CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölmüş heyvan, at və eşşək əti iaşə obyektlərində necə istifadə edilir?

© AFP 2023 / PUNIT PARANJPEƏt
Ət - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
Hüquqşunas Mehman Muradlı qeyd edib ki, keyfiyyətsiz mal satan şəxslər cərimə ilə canlarını qurtara bilirlər. Bu da belə hadisələrin tez-tez təkrarlanmasına gətirib çıxardır.
BAKI, 27 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə Biləsuvar rayonunda qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətinin satışı ilə məşğul olan Zaur Rüstəmovu saxlayıb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs Biləsuvar və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində toplayıb və kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Zaur Rüstəmov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif restoran, dönərxana və ictimai iaşə obyektlərinə satılıb.
Baş İdarənin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Zaur Rüstəmova məxsus fermaya və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız külli miqdarda mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib.
Eşşək ətindən dönər
Qeyd edək ki, bu hadisə yararsız ətlərin restoranda və dönərxanalara satılması ilə bağlı ilk fakt deyil. İndiyə qədər dəfələrlə belə hallar aşkarlanıb. Buna baxmayaraq dönərxanalar, restoranlar tərəfindən ölmüş yararsız ətlərin alınaraq istifadə edilməsinə hələ də rast gəlinir. Sputnik Azərbaycan bu halların təkrarlanmasının səbəbini, eləcə də yararsız ətlərdən hazırlanmış qidaların sağlamlığımıza təhlükəsini araşdırıb.
Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və tibbi ekologiya kafedrasının müdiri İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölmüş heyvan ətlərinin, eləcə də at və eşşək ətinin qidada istifadəsi yolverilməzdir. Ona görə də, İ. Əhmədov bunun fəsadlarından danışmağın yersiz olduğunu söyləyib:
"Ölmüş heyvanın, eləcə də at və eşşək ətindən iaşə obyektlərində yemək hazırlanması qadağandır. Bu qadağadan da görünür ki, həmin qidaları insanlara yedirtmək məsləhət görülmür. Bu qidaların sağlamlığa zərərlərindən çox danışmaq olar. Amma qanun qadağan etdiyindən bu kəlmənin hər kəs üçün kifayət etdiyini zənn edirəm".
Qida eksperti Fərid Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ət insan sağlamlığı üçün olduqca faydalı qida olsa da son zamanlarda tez-tez eşşək ətinin satışa çıxarılması, müəyyən qida müəssələrində qidaların hazırlanmasında istifadə olunması insan sağlamlığına təhlükə yaradır:
"Eşşək əti insan sağlamlığı üçün ziyanlıdır, həzm sistemində problemlərə, mədəaltı vəzin fəaliyyətinin zəifləməsinə, bağırsaqların fəaliyyətinin korlanmasına səbəb olur. Eşşək ətini dana ətindən fərqləndirmək də olur. Belə ki, eşşək əti tünd qırmızı rəngdə olur, daha çox qara ciyərin rənginə oxşayır, dana əti isə açıq qırmızı rəngdədir. Həmçinin eşşək əti çox liflidir və sərtdir. Eşşək ətinin yağının rəngi tünd sarı rəngdə olur, amma ətin dadında fərq yoxdur".
Eşşək əti İslam dininə görə haramdır
Ekspert onu da əlavə edib ki, eşşək əti yemək dinimizə görə haram hesab olunur.
Azad istehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iyirmi ildir AİB at və eşşək ətinin, eləcədə murdar olmuş heyvan ətlərinin satışı ilə bağlı dövlət orqanları qarşısında məsələ qaldırır. Lakin bu hallar davam edir. Eşşək əti Azərbaycanda yeyilməyən ət hesab olunsa da, qanunvericilikdə bu öz əksini tapmayıb. Birlik sədri qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə gördüyü iş qənaətbəxş deyil:
"Bu sahədə ən uğurlu işi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar at və eşşək əti, eləcə də yarasız ölmüş heyvan ətlərini satanları ifşa edərək həsb etsələr də, məhkəmələr bu şəxsləri azadlığa buraxır. Həmin şəxslər isə yenidən bu fəaliyyətlə məşğul olurlar".
Eyyub Hüseynov deyir ki, bu əməlləri törədənlərə ictimai qınaq da çox zəifdir. Rayon yerlərində insanlar belə şəxsləri dərhal ifşa etməlidirlər.
Həmsöhbətimiz onu da bildirdi ki, at və eşşək əti, eləcə də murdar olmuş heyvan ətlərini satanlara qarşı cəzalar sərtləşdirilməlidir.
E. Hüseynov bildirib ki, rəsmi şəxslər tərəfindən də Azərbaycanda at və eşşək ətinin satışının yasaq olduğu vurğulanmalıdır:
"Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi televiziyada çıxış edir ki, it ətini də, eşşək ətini də satmaq olar, bir şərtlə ki, üstünə adları yazılsın, istehlakçılar aldadılmasın. Bu, anormal haldır".
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib ki, eşşək, at və s. heyvan ətlərinin öz adı ilə deyil, başqa adlarla təqdim olunması narahatlıq doğurur:
"Məsələn, eşşək ətinin mal əti adı ilə istehlakçılara satılması qanun pozuntusudur. Eşşək əti öz adı ilə müvafiq qaydada müayinələrdən keçsə, mənşəyi bilinsə və satışa təqdim olunsa, istehlak oluna bilər".
AQTA müfəttişinin sözlərinə görə, eşşək ətinin yeyilməsi Azərbaycan üçün xas ənənə deyil. Lakin dünyanın bir çox ölkələrində eşşək əti mətbəxdə istifadə olunur və qida kimi qəbul edilir.
Cərimə ilə canlarını qurtarıb ənənəvi fəaliyyəti davam etdirirlər
Hüquqşunas Mehman Muradlı Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193. 1 bəndində yalançı sahibkarlıqla bağlı hüquqi məsuliyyət öz əksini tapıb. Bu cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
"Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 200.3 bəndində isə qeyd olunub ki, bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 200.3-cü maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Hüquqşunas qeyd edib ki, azadlıqdan məhrumetmə cəzası ölüm hadisəsi baş verdikdə tətbiq olunur. Yerdə qalan hallarda keyfiyyətsiz mal satan şəxslər cərimə ilə canlarını qurtara bilirlər. Bu isə belə hadisələrin tez-tez təkrarlanmasına gətirib çıxardır.
Amma M.Muradlı istehlaka yarasız əti iaşə obyektlərində istifadə edənlərə qarşı CM-də cəzanın nəzərdə tutulmadığını bildirib. Hüquqşunas qeyd edib ki, əslində baytarlar tərəfindən iaşə obyektlərində istifadə edilən ətlərin keyfiyyəti ilə bağlı baytarlıq sertifikatı verilməlidir. Amma əksər hallarda iaşə obyektlərində istifadə edilən ətlərin mənşəyi, keyfiyyəti yoxlanılmır, formal sertifikat verilir. Bu isə at və eşşək ətlərinin, eləcə də murdar olmuş heyvan cəsədlərinin iaşə obyektlərinə satılmasına , istifadəsinə rəvac verir.
Xatırladaq ki, ötən həftə Sabirabad rayonunda 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunub. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb. Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub. Məlumata görə, T.Məstəliyev rayonda "Eşşək Tahir" ləqəbi ilə tanınır.
ət - Sputnik Azərbaycan, 1920, 24.11.2022
CƏMİYYƏT
Ucuz restoranlarda at-eşşək ətindən istifadə edilir? Rəsmi açıqlama
Xəbər lenti
0