Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkimlər bölgələrə göndəriləcək - Bu dəfə elektron yolla

© AP Photo / Michael ProbstHəkim
Həkim - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Abunə olmaq
Deputatlar heab edir ki, bu şəffaflığın təmin olunması, insan amilinin aradan qaldırılması baxımından önəmli addımdır.
BAKI, 22 dekabr — Sputnik. Gələn ildən həkim təyinatları elektron xidmət vasitəsilə həyata keçiriləcək. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, növbəti tədris ilindən etibarən rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatlarının elektron xidmət vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən normativ sənəd layihəsi hazırlanıb və təsdiq olunduqdan sonra tətbiq ediləcək.
Bəs görəsən, həkimlərin elektron təyinatı necə həyata keçiriləcək? Bu təyinat zamanı həkimlərə seçim imkanı veriləcəkmi?
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirdilər ki, hələki layihə təsdiqlənməyib. Təsdiqləndikdən sonra mətbuata bu barədə geniş açıqlamaveriləcək: "Həkimlərin elektron təyinatlarının aparılması ilə bağlı sənəddə nələrin öz əksini tapdığı barədə ictimaiyyəti məlumatlandırmaq nazirliyin özünün də marağındadır. Sadəcə olaraq son yekun sənəd təsdiqlənməmiş bunun hansı qaydada həyata keçiriləcəyi barədə məlumat vermək mümkün deyil".
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyinin həkimlərin təyinatlarını elektron formada aparması ilə bağlı hazırladığı normativ sənəd təqdirəlayiqdir. Bu şəffaflığın təmin olunması, insan amilinin aradan qaldırılması baxımından önəmli addımdır.
M. Məmmədli bildirdi ki, rezidentlər elektron fomada yiyələndikləri ixtisasa uyğun müvafiq yerlərdə yerləşdiriləcəklər.
Deputat dedi ki, regionlara tibb işçilərinin elektron təyinatında iki məqam nəzərə alınmalıdır. M. Məmmədlinin sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə kimi mərkəzi şəhərlər tibb müəssisəsinin texniki təchizatı, eyni zamanda xəstə potensialı və mütəxəssisin yetişməsi baxımından rezidenturanı yeni bitirən kadrlar üçün daha səmərəlidir: " Təbii ki, tibb işçiləri də bu mərkəzi şəhərlərdə işləməyə çalışırlar. Bu ərazilərdə işləyərkən karyera yüksəlişi və mütəxəssis kimi yetişmək, eləcə də maddi rifah halının yaxşılaşması üçün əlverişli mühit var. Ona görə də regionlarda həkimlərin işə qəbulu üçün stimullaşdırıcı addımları atılmalıdır. Öncə regionlarda tibb müəssisələrinin texniki təhcizatı yüksək səviyyəyə qaldırılmalıdır. Həmin həkimlərlə bağlı təşviqedici addımlar atılmalıdır. Bu zaman gənc mütəxəssislər təşviqedici amilləri nəzərə alaraq bölgələrdə işləməyə üstünlük verəcəklər".
Deputat deyir ki, adminstrartiv yollarda həkimlərin bölgələrə göndərilməsi düzgün deyil. Onun fikrincə, bu sovet dövründən özünü doğrultmayan metoddur: "Ona görə də əsas yol təşviqetmə olmalıdır. Maddi və texniki təşviqetmə olarsa həkimlər özləri bölgələrdə işləməyə meyil göstərəcəklər. Stimullaşdırıcı addımlara bölgələrdə işləyən həkimlərə ipoteka kreditlərinə əlçatanlıq, maddi həvəsləndirici tədirlər görülərsə onlar buna könüllü də razı olarlar".
Həmsöhbətimiz bildirdi ki, bu gün regionlarda hər ixtisasda həkimə ehtiyac var.
Milli Məclisn Səhiyyə Komitəsinin digər üzvü Kamilə Əliyeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həkimlərin elektron təyinatı çox mütətəqqi addımdır. Onun sözlərinə görə, bu həm də şəffaflığa yol açacaq. Onun fikrincə, işə qəbulda bununla məmurla təmas aradan qalxacaq. Deputat deyir ki, həkimlərin elektron təyinatı bu sahədə qanunsuzluq varsa onun da aradan qalxmasına zəmin yaradacaq: "Həmçinin bölgələrdə ixtisaslı kadr problemi də aradan qalxacaq. Hansı rayonda ixtisaslı həkimə ehtiyac varsa sistemdə görünəcək."
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov Azərbaycanın bölgələrində ixtisaslaşmış həkim çatışmazlığının olduğunu demişdi.
Buna görə də, regionlarda tibb müəssisələrinə təyinatla göndərilən həkimlərə müəyyən güzəştlərin olması vacibdir.
Xəbər lenti
0