Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

MDB bazarlarında brend olan Azərbaycan məhsulu - baha olsa da, daim alıcısı var

© AFP 2023 / KIRILL KUDRYAVTSEVpomidor
pomidor  - Sputnik Azərbaycan, 1920, 17.08.2022
Abunə olmaq
İqtisadçı hesab edir ki, MDB bazarlarında Azərbaycan pomidoru brenddir, tanınmış məhsuldur və baha qiymətə satılır. Onun Rusiyaya ixracı isə daha əlverişlidir.
BAKI, 17 avqust — Sputnik. Bu ilin 7 ayında Azərbaycandan 112,2 min ton və ya 134,2 milyon dollar dəyərində pomidor ixrac olunub. Bu da keçən ilin müvafiq dövrünə nisbətən dəyər ifadəsində 4,7 faiz çox, həcm baxımından isə 5,7 faiz azdır.
Rusiyaya pomidor ixracı azalsa da, gəlir artıb
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan Rusiyaya pomidor ixracı ötən 7 ay ərzində 109,4 min ton və ya 129,8 milyon dollar olub. Bu da keçən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3 faiz çox, həcm baxımından isə 4,4 faiz azdır.
Ən çox pomidor Rusiyaya göndərilib
Göründüyü kimi, bu il Azərbaycandan pomidorun 97,5 faizi Rusiyaya göndərilib. İxrac gəlirlərində artım isə bu il pomidorun daha baha qiymətə satılması ilə bağlıdır.
MDB bazarlarında Azərbaycan pomidoru brenddir
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, pomidor ölkəmizin ixracında həmişə əhəmiyyətli rol oynayıb: "Azərbaycanda pomidor ənənəvi olaraq Müstəqil Dövlətlər Birliyi (MDB) məkanına çıxarılır. Həmin bazarlarda Azərbaycan pomidorunun brendi var, tanınmış məhsuldur və baha qiymətə də satılır. Qeyri-neft sektoruna aid malların ixrac siyahısında pomidor əksər vaxtı ilk üçlükdə yer alır. Cari ilin 6 ayında ümumi qeyri-neft məhsullarının ixracında pomidorun payı təxminən 8,5 faizdir".
© Photo : Social media page of Khalid KarimliXalid Kərimli
Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 16.08.2022
Xalid Kərimli
Rusiyaya pomidor ixracı çox əlverişlidir
"Azərbaycandan Rusiyaya pomidor ixracı çox əlverişli və perspektivlidir. Pomidor ixracı daha sərfəli, daha gəlirlidir deyə fermerlərimiz Rusiya bazarına üz tuturlar. Əgər Rusiya bazarı olmasa, pomidora qoyulan investisiya bata bilər", - deyə ekspert əlavə edib.
Rusiyaya pomidor ixracı ilə bağlı məhdudiyyətlər tam aradan qaldırılıb
Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Rusiyaya pomidor ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. Bu ilin mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilib və pomidor və alma məhsullarının 2023-cü ilin 1 yanvar tarixinə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb.
"Rosselxoznadzor" tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.
Ötən il Azərbaycandan pomidor ixracının 96,5 faizi Rusiyanın payına düşüb
2021-ci ildə Azərbaycandan pomidor ixracı 2020-ci ilə nisbətən 22,6 faiz azalaraq 145,2 min ton olub. 2021-ci ildə Azərbaycandan pomidor ixracının 96,5 faizi Rusiya bazarının payına düşüb, az həcmdə isə Ukrayna, BƏƏ və Qazaxıstana ixrac olunub. Ötən il Rusiyaya 157 milyon 559 min dollar dəyərində 140 min 110 ton pomidor ixrac edilib.
Xəbər lenti
0