CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni binaların liftləri ölüm saçır

© Sputnik / Aleksey Nichukin / Mediabanka keçidLift
Lift - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Abunə olmaq
Ramil Osmanlı bildirib ki, bəzi yeni yaşayış binalarında liftlərdən istifadə edilsə də, FHN-nin müvafiq qurumu tərəfindən liftlər texniki istismara qəbul edilməyib.
BAKI, 6 iyul — Sputnik. Srağagün paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq baş verib. Əyləcinin tutmaması səbəbindən lift qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşüb. Nəticədə 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
Bu hündürmərtəbəli yaşayış binasında baş verən ilk hadisə deyil. Ötən ay Bakının Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında "Yeni Ev 7" MTK-nın tikdiyi 17 mərtəbəli binada liftin qırılaraq şaxtaya düşməsi nəticəsində altı nəfər xəsarət almışdı.
Baş verən ikinci belə hadisə hündürmərtəbəli yeni yaşayış binalarında liftlərin texniki təhlükəsizliyinin yoxlanılmadığını gündəmə gətirib.
Bəs görəsən yeni tikililərdə liftlərin texniki təhlükəsizliyinə kim məsuliyyət daşıyır? Liftlərə texniki xidmət necə təşkil olunmalıdır ki, belə hadisələr təkrarlanmasın?
Binalarda liftlərdə bağlı qəzalar niyə tez-tez təkrarlanır?
Bakı Şəhər İcra Hakimiyyətinin "Lifttəmir" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a bildirildi ki, Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən inşa olunan yeni tikililərdə liftlərin təhlükəsizliyinə nəzarət binanın idarəedilməsinə məsul olan təşkilatların üzərindədir.
"Lifttəmir" İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynov bildirdi ki, sovet dövründə lift təsərüfatı dövlət nəzarətində olub. Bu gün də də köhnə mənzil fondunda lift təsərrüfatı dövlət nəzarətində olduğundan onlara vaxtı-vaxtında texniki xidmət göstərilir, köhnə liftlər yeniləri ilə əvəzlənir. Yeni inşa olunan binalarda isə liftlərə texniki nəzarəti "Lifttəmir" İB aparmır. Onun sözlərinə görə, bütün yaşayış binalarında liftlərin texniki nasazlığının yoxlanılması Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumu tərəfindən həyata keçirilir. Amma o bildirib ki, MTK-lar lisenziyası olan təşkilatlarla müqavilə bağlayaraq liftlərə texniki xidməti təmin etməlidir. M. Hüseynov bildirib ki, MTK-lar bunun üçün "Lifttəmir" İB-nin müvafiq İstehsalat İdarələri ilə müqavilə bağlaya bilər.
MTK-lar müqavilə bağlamalıdır
"Baklift-1" İxtisaslaşdırılmış İstehsalat İdarəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, bunun üçün MTK İdarə ilə müqavilə bağlamalıdır. Müqavilə bağlamazdan öncə isə binada neçə lift varsa hər birinin pasportunu, FHN-də qeydiyyat sənədini, həmçinin liftin istismara qəbul edildiyini təsdiqləyən müvafiq sənədi təqdim etməlidir. Bütün bu sənədlər hazır olduqdan sonra MTK ilə İdarə arasında müqavilə bağlana bilər. Müqavilə bağlandıqdan sonra liftlərə texniki baxış keçiriləcək. Hər liftin aylıq texniki xidmət haqqı 120-150 manatdır.
Liftlər ayda bir dəfə yoxlanılmalıdır
Apardığımız araşdırma zamanı məlum oldu ki, ölkəmizdə liftlərə texniki xidmət göstərən servis şirkətlərinin sayı onlarladır. Onlardan birinin, "Xəzər Lift" MMC-nin sahə rəisi Sahil Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, liftlərə texniki baxış ayda bir dəfə mütləq keçirilməlidir. Onun sözlərinə görə, bunun üçün yeni yaşayış binasında idarəçiliyi həyata keçirən təşkilat liftlərə texniki xidmət təklif edən şirkətlərlə müqavilə imzalamalıdır: "Biz xidmət göstərdiyimiz yaşayış binalarında liftdə hər hansı ehtiyat hissəsi nasaz olduqda mütləq liftin fəaliyyətini dayandırırıq. Bununla bağlı binanın komendantı ilə birgə akt tərtib olunur. Yalnız liftin ehtiyat hissəsi dəyişdirildikdən sonra istifadəsinə icazə verilir".
