CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şadlıq saraylarından gələn səslər paytaxt sakinlərini təngə gətirib

© Pexels Craig AdderleyŞadlıq sarayı, arxiv şəkli
Şadlıq sarayı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.07.2022
Abunə olmaq
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov şadlıq saraylarında səs desibelinin gözlənilmədiyini desə də, şadlıq sarayları bunun tam əksini iddia edirlər.
BAKI, 9 iyun — Sputnik. Paytaxt sakinləri yaşayış yerlərinə yaxın ərazilərdə fəaliyyət göstərən şadlıq saraylarının səsindən gecənin gec saatlarınadək yuxusuz qaldıqlarını bildirirlər.
Uşaqlı ailələr isə çarəni maşına minib toy bitənə qədər şəhərdə dolaşmaqda görürlər.
"Uşaqlarımız balacadır. Onlar axşam saat 9-da yatmalıdırlar. Bilirsiz ki, uşaqların sağlam böyüməsi üçün yuxu rejimi vacib amildir. Amma toy mövsümü başlayandan, ətrafdakı şadlıq saraylarından gələn səslər uşaqların yuxusuna haram qatıb. Çarəsiz qalıb, uşaqları maşına qoyub şəhərdə gəzdiririk ki, heç olmasa, maşında yatsınlar", - 8-ci mikrorayonda yaşayan Fərid Hüseynov deyib.
Əhmədli qəsəbəsində yaşayan Rövşən Əliyevi də eyni problem narahat edir: "Evdə xəstə, yaşlı anam var, uşaqlar balacadır. Toyun səsindən bəzən evdə otura bilmirik".
Elvira İsmayılova isə 8-ci kilometr qəsəbəsində yaşayır. Deyir ki, azyaşlı oğlu səsə çox həssasdır. Şadlıq evlərindən gələn səslər onu narahat etdiyi üçün, E.İsmayılovagil bəzən atasıgildə gecələməli olurlar.
Eyni problemlər paytaxtın digər sakinlərini də təngə gətirib. Bəs normalda şadlıq evlərində, kafe və restoranlarda səs desibeli necə tənzimlənməlidir?
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov deyib ki, 2012-ci ildə "Şadlıq saraylarının təsnifatı və qaydalar"ına əsasən bu qapalı məkanda səs desibeli gözlənilməlidir. Qanun-qayda olsa da, təəssüflər olsun ki, o, işlək deyil.
AİB sədrinin sözlərinə görə, şadlıq saraylarında səs desibeli ilə bağlı normaların gözlənilməməsinin səbəblərindən ən başlıcası hökumətin səhv siyasət yürütməsidir:
"Çünki biznes qurumları üçün toxunulmazlıq siyasəti formalaşıb. Heç kəs onları yoxlaya, antireklam edə bilmir. Belə bir şəraitdə də şadlıq sarayları vəziyyətsən sui-istifadə edirlər. Onlar səsi yüksəltməklə çalışırlar ki, qonaqlar ordan tez getsinlər".
O bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti şadlıq saraylarında səs normasının qorunub-qorunmamasına nəzarət etməlidir.
Şadlıq sarayları vəziyyəti necə izah edir?
"Versal" şadlıq sarayından agentliyə bildirilib ki, onlarda səs disebeli gözlənilir, bu disebel 5.55-dir.
"Simfoniya" şadlıq sarayının direktoru Eldar Qasımov isə deyib ki, məkan yeni təmirdən çıxıb. Orada bütün lazımi akustik işlər görülüb:
"Səsgücləndiricilər yenilənib, alçipanlar var, yəni zaldan foyeyə heç bir səsötürücü yoxdur, zalın daxilində də akustika qorunur. Düşünürəm ki, tək bizdə yox, ümumiyyətlə yeni təmirdən çıxan digər şadlıq saraylarının 90 faizində bununla bağlı hansısa problem yoxdur, orada səsqoruyucu alçipanlardan istifadə olunur".
"Populyar müğənnilər onsuz da bahalı avadanlıqları ilə birgə gəlirlər", - deyə şadlıq sarayından verilən məlumatda bildirilib.
Nəzarətə gəldikdə, E.Qasımov bildirir ki, ümumiyyətlə, akustika, səs norması ilə bağlı məkanda hansısa monitorinq aparılmayıb: "Nəzarət olmasa da, toy sahiblərinin öz tələbləri var ki, səs çox yüksək olmasın.
Qeyd edək ki, 2012-ci ildə "Şadlıq saraylarının təsnifatı və qaydalar" dövlət standartına əsasən səsucaldan elə köklənməlidir ki, metallik və aydın olmayan səslər salondakılara mane olmasın. Eyni zamanda salondakı səs 85 dB(A)-dən yüksək olmamalıdır.
Amma şikayətlərdən görünür ki, şadlıq saraylarındakı səslər nəinki salondakı qonaqları, hətta ətrafda yaşayan insanları belə narahat edir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlayıb vəziyyətlə bağlı görülən tədbirləri soruşmaq istədik. Lakin Xidmət 1 aya yaxın vaxt keçməsinə baxmayaraq, sorğumuzu cavablandırmadı. Görünür, paytaxt sakinləri hələ çox toyxana səsi eşidəcəklər.
Xəbər lenti
0