CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotik əleyhinə olan reklam posterləri uşaqlarda hansı fəsadlara yol açır?

© Sputnik / Murad OrujovAzərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il
Azərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abunə olmaq
Psixoloq Rövşən Nəcəfovun fikrincə, qorxu və şiddət tərbiyə üsulu deyil. Aydın şəkildə yazılmış bir cümlə ilə cəmiyyətə mesajı çatdırmaq olar.
BAKI, 16 noyabr — Sputnik. Son zamanlar paytaxtın demək olar ki, hər yerində narkomaniya əleyhinə reklam lövhələrinə rast gəlmək mümkündür. İstər küçərlərdə, istərsə də ictimai nəqliyyatda bu tipli reklamlara rast gəlinir. Reklam lövhələrində bəzən narkotik vasitələri və onlardan istifadə qaydasını göstərən açıq-aşkar fotolar əks olunur. Bu da bəzən azyaşlı uşaqlara mənfi təsir edir. Bundan valideynlər də narahat olur.
Jurnalist Nigar İsgəndərova hər gün oğlunu ictimai nəqliyyatla məktəbə aparır. Valideynin dediyinə görə, övladı hər dəfə həmin reklam lövhələrini görəndə vahimələnir:
"Oğlum hər dəfə metroyla gedəndə məndən onların nə olduğunu soruşur. "Ana, o şpris nə üçündür? O nədir? Niyə o adamlar skeletə dönüb?" kimi suallar verir. Mən də bilmirəm ki, ona bunu necə izah edim. Hiss edirəm ki, oğlum o reklam lövhələrindən qorxur. Məncə bu tipli reklamların bu formada yayılması doğru deyil".
Azərbaycan Reklamçılar İttifaqının İcraçı direktoru, Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Beynəlxalq Reklam Festivalları mükafatçısı Cahid Həsənov bildirib ki, bu gün narkomaniya əleyhinə olan reklamlar çoxluq təşkil edir. Onun fikrincə, bu, "ağ ölüm"ün əleyhinə aparılan yaxşı kampaniyadır. Amma bunun üçün elə yerlər seçilməlidir ki, digər sosial reklamların yayımı üçün strateji əhəmiyyəti olan yerlər olmasın.
"Bəzən şprisin, ağ rəngdə olan narkotik məhsulun fotolarını açıq-aşkar göstərirlər. Bu tipli sosial yönümlü reklam lövhəsi narkotikə qarşı mübarizə üsulu ola bilməz. Əkisinə, narkotikə marağı olmayan yeniyetməyə, gəncə təsir göstərə, onun beyninə həkk ola bilər", - reklamçı deyib.
Bəs, təbliğat üsulu hansı formada aparmalıdır?
Cahid Həsənov bildirir ki, narkotik qəbul etdiyinə görə dişləri tökülmüş cavan insanın fotosunu paylaşmaqdansa, uğurlu insanın obrazından istifadə etmək daha faydalı olar:
"Ola bilər ki, hansısa məşhur insan zamanında narkotik qəbul edib, ondan uzaqlaşdıqdan sonra uğurlar əldə edib. Həmin posterə yazıla bilər ki, "mən narkotikə yox dedikdən sonra uğur qazandım". Yaxud, tanınmış bir sima, Vətən müharibəsində şücaət göstərən, ictimaiyyətlə sıx əlaqədə olan şəxsin portreti əks oluna bilər, yanında da yazıla bilər ki, "mən narkotikdən uzaq oldum, filan uğuru qazandım". Bununla daha yaxşı təsir etmək olar, nəinki əcaib, dişi tökülmüş bir insan şəklini qoymaq".
Həsənov əlavə edir ki, bu tipli reklamların geniş yayılması ölkənin imicinə mənfi təsir edir. Onun sözlərinə görə, xaricdən gələn turistlərdə ölkə ilə bağlı yanlış fikir formalaşa bilər:
"Xarici turistlər görürlər ki, Bakının hər yerində narkomaniya əleyhinə lövhələr asılıb. Onlarda belə təəssürat yaranacaq ki, burada hamı narkotik istifadə edir. Bütün dünya bizim tarixi qələbəmizin şahidi oldu. Onlarda sual yaranacaq ki, bu qədər narkomanı olan ölkə necə qalib gələ bilib? Bunun əvəzinə, işğaldan azad olunmuş torpaqlarda vətən bayrağını sancan qəhrəmanlarımızın fotosu yer alsın. Onun dilindən yazılsın ki, "narkotikə yox deməklə bütün zəfərləri qazanmaq olar". Bunu təkcə narkotikə şamil etmirəm. Şəhərdə həm də spirtli içkilərin, siqaretin də əleyhinə reklam lövhələri yerləşdirilib. Primitiv fotolarla, primitiv dizaynla təqdim olunan reklamların heç bir müsbət təsiri ola bilməz".