"Lift qırılıb şaxtaya o vaxt düşə bilər ki..."
Mütəxəssis bildirir ki, Bakıda bir neçə yaşayış binasında liftin qırılması yeni tikililərdə liftlərə texniki xidmətin ya göstərilmədiyini, yaxud da keyfiyyətsiz göstərildiyini sübut edir: "Lift gərək o qədər nasaz vəziyyətdə olsun ki, qırılaraq şaxtaya düşsün. Liftlərin hər birində əyləc sistemi var. Əyləc sistemi lifti şaxtaya çatmamış havada saxlaya bilir. Baş verən hadisələr göstərir ki, liftlərin texniki sazlığı uzun müddət yoxlanılmayıb. Əks halda liftdə hər iki trosun birdən-birə qırılması, eyni zamanda əyləc sisteminin işləməməsi mümkün deyil".
S. Hüseynov bildirdi ki, liftlərin ehtiyat hissələri baha olduğundan bəzi MTK-lar onları vaxtı-vaxtında dəyişmir. Bu isə belə qəzalarla nəticələnir. S. Hüseynov hər lift üçün texniki xidmət haqqının aylıq 100-150 manat təşkil etdiyini bildirib.
Liftlərin texniki sazlığına kim cavabdehdir?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tikinti kooperativi əgər binada idarəçiliyi özü həyata keçirirsə, binadakı liftlərin texniki sazlığına da cavabdehdir. R. Osmanlının sözlərinə görə, bu halda MTK müvafiq şirkətlə liftlərə texniki xidmət üçün müqavilə bağlamalıdır. O, bildirib ki, liftlərə ən geci rübdə bir dəfə əsaslı baxış keçirilməlidir. Aylıq isə texniki xidmət tərəfindən yoxlanılmalıdır. Liftin hansısa detalında ehtiyat hissəsi yararsızdırsa dəyişdirilməli, istismar müddəti başa çatıbsa dəyişdirilməlidir. Həmsöhbətimiz deyir ki, bəzən MTK-lar liftlərin ehtiyat hissələri baha olduğundan detallarını vaxtlı-vaxtında dəyişdirmir. Yaxud da istismar müddəti başa çatan lift baha olduğundan dəyişdirilmir. Bu da qəzalarla nəticələnir.
MTK-lar məsuliyyətizlik edir
R. Osmanlı deyir ki, əgər MTK bunu etmirsə sakinlərin hüququ var ki, onu binanın idarəçiliyindən uzaqlaşdırsın. Həmsöhbətimiz bildirir ki, qanunla binanı inşa edən şirkət binanı idarəetməməlidir: "Vətəndaşlar Mənzil Müştəriləri Müştərək Cəmiyyətləri yaradaraq binanı özləri idarə etməlidir. Bu zaman sakinlər yaşadıqları binada liftlərin texniki təhlükəsizliyinə diqqət yetirəcəklər".
R. Osmanlı iddia edir ki, bəzi yeni yaşayış binalarında liftlərdən istifadə edilsə də, FHN-nin müvafiq qurumu tərəfindən liftlər texniki istismara qəbul edilməyib.
FHN ildə bir dəfə planlı yoxlama aparsa da...
Fövqəladə Hallar Nazirliyindən isə bildirdilər ki, yaşayış binalarında liftlərin texniki təhlükəsizliyi ildə bir dəfə planlı yoxlanılır. Eyni zamanda hansı yaşayış binasında liftin nasazlığı ilə bağlı müraciət olarsa dərhal orada liftin vəziyyəti plandan kənar yoxlanılır.
Hər binanın lifti balanssaxlayıcı təşkilata həvalə olunub. Balanssaxlayıcı təşkilat isə liftə texniki xidmət üçün şirkətlərlə müqavilə bağlamalı, liftə hansı şirkətin texniki xidmət göstərdiyi birinci mərtəbədə liftin kənarında lövhədə göstərilməlidir.
Xəbər lenti
0