CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zorakılıq olan ailələrlə söhbətlər aparmaq lazımdır - Sədaqət Qəhrəmanova

© Sputnik / Zulfiyya GuluyevaMəişət zorakılığına məruz qalmış qadınların sığınacağı
Məişət zorakılığına məruz qalmış qadınların sığınacağı - Sputnik Azərbaycan, 1920, 20.07.2022
Abunə olmaq
Bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, insan üçün ən təhlükəsiz sığınacaq onun ailəsidir.
BAKI, 20 iyul — Sputnik. Azərbaycanda qadın sığınacaqları azlıq təşkil edir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Qadınların yerli idarəetmədə iştirakının artırılması" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Zabratda olan qadın sığınacağı 30 qadının yerləşdirilməsi üçün nəzərdə tutulub:

"Qeyri-hökumət təşkilatlarının yaratdığı sığınacaqlar olsa da, bu da kifayət qədər deyil. Burada bələdiyyələrin də üzərinə ciddi vəzifə düşür. Əvvəllər sığınacaqlar olmayıb. Risk qrupuna daxil olan, zorakılıq olan ailələrlə söhbətlər aparmaq lazımdır. Rayonlarda fəaliyyət göstərən ictimai təşkilatlar, ağsaqqallar, ağbirçəklər şurası bu işdə yaxından iştirak etməlidir. Belə ailələrlə görüşlər keçirilməlidir. Bu mövzuda könüllülərin da iştirakı təmin edilməlidir".

Sədaqət Qəhrəmanova əlavə edib ki, hazırda gender əsaslı komissiyaların fəaliyyəti bələdiyyələrdə pilot layihə olaraq həyata keçirilir: "Hazırda Bakıxanov bələdiyyəsində gender komissiyası şöbə olaraq fəaliyyət göstərir, üzvləri məvacib alırlar. Onların fəaliyyəti də təqdirəlayiqdir. Bu, müsbət təcrübədir".
Xatırladaq ki, bir müddət öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda qadın sığınacaqlarının az olmasına münasibət bildirib. O, insan üçün ən təhlükəsiz sığınacağın ailəsi olduğunu deyib.
"Biz insanların ailədə özlərini rahat, azad, təhlükəsiz hiss etməsinə çalışmalıyıq. Çünki bütün ailə mühitini sığınacaqla əhatə edə bilmərik", - Dövlət Komitəsinin sədri vurğulayıb.
B.Muradova qeyd edib ki, sığınacaq həvəsi digər məsələləri arxada qoymamalıdır: "Əlbəttə ki, həm beynəlxalq təşkilatların nəzdində, həm də dövlət proqramlarına uyğun olaraq sığınacaqlar yaradılıb, yenilərinin yaradılması planlaşdırılır.
Bu, müxtəlif regionları əhatə etməlidir. Əgər şiddətə məruz qalan sığınacaqda məskunlaşırsa, şiddətə məruz qoyanın onun yerini bilməməsi məsələsi də var. O zaman hər şəhərdə, rayonda sığınacaq olmasına ehtiyac yoxdur.
Sığınacaqların sayının az olmasına baxmayaraq, sığınacaqda məcbur qalan insanlar üçün çətinliklər yoxdur. Yəni onlar yerləşdirilə bilər. Bu onu göstəririr ki, zorakılıq ya sığınacağa yerləşdirmə həddinə qədər göstərilməyib, ya da zorakılığa məruz qalan hələ dözür. Cəmiyyətin bu məsələyə münasibətini dəyişməyi düşünürük".
Məişət zorakılığına məruz qalmış qadınların sığınacağı - Sputnik Azərbaycan, 1920, 07.06.2022
CƏMİYYƏT
Uşaq və qadın sığınacaqları ilə bağlı müəmma - Qanun ancaq dövlət sığınacaqlarına aiddir
Xəbər lenti
0