Reklamçılar Birliyinin icraçı direktoru onu da bildirib ki, bu işi hansısa reklam şirkətinə həvalə etmək olmaz. Küçə reklamlarına ciddi nəzarət olunmalıdır. Ölkədə bununla bağlı müsabiqələr təşkil edilsə, yaxşı olar:
"Azərbaycan Dövlət Reklam Agentliyi xüsusi qaydalar hazırlamalıdır. Bundan əlavə, müsabiqələr təşkil olunmalıdır. İctimai təşkilatlar, institutlar bu müsabiqələrə cəlb olunmalıdır. Reklamların insanlara psixoloji təsriləri nəzərə alınmalıdır".
Sözügedən reklam lövhələri insan psixologiyasına mənfi təsir edə bilərmi? Ümumiyyətlə, reklam lövhələri hazırlanan zaman hansı nüanslara diqqət edilməlidir?
Psixoloq, "İnsan Mühəndisliyi" proqramının rəhbəri Rövşən Nəcəfov vurğulayır ki, sosial yönümlü reklamlar, çağırışlar və bu kimi kampaniyalar həyata keçirəndə bütün yaş kateqoriyaları nəzərə alınmalıdır. Reklamın məğzi, mesajı konkret olmalıdır və sual yaratmamalıdır. Xüsusən də insanların çox olduğu məkanlarda rənglərə diqqət yetirilməlidir. Aqressiv rənglərdən istifadə olunmamalıdır. Həmçinin də biznes psixologiyasına istinad etmək lazımdır:
"İstənilən halda korporativ psixologiya anlayışı var ki, bu da insanları istiqamətləndirir. Necə ki pozitiv reklamlarda insanlar satışa istiqamətlənmiş mesajları verirlər və alıcı kütləsi əldə edirlər. Bu tip kampaniyalarda da onun əksini düşünülməli, yayındırma məqsədi daşımalıdır. Qorxu və şiddət tərbiyə üsulu deyil. Aydın şəkildə yazılmış bir cümlə ilə cəmiyyətə mesajı çatdırmaq olar".
Psixoloq qeyd edir ki, uşaqların olduğu məkanlarda, ictimai nəqliyyatda yerləşdirilən reklam və yaxud posterlərə diqqət olunmalıdır. Uşaqların psixologiyası, onlara təsiri nəzərə alınmalıdır. Bununla bağlı psixoloq rəyi verilməlidir:
"Psixoloq rəy verməlidir ki, bu poster azyaşlı uşaqlara necə təsir edəcək? Həqiqətən də bu mesaj onların maariflənməsinə müsbət təsir göstərəcəkmi? Psixoloji tərəfləri nəzərə alınmazsa, əksi ilə qarşılaşacağıq. Həmişə neqativ mesajlar marağa səbəb olur. Uşaq tərbiyəsində çox sadə, hamımızın müşahidə etdiyi təcrübə göstərir ki, biz uşağa nəyisə qadağan edəndə, uşaq həmin şeyi etmək istəyir. İnsan psixologiyası belədir ki, bəzən qadağalar, şiddət və qorxu onda maraq yaradır. Çünki, bu istər- istəməz insana, həm də həyəcan verir. Biz bu həyəcanı başqa cür, başqa formada ötürməliyik".
R.Nəcəfovun fikrincə, reklam çarxı və yaxud reklam posteri hazırlanmamışdan öncə müzakirə olunmalıdır. Bundan əlavə, bütün yaş kateqoriyalar nəzərə alınmalıdır:
"Gələcəkdə kimlərisə xilas edəcəyik deyib, başqalarını qorxu və şiddətə təhrik etməməliyik. Çünki, istənilən rəng və ifadə insanın alt şüuruna təsir edir. Gələcəkdə də həmin təsirlər insanın davranışlarını poza bilər. Cəmiyyəti maarifləndirmək istəyiriksə, ictimai psixologiyanı və fərdi yanaşmanı nəzərə almalıyıq".
Xəbər lenti
0