CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ümidimiz bölgələrədir, orada da hər adam dincələ bilmir - Deputat

© Sputnik / Murad OrujovQəbələyə mənzərə, arxiv şəkli
Qəbələyə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.07.2022
Abunə olmaq
Natiq Cəfərli bildirir ki, dövlət turizm sahəsində vergiləri aşağı salmaqla qiymətləri ucuzlaşdıra bilər.
BAKI, 23 iyul — Sputnik. Turizmin inkişaf etdiyi bölgələrdə qiymətlərin bahalığından artıq deputatlar da şikayətlənir. Bu günlərdə İsmayıllıda istirahət edən millət vəkili Fazil Mustafa deyib ki, istirahət etdiyi yerlər sadə vətəndaşın cibinə uyğun deyil: "Biz orta təbəqənin adamlarıyıq. Mən öz cibimə uyğun deyirəm, amma qiymətlər yoxsul əhali üçün münasib deyil".
Deputat bildirib ki, istirahət mərkəzlərində müşahidə olunan yüksək qiymət rəqabətin olmamasından irəli gəlir. F.Mustafa söyləyib ki, bölgələrdə rəqabət qabiliyyətini artırmaq lazımdır: "Bilirsiniz ki, Azərbaycanın quru yolu bağlıdır. Bu da qiymətlərin yüksək olmasına təsir edir. Turistlər çox gələrsə, bu, qiymətlərə də müsbət anlamda öz təsirini göstərəcək.
Bununla da xidmətin keyfiyyəti də yüksələr. Amma az sayda insan olanda məkan sahibləri xərcləri ödəmək üçün qiymətləri süni şəkildə qaldırır. Bunların hamısı rəqabətlə bağlı məsələlərdən irəli gəlir. Rəqabət zəifdir. Ölkəyə turist axını da güclü deyil. İnsanlar keyfiyyətli xidmət olan yerlərə meyil etməyə başlayır. Ona görə də daha çox qapıların açılması turizmin təşkil olunmasından asılı məsələdir".
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bölgələrdə istirahət qiymətlərinin baha olmasının əsas səbəbi hotellərin sayının azlığıdır: "Qiymətlərə əsas təsir edən amil istirahət məkanlarının, gecələmə yerlərinin az olmasıdır. Biz hər zaman deyirik ki, bölgələrdə istirahət qiymətlərinin aşağı düşməsi üçün belə məkanların sayı artırılmalıdır. Bu işə yerli sahibkarlar cəlb olunmalıdır. İstirahət məkanlarının, hotellərin sayı nə qədər çox olarsa, bu qiymətlərə təsir edəcək".
G.Qəhrəmanov bildirib ki, quru sərhədlərin bağlı qalması bölgələrə axını artırdığından, bu da qiymətlərə təsir göstərir. O, azbüdcəli hotellərin sayının artırılmasının qiymətlərə müsbət təsir edəcəyini söyləyir.
İqtisadçı Natiq Cəfərli isə bildirir ki, hazırda bölgələrdəki istirahət məkanlarında tələb təklifi üstələyir: "Klassik nəzəriyyəyə görə, nə qədər hotel sayı artsa, qiymət o qədər də aşağı olmalıdır. Amma bizdə bu iqtisadi prinsiplər işləmir. Ona görə də dövlət özü də turizmdə qiymətlərin ucuzmasına təsir göstərməlidir. Dövlət turizm sahəsində vergiləri aşağı salmaqla qiymətləri ucuzlaşdıra bilər. Həmçinin turizm sahəsində qiymətlərin aşağı düşməsi üçün bazarda təklif tələbdən az olmamalıdır. Tələbat artdıqca təklif də artmalıdır".
Həmsöhbətimiz bildirir ki, kiçik butik hotellərin yaradılması təşviq olunmalıdır. Onun sözlərinə görə, iri hotellər şəbəkəsi ziyanla işləsə də, qiymətləri aşağı salmır: "İri hotellər sanki bir mərkəzdən eyni məntiqlə idarə olunur. Bu hotellər şəbəkəsi ziyanla işləsə də, qiyməti aşağı salmırlar. Qiymətlər Avropa İsveçrə hotellərinin qiymətlərinə bənzəyir.
Ona görə də bizdə "home hotel"lərə üstünlük verilməlidir. Dünya təcrübəsində kurortlarda ailələrə məxsus hotellər var. Ona görə də bölgələrdə ailələrə kreditlər verilməlidir. Evlərinin bir hissəsini hotelə çevrilməyə şərait yaradılmalıdır. Bu, iri hotellərin qiymətlərinin aşağı düşməsinə təsir göstərir".
Natiq Cəfərli bildirib ki, ölkəmizdə turizm sahəsində də məmurların biznesi var. Bu isə qiymətlərə təsirsiz ötüşmür: "Bir bölgədə bəzən bir neçə istirahət mərkəzi bir məmura məxsus olur. Onlar da qiyməti diktə edirlər. Çox təəssüf ki, turizm sahəsi də korrupsioner məmurların diqqətindən yan keçməyib".
Xəbər lenti
0