Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Çinlə azad ticarət sazişinə qoşulacaqmı? Pekin nə vəd edir?

© AP Photo / Marcio Jose SanchezГрузовые контейнеры
Грузовые контейнеры - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi artır. İqtisadçıların fikrincə, Çin ilə mərhələli şəkildə bəzi mallar üzrə rüsum və kvotaların azaldılması mümkündür və bu addım daha çox idxal-ixrac əməliyyatlarının aparılmasına gətirib çıxarda bilər.
BAKI, 9 dekabr — Sputnik. Çin Azərbaycan ilə azad ticarət sazişinə qoşulmaqda maraqlı görünür. Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi diqqətə çatdırıb ki, Azərbaycan Çinlə azad ticarət sazişinə qoşularsa, bu, ikitərəfli ticarətə, eləcə də investisiya əməkdaşlığına əhəmiyyətli təkan verəcək.
Bəs maraqlıdır, Azərbaycanın Çinlə azad ticarət sazişinə qoşulması mümkündürmü? Çinlə azad ticarət sazişinə qoşulma Azərbaycana sərf edirmi?
Məsələ ilə bağlı deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında son illər Azərbaycanın xarici ticarət dövriyyəsini xüsusən də ənənəvi tərəfdaş ölkələr ilə genişləndirdiyini söyləyib. O bildirib ki, Çin də Azərbaycanın ticarətdə əməkdaşlıq etdiyi ölkələrdəndir və iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilir.
Azad ticarət sazişləri xüsusən də idxal və ixracatın liberallaşdırılmasını nəzərdə tutur
Deputat diqqətə çatdırıb ki, azad ticarət sazişləri xüsusən də idxal və ixracatın liberallaşdırılmasını nəzərdə tutur: "Azərbaycan ilə Türkiyə arasında 15 mühüm məhsul qrupu üzrə idxal-ixracatda rüsumların sıfırlanması, kvotaların götürülməsi ilə bağlı razılıq əldə olunub. Bu, artıq 2021-ci ildən qüvvədədir. MDB ölkələri ilə Azərbaycan idxal-ixrac əməliyyatlarında vergidən azadolma rejimində öz ticari əlaqələrini qurur. MDB dövlətləri də Azərbaycanın praktiki olaraq azad ticarət həyata keçirdiyi ölkələr sırasındadır".
Azərbaycan mallarını Çin bazarına çıxarmaqda maraqlıdır
Onun fikrincə, Çinlə belə bir əməkdaşlığın qurulması həm də Çindən idxalın həcminin artmasına gətirib çıxarda bilər: "Azərbaycan da öz mallarını, xüsusən də ərzaq məhsullarını Çin bazarlarına çıxarmaqda maraqlıdır. Amma hər halda burada söhbət tam olaraq bütün rüsumların və kvotaların sıfırlanmasından getmir. Çünki mərhələli şəkildə rüsumların və kvotaların azaldılması hər zaman müzakirə edilən məsələdir. Bu addım qarşılıqlı olaraq ticarət əlaqələrinin genişlənməsinə, daha çox idxal-ixrac əməliyyatlarının aparılmasına gətirib çıxarda bilər".
Çin ilə mərhələli şəkildə bəzi mallar üzrə rüsum və kvotaların azaldılması mümkündür
İqtisadçı Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, azad ticarət verginin, rüsumun, kvotaların olmaması, ölkələrarasında ticarətin liberallaşdırılmasıdır: "Çin çox əhəmiyyətli ölkədir. Azərbaycan Çindən elektrotexnika malları, metal məhsulları, aksesuarlar, məişət avadanlıqları, avtomobillər və s. idxal edir. Azərbaycanın mallar idxal etdiyi ölkələr arasında Çin ilk üçlükdə yer alır. Lakin ciddi araşdırmalardan sonra Çin ilə mərhələli şəkildə bəzi mallar üzrə rüsum və kvotaların azaldılması mümkündür. Məsələn, Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi 2021-ci il martın 1-dən qüvvəyə minib. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı müddəalar öz əksini tapıb".
Azad ticarət sazişinə qoşulmaqda bir sıra risklər var
Onun fikrincə, azad ticarət idxalı ucuzlaşdıra, bazarda rəqabəti artıra bilər, amma bir sıra risklər var: "Hələ Türkiyə ilə yaxın münasibətlərimizin olmasına baxmayaraq azad ticarət sazişinə qoşulma ilə bağlı danışıqlar aparılır, bu addımın ölkəyə təsirləri müzakirə olunur. Vergilərin olmadığı azad ticarət dövlət büdcəsində yığımlara ciddi təsir göstərəcək. Gömrük yığımları Azərbaycan büdcəsində ənənəvi 10-15 faiz gəlir mənbəyi deməkdir. Bu, nə ilə əvəzlənəcək? Gömrük yığımlarında problem yarana bilər. Digər tərəfdən, bu addım həmin ölkələrin yerli bazarda dominantlığını artıracaq. Ciddi analizlər aparılmalıdır ki, bu prosesdən daxili istehsal nə qədər əziyyət çəkəcək. Əgər biz azad ticarət sazişinə qoşulmaq istəsək, birinci bunu Türkiyə ilə etməliyik".
Azərbaycan-Çin ticarət dövriyyəsi artır
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, bu ilin 10 ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,7 milyard dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz çoxdur. Ticarət dövriyyəsində Çindən idxal əsas yer tutur. Belə ki, Azərbaycanın Çindən idxalının dəyəri 1 milyard 693 milyon dollar təşkil edib, bu ölkəyə ixracın dəyəri isə 52,8 milyon dollar olub. Azərbaycanın Çindən idxalında da Çinə ixracında da artım müşahidə edilir.
Xatırladaq ki, Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi onu da bildirib ki, Çinin Azərbaycandan 10 aylıq idxalının 95 faizini neft-kimya məhsulları təşkil edib. Əksər çinli istehlakçılar üçün Azərbaycan yeni, sirli ölkədir. Onlar Azərbaycan məhsullarını sınamağa çox həvəslidir. İlk növbədə bu amil Azərbaycan məhsullarının Çin bazarına girişini asanlaşdırır.
Xəbər lenti
0