CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Fövqəladə vəziyyət haqqında" qanuna dəyişiklik edilir - DETALLAR

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN bayram günləri ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib
FHN bayram günləri ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
"Fövqəladə vəziyyət haqqında" qanuna sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejiminə dair yeni normalar daxil edilir.
BAKI, 1 fevral — Sputnik. Milli Məclisdə "Fövqəladə vəziyyət haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov diqqətə çatdırıb ki, təklif edilən dəyişikliklərə əsasən "Fövqəladə vəziyyət haqqında" qanuna sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejiminə dair yeni normalar daxil edilir: "Dəyişikliklərin əsas məqsədi ondan ibarətdir ki, sosial xarakterli fövqəladə mühitin yaranması fövqəladə vəziyyətin tətbiqi üçün əsas hesab edilmir. Belə ki, əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan mühit sosial xarakterli fövqəladə mühit hesab olunur. Bu mühitin rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir. Sosial xarakterli fövqəladə mühiti rejiminin tətbiqi zamanı insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmır".
"Sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildikdə, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir, bu məqsədlə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət olan komissiya yaradılır"- deyə komitə sədri bildirib.
Qeyd edək ki, "Fövqəladə vəziyyət haqqında" qanuna aşağıdakı dəyişikliklər edilir:
1. Qanunun adına "vəziyyət" sözündən sonra "və sosial xarakterli fövqəladə mühit" sözləri əlavə edilir.
2. Aşağıdakı məzmunda 2-1-ci maddə və I-I fəsil əlavə edilir:
"Maddə 2-1. Bu Qanunun tətbiq dairəsi
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərinə uyğun olaraq, fövqəladə vəziyyətin tətbiq edilməsinin əsaslarını və qaydasını, həmçinin sosial xarakterli fövqəladə mühit rejiminin hüquqi əsaslarını müəyyən edir.
I-I fəsil
SOSİAL XARAKTERLİ FÖVQƏLADƏ MÜHİT REJİMİ
Maddə 2-2. Sosial xarakterli fövqəladə mühit
2-2.1. Sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühitdir.
2-2.2. Sosial xarakterli fövqəladə mühit rejimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmadan belə fövqəladə mühitin aradan qaldırılması ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə tədbirlərin həyata keçirilməsini təmin edən xüsusi hüquqi rejimdir.
2-2.3. Sosial xarakterli fövqəladə mühit rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində rəsmi dərc edilməlidir.
2-2.4. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq müddəti bu rejimin tətbiqinə əsas olmuş fövqəladə halların aradan qaldırılması müddətindən artıq ola bilməz.
Maddə 2-3. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər
2-3.1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıran tədbirlər istisna olmaqla, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması, o cümlədən zərər çəkmiş şəxslərə köməklik göstərilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.
2-3.2. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, digər normativ hüquqi aktlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, yaranmış fövqəladə mühitin kəskinliyindən irəli gələn hədlər çərçivəsində həyata keçirilir.
2-3.3. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiya (qərargah) yaradılır. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
2-3.4. Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının), yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edildiyi zaman müəyyən edilmiş davranış qaydalarına riayət etməli, onlara tapşırılmış vəzifələri vaxtında yerinə yetirməli və sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün görülən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə zəruri hallarda yardım göstərməlidirlər.
2-3.5. Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edilən ərazidə görülən zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq hüququ vardır.
2-3.6. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydası və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
2-3.7. Sosial xarakterli fövqəladə mühit aradan qaldırıldıqdan sonra əhalinin normal həyat fəaliyyətinin bərpa edilməsi nümayəndələri bu Qanunun 2-3.3-cü maddəsində nəzərdə tutulan komissiyanın (qərargahın) tərkibinə daxil olan aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən təmin edilir. Sosial xarakterli fövqəladə mühit aradan qaldırıldıqdan dərhal sonra bu Qanunun 2-2.3-cü maddəsində nəzərdə tutulan normativ hüquqi akt ləğv edilir.
Müzakirələrdən sonra "Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0