CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaponiyalı xeyriyyəçi Azərbaycandakı missiyasını bərpa edib

© Photo : State Committee For Affairs Of Refugees and Internally Displaced Persons Of The Republic Of AzerbaijanRövşən Rzayev Akio Kanai ilə görüşüb
Rövşən Rzayev Akio Kanai ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 08.09.2022
Abunə olmaq
Akio Kanai xeyriyyə missiyasının uğurla həyata keçirilməsinə hökumət səviyyəsində göstərilən dəstəyi razılıq hissi ilə xatırlayıb, missiyanın bərpasından sonra bu dəstəyin davam edəcəyinə ümidvar olduğunu deyib.
BAKI, 8 sentyabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın "Fuji Optical Co. Ltd" şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq və xeyriyyəçi Akio Kanai ilə görüşüb. Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra məcburi köçkünlərin həyatında yeni bir dövrün başlandığı barədə yaponiyalı qonağa ətraflı məlumat verilib.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır, Böyük Qayıdışın ilkin mərhələsi başlanıb. Doğma yurda böyük ruh yüksəkliyi ilə qayıtmağa hazırlaşan insanlar dövlətimizin qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyev onların qısa müddətdə öz ata-baba ocaqlarına qayıdışının təmin olunmasını ən mühüm vəzifə kimi qarşıya qoyub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini daim diqqətdə saxlayır.
Məcburi köçkünlüyün çətinliklərini yaşayanların sağlamlıq vəziyyətinə xüsusi həssaslıqla yanaşılır. Dövlət Komitəsi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) arasında bağlanmış əməkdaşlıq haqqında memorandum əsasında doğma yurda qayıdarkən məcburi köçkünlər hərtərəfli tibbi müayinədən keçirilirlər. Artıq Zəngilan rayonunun Ağalı kəndinə qayıdışda bu təcrübə tətbiq edilir.
Yaponiyalı xeyriyyəçinin Azərbaycanda 15 ildən artıq bir müddətdə məcburi köçkünlərə və aztəminatlı ailələrə optometrik xidmətlər göstərdiyi, nəticədə hər il minlərlə insanın görmə imkanlarını yaxşılaşdırdığı minnətdarlıqla xatırlanıb.
Akio Kanai COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ildən ölkəmizdə öz xeyriyyəçilik missiyasını həyata keçirə bilmədiyini vurğulayaraq, indiki səfərinin missiyanı bərpa etmək məqsədi daşıdığını bildirib.
Yaponiyalı qonaq səfər çərçivəsində Tərtər rayonunda olub, vaxtilə xidmət göstərdiyi insanlarla görüşüb, müharibə zamanı rayonda dağıntıya məruz qalmış mülki obyektlərə baş çəkib, bundan ziyan görən insanlarla söhbətləşib.
O, xeyriyyə missiyasının uğurla həyata keçirilməsinə hökumət səviyyəsində göstərilən dəstəyi razılıq hissi ilə xatırlayıb, missiyanın bərpasından sonra bu dəstəyin davam edəcəyinə ümidvar olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərdən də danışılıb.
Xəbər lenti
0