CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəxsiyyət vəsiqəsinin verilməsi daha da asanlaşdırılır

© Sputnik/Murad OrucovŞəxsiyyət vəsiqəsi
Şəxsiyyət vəsiqəsi - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
"Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklik edilir. Sabah bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
BAKI, 20 oktyabr — Sputnik. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklik edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliklə qanunun 4-cü maddəsinə (Şəxsiyyət vəsiqəsinin verilməsi) əlavələr edilir.
Qanuna aşağıdakı məzmunda cümlələr əlavə olunur:
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir".
Qeyd edək ki, təklif olunan dəyişiklik vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınması təmin ediləcək.
Sabah bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
© fins.azElektron şəxsiyyət vəsiqəsi, arxiv şəkli
Elektron şəxsiyyət vəsiqəsi - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Elektron şəxsiyyət vəsiqəsi, arxiv şəkli
Xatırladaq ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket;
vətəndaşın doğum haqqında şəhadətnaməsi;
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa);
vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış;
çağırışçılar və hərbi vəzifəlilər üçün təhkim şəhadətnaməsi və ya hərbi bilet;
dövlət rüsumunun ödənilməsi barədə sənəd;
ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.
15 yaşına çatmış vətəndaşlar qeydiyyata alınmaq və ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə valideynlərindən biri və ya qanuni nümayandələri ilə birgə müraciət etməlidirlər.
Dəyişdirilmə qaydaları
Şəxsiyyət vəsiqəsi 10 illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.
2018-ci ilin sentyabrın 1-dək verilən (elektron daşıyıcısı olmayan) şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya şəxsiyyət vəsiqəsinin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.
Vətəndaş elektron daşıyıcısı olmayan etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsinin yeni şəxsiyyət vəsiqəsinə dəyişdirilməsi üçün müraciət edə bilər.
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi, yaxud vətəndaşın soyadının, adının, atasının adının dəyişməsi və ya şəxsiyyət vəsiqəsinin, o cümlədən onun elektron daşıyıcısının (çipin) yararsız hala düşməsi ilə əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirilərkən vətəndaşın fotoşəkli vəsiqə verən orqanda çəkilməklə aşağıdakı sənədlər tələb edilir:
şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında ərizə-anket;
şəxsiyyət vəsiqəsi;
dövlət rüsumunun ödənilməsi barədə sənəd;
vətəndaşın adı, soyadı, atasının adı, ailə vəziyyəti dəyişdikdə qeyd olunanlardan əlavə- doğum haqqında şəhadətnamə, nigahın bağlanması və ya pozulması haqqında şəhadətnamə.
15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur.
15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.
Qəbz, arxiv şəkli
Квитанция - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Qəbz, arxiv şəkli
Dövlət rüsumunun məbləği
15 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;
üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 50 manat;
bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 70 manat.
15 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;
üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat;
bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 manat.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
on iş günü müddətində verildikdə - 30 manat;
üç iş günü müddətində verildikdə - 70 manat;
bir iş günü müddətində verildikdə - 90 manat.
Xəbər lenti
0