri", "İnformasiya texnologiyaları", "İnformasiya təhlükəsizliyi", "Proseslərin avtomatlaşdırılması", "Sistem mühəndisliyi", "İnformatika müəllimliyi" kimi bir çox ixtisaslar var və bu ixtisaslara qəbul olanların bilik və bacarıqlarını daha da artırmaq lazımdır”.
Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən ali və orta məktəblərdə informatika fənninin məcburi fənn kimi tədris olunması, DİM tərəfindən I ixtisas qrupuna "İnformatika" fəninin əlavə olunması təqdirəlayiq haldır: “Qonşu ölkələrdə şagirdlərə aşağı siniflərdən başlayaraq informatika sahəsində əsas anlayışların, alqoritmlərin və kodlaşdırma öyrədilir. Bu gün qəbul imtahanları Azərbaycanda təhsilin məzmununa kifayət qədər təsir edir, deməli, informatika fənninin I ixtisas üzrə qəbul imtahanı siyahısına daxil edilməsi orta məktəblərdə bu fənnin tədrisinə müsbət təsir edəcək, şagirdlər daha maraqla bu fənni oxuyub öyrənəcəklər”.
“Hesab edirəm ki, belə bir addımın atılması kadr hazırlığı istiqamətində faydalı olacaq. Bu həm də yeni-yeni məzmunların yaranmasına, bu fənnə qarşı tələbin yüksəlməsinə, şagirdlərin bu fənnə daha da məsuliyyətli yanaşaraq öyrənməsinə səbəb olacaq”, - deyə o əlavə edib.
Xəbər lenti
0