Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Konsert üçün avtomobilini satan xalq artisti və salonu lərzəyə gətirən "Zəngəzur" yallısı

© Photo : OlayXalq artisti Brilyant dadaşova
Xalq artisti Brilyant dadaşova - Sputnik Azərbaycan, 1920, 02.06.2022
Abunə olmaq
Səhnələşdirilmiş musiqili tədbirdə müğənninin "Qatar", "Sevəcəyəm de", "Züleyxam", "Əgər məni unutsan", "Azərbaycanım" və digər mahnıları yer alıb. Konsertdə müğənninin sənət yoldaşları ilə yanaşı, İkinci Qarabağ müharibəsi qaziləri də iştirak edib.
BAKI, 2 iyun — Sputnik. Ötən gün Heydər Əliyev sarayında Xalq artisti Brilyant Dadaşovanın konserti baş tutub. Səhnələşdirilmiş musiqili konsertdə sənətçinin repertuarından ən məşhur mahnılar ifa olunub. Konsertdə müğənninin repertuarı ilə yanaşı, klassik bəstəkarların mahnılarına da müraciət olunub.
Qeyd edək ki, müğənni səhnəni "O səs Azərbaycan"ın iştirakçıları ilə bölüşüb. Konsert barədə açıqlama verən müğənni bildirir ki, bu konsertin məqsədi "O səs Azərbaycan"ın üzvlərinin tanıdılmasıdır:
"Müsabiqə vaxtı oyunun qaydalarına uyğun olaraq hər dəfə kimisə çıxarmaq məcburiyyətində idim. Amma hər dəfə ürəyim sızıldayırdı. Düşünürdüm ki, axı onların hər biri bu sənətlə çörək qazanırlar. Hələ bir il əvvəl özümə söz verdim ki, 2022-ci ildə bu uşaqlarla konsert verəcəyəm. Adətən müsabiqə vaxtı tanınan sənətçilər sonradan undulurlar. Bu konsert onların tanınması üçün nəzərdə tutulub".
Xalq artisti gənc müğənnilərin Azərbaycan mahnılarından xəbərsiz olmasından gileylənib:
"Bugünkü estrada müğənnilərinin ən böyük problemi odur ki, onlar bizim klassik estradamızdan xəbərsizdirlər. Mən bu uşaqları məcbur elədim ki, onlar bizