QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Döyüşə könüllü gedən məktəb direktoru: Müharibə vaxtı bütün maskalar cırılır

© SputnikEldost Azayev
Eldost Azayev - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Abunə olmaq
Eldost Azayev: "Biz elə bir xalqla qonşuyuq ki, heç vaxt ona arxalanmaq, etibar etmək olmaz".
BAKI, 5 oktyabr - Sputnik. Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Həmişə övladlarımıza savad verən müəllimlər iki il əvvəl Vətən Müharibəsində düşmənlə döyüşlərin ön xəttində oldular. Xeyli sayda pedaqoq Vətən uğrunda canından keçdi, əlil oldu. Könüllü olaraq işğalçıları torpaqlarımızdan qovmağa gedənlərdən biri də Saatlı rayonu, Əhmədbəyli kənd tam orta məktəbinin direktoru Eldost Azayevdir. Onunla saytımızda getmiş müsahibəni təkrar diqqətinizə təqdim edirik.
- Məktəb direktoru, əlillik dərəcəsi ola-ola könüllü surətdə müharibəyə getmisiz. Niyə? Deyə bilərsizmi, müharibə bir müəllim kimi sizə nəyi öyrətdi?
- Müharibə insanın bütün keyfiyyətlərini üzə çıxarır. Bütün maskalar cırılır müharibə vaxtı. Müharibədə məlum oldu ki, pul heç nəyi həll eləmir. Pula görə özümüzü oda-közə vururuq, amma müharibədə bunun heç bir əhəmiyyəti qalmır. Beyin tamamilə başqa cür işləyir. Hər saniyəsində ölüm var. Müharibədə anlayırsan ki, indiyədək uğrunda çalışdığın maddi şeylər heç nəyə dəyməzmiş. Çünki, həyatını, sağlamlığını itirmiş o əsgərin, zabitin yerində mən də ola bilərdim. Amma o torpaqlara dəyərdi. Ən azından düşünürəm ki, oğlum Mustafa əsgərə gedəndə salamat yerə gedəcək. Heç olmasa, bu problemi ona saxladığım üçün əzab çəkməyəcəyəm.
© SputnikEldost Azayev döyüş yoldaşları ilə
Vüsal və Eldost Azayev qardaşları - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Eldost Azayev döyüş yoldaşları ilə
- Müharibə xalqımızla bağlı düşüncələrinizdə nəsə dəyişiklik edib? Sizcə xalq özünü necə apardı?
- Qısaca belə deyim: Müharibəyə qədər məni ən çox narahat edən cavanların geyim tərzi idi. Fikirləşirdim ki, belə gənc olar? Dar şalvar, dar geyimlər, qəribə saç düzümləri, saqqal və s. Amma müharibədə gördüm ki, o dar şalvar geyinənlər müharibədə bizimlə birlikdə vuruşurlar. Artıq o geyimlər, o saç, saqqal onlar üçün ən axırıncı plana keçib. Onlar vətən uğrunda diri gözlü ölümə gedirlər. Sanki bu müharibədə xalqımızı oyatdı, onu başqa cür davranmağa sövq elədi.
- Müharibəyə gedəndə ən çox hansı cəbhədə vuruşmağı arzulayırdız?
- Biz uşaq olanda, 1983-cü ildə qardaşımla Şuşada, İsa bulağında şəkil çəkdirmişdik. Həmişə arzulayırdıq ki, yenə ora gedək, oranı görək. Çünki uşaq yaddaşımızda çox az şey qalmışdı Şuşadan. Davaya gedəndə də fikrimizdə Şuşanı azad etməyi tutub getmişdik. Sadəcə iş elə gətirdi ki, bizim bölmələr ora getmədi. Amma inşallah, Şuşaya yol açılsın, gedib elə orada eyni cür foto çəkdirərik.
© SputnikVüsal və Eldost Azayev qardaşları
Vüsal və Eldost Azayev qardaşları - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Vüsal və Eldost Azayev qardaşları
- Belə fikirlər var ki, o müharibə, qırğınlar olmaya da bilərdi, rus sülhməramlıları gəlməməli idi. Necə düşünürsüz, Qarabağ problemini müharibəsiz və rus sülhməramlıları gətirilmədən həll etmək mümkün idimi?
- Qanla gedən torpaqlar qanla qayıtmalı idi. Deyirlər ki, "niyə ruslar ora gəlir?" Döyüşdə olmayan adam oradakı vəziyyəti bilməz. Bu ərazilərin qaytarılması üçün qurbanlar verilməli idi. Döyüşlə qaytarılan torpaqların hər qarışında ömrünü cavan ikən qurban vermiş qardaşlarımızın qan izləri var. İnsan itkisi çox ağır itkidir. Əgər o itkiləri vermədən digər əraziləri xilas etmək mümkün idisə, ona getmək lazım idi. Bu baxımdan düşünürəm ki, bu barədə ölkə rəhbərliyinin verdiyi qərar düzgün idi.
- Ordudan qayıtmış əsgər və zabitlərin psixoloji durumunu necə qiymətləndirirsiz? Dövlət və cəmiyyət onlarla necə rəftar etməlidir?
- Ordudan qayıtdığımız çox az bir zamandır. Düşünürəm ki, psixoloji dəstəyə ehtiyacımız var. Amma inanmıram ki, bunun nəticəsi olsun. İnsan müharibədə necədirsə, psixoloji durumu necədirsə, qayıdandan sonra da həmin adamdır. Bunun üçün nəsə maxinasiya etmək, dövlətdən nə isə ummaq, cəmiyyətdən nələrisə istəmək yersizdir. Rəftara gəlincə, deyim ki, əvvəllər hərbçilərə, əsgər və zabitlərə sanki "yoldan keçən biri kimi yanaşırlar" təəssüratı var idi. Amma indi fikirlər dəyişib. Hərbçilərin cəmiyyət qarşısında nüfuzu geri qayıdıb. Məncə hərbçilər də bundan sonra ləyaqətli davranış nümayiş etdirərək xalqın gözündə ən hörmətli peşə sahibləri kimi qalmalıdırlar.
© SputnikVüsal və Eldost Azayev qardaşları
Vüsal və Eldost Azayev qardaşları - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Vüsal və Eldost Azayev qardaşları
- Müharibə bölgəsində ən çox diqqətinizi cəlb edən nə oldu?
- İşğal olunmuş ərazilərdə müvəqqəti qərargah kimi istifadə etdiyimiz məktəblərin vəziyyəti. Buradakı modern avadanlıqlar, məktəblilər üçün hər cür şəraitin olması məni çox təəccübləndirdi. Bir də 6-cı sinif şagirdlərinin hərbi hazırlıqla bağlı dərs kitabında artıq erməni uşaqlara minaatanlar barədə dərslərin keçildiyinə fikir verdim. Onda başa düşdüm ki, niyə ermənilər müharibədə minamyotla bu qədər dəqiq atəş açırdılar. Müharibədə ermənilərin ən böyük üstünlüyü də elə minaatanlardan atdıqları atəş idi.
- Müharibədən sonrakı dövrdə bir müəllim olaraq üstünüzə düşən vəzifələr barədə düşünmək imkanınız olub?
- Müəllim olaraq üstümüzə düşən vəzifə şagirdlərimizi daha vətənpərvər böyütməkdir. Vətənpərvərlik mövzusunda kütləvi tədbirlər daha çox olmalıdır. Bizim vəzifəmiz hər şeydən əvvəl vətənimiz üçün keyfiyyətli, səviyyəli insanlar yetişdirmək olmalıdır. Müharibədə fikir verdim ki, insani keyfiyyətlər, döyüş yoldaşları ilə düzgün rəftar intellektdən daha vacibdir. Həm də düşünürəm ki, məktəblərdə hərbi dərslərin sayı artırılmalıdır, keyfiyyəti yüksəldilməlidir. Məktəblərdə silah otaqları olmalıdır. Müasir silahlar olmasa da, bu gün döyüş şəraitində istifadə olunan silahlar barədə uşaqlara geniş biliklər verilməlidir. Biz elə bir xalqla qonşuyuq ki, heç vaxt ona arxalanmaq, etibar etmək olmaz. Biz həmişə onların fitnəsinə hazır vəziyyətdə olmalıyıq. Həm də düşünürəm ki, zamanla Azərbaycan peşəkar ordunun yaradılmasına keçid etməlidir. Ordu hərb peşəsini sevən və ona ömrünü həsr etmək istəyən insanlardan formalaşdırılmalıdır.
Xəbər lenti
0