Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın Rusiyaya pomidor satışından gəlirləri artır - DETALLAR

© AFP 2023 / KIRILL KUDRYAVTSEVpomidor
pomidor  - Sputnik Azərbaycan, 1920, 23.12.2022
Abunə olmaq
Dünya bazarlarında pomidorun qiyməti bahalaşıb. Bu il və keçən il təxmini eyni həcmlərdə pomidor ixracına baxmayaraq məhsulun dəyər ifadəsində artım var.
BAKI, 23 dekabr — Sputnik. Azərbaycanın xaricə pomidor satışından gəlirləri artmaqda davam edir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin yanvar-noyabr ayları ərzində 150,8 milyon dollar dəyərində 127,4 min ton pomidor ixrac edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 7,3 faiz və ya 10,2 milyon dollar artıb. Keçən ilin 11 ayında Azərbaycandan 140,5 milyon dollar dəyərində 129,6 min ton pomidor ixrac edilib.
Qeyd edək ki, bu il və keçən il təxmini eyni həcmlərdə pomidor ixracına baxmayaraq məhsulun dəyər ifadəsində artım var. Bu da cari ildə dünya bazarlarında pomidorun qiymətinin bahalaşdığını göstərir. Azərbaycanın pomidor ixracında əsas yeri isə Rusiya tutur.
Ticarət dövriyyəsinin bundan sonra da artacağı gözlənilir
Ekspertlərin fikrincə, bu il Rusiya tərəfindən Azərbaycanın kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tam aradan qaldırılıb. İki ölkə arasında ticarət dövriyyəsində artımın əsas səbəbi məhdudiyyətlərin ləğv edilməsidir. Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrlə, o cümlədən Azərbaycanla ticarətin daha da asanlaşdırılması nəticəsində ticarət dövriyyəsində artım müşahidə edilir. Azərbaycan üçün Rusiya bazarı ənənəvi kənd təsərrüfatı bazarıdır. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının böyük hissəsi Rusiyanın payına düşür. Ticarət dövriyyəsinin bundan sonra da artacağı gözlənilir.
Rusiyaya pomidor ixracından gəlirlər artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayının göstəricilərinə əsasən, Azərbaycandan Rusiyaya 132,6 milyon dollar dəyərində 111,9 min ton pomidor göndərilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 10 ayında Rusiyaya pomidor ixracı dəyər ifadəsində 5 milyon dollardan çox artıb.
Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Rusiyaya pomidor ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. Bu ilin mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilib. "Rosselxoznadzor" tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.
Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artır
Onu da bildirək ki, 2021-ci ildə Azərbaycandan pomidor ixracı 2020-ci ilə nisbətən 22,6 faiz azalaraq 145,2 min ton olub. 2021-ci ildə Azərbaycandan pomidor ixracının 96,5 faizi Rusiya bazarının payına düşüb, az həcmdə isə Ukrayna, BƏƏ və Qazaxıstana ixrac olunub. Ötən il Rusiyaya 157 milyon 559 min dollar dəyərində 140 min 110 ton pomidor ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 264 milyon 444 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz çoxdur.
Daxili bazarda da pomidorun qiymətində artım müşahidə edilir. Belə ki, ötən ay Azərbaycanda pomidorun 1 kiloqramının orta qiyməti 1,82 manatdan 2,34 manata qalxıb.
Xəbər lenti
0