CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nağdsız alış-verişdə qaytarılan ƏDV-nin 20 faizə artırılması təklif edilir

© Sputnik / Murad Orujovedvgerial saytının istifadəçisi
edvgerial saytının istifadəçisi - Sputnik Azərbaycan, 1920, 23.11.2022
Abunə olmaq
Deputat diqqətə çatdırıb ki, nağd ödənişlər üzrə 5 faiz bənd azalmanın olduğunu nəzərə alsaq, nağdsız ödənişlər üzrə oxşar həcmdə artım məqsədəuyğun olardı.
BAKI, 23 noyabr — Sputnik. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, gələn ildən ƏDV-nin geri qaytarılması qaydalarının dəyişdirilməsi nəzərdə tutulur.
Bunu deputat Vüqar Bayramov bildirib.
O bildirib ki, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.
"Təbii ki, dəyişikliklər qeyri-nağd ödənişlərin stimullaşdırılması baxımından vacibdir. ƏDV-nin geri qaytarılması mexanizmində əsas məqsəd məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağd hesablaşmaların minimumlaşdırılması məqsədi daşıyır. Bu, iqtisadiyyatın ağardılması, islahatların dərinləşdirilməsi baxımından vacib idi. Bununla yanaşı, Milli Məclisdə keçirilən komitə iclasında nağdsız əməliyyatlara görə qaytarılan ƏDV-nin 15 faizdən 17,5 faizə deyil, 20,0 faizə artırılmasını təklif etdim. Nağd ödənişlər üzrə 5.0 faiz bənd azalmanın olduğunu nəzərə alsaq, nağdsız ödənişlər üzrə oxşar həcmdə artım məqsədəuyğun olardı. Bu plastik kartlardan istifadəyə marağı daha da artırardı. Bütövlükdə, Vergi Məcəlləsinə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və dəyişikliklər real sektorun yeni güzəştlərdən faydalanmasına imkan yaradacaq", - deyə deputat əlavə edib.
Qeyd edək ki, "ƏDV geri al" layihəsi üzrə faizlər dəyişdirilir.
Bu, Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.
Qeyd edək ki, hazırda alıcılara geri qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Beləliklə, nağdsız ödəniş stimullaşdırılır. Təklif qəbul edilərsə, malları nağdsız alan alıcıya daha çox ƏDV qaytarılacaq. Malları nağd ödəniş edərək alanlara isə daha az ƏDV geri qaytarılacaq.
Bu il istehlakçılara 130 milyon manatdan çox ƏDV geri qaytarılıb
Xatırladaq ki, indiyədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb. "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının sayı 74,242-dir. 2022-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 307 milyon 568,9 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 faiz çoxdur.
Cari il oktyabrın 1-dən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır. Belə ki, alkoqollu içkilərin və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğunu nəzərə alaraq, həmin məhsullar ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin dairəsindən çıxarılıb.
Xəbər lenti
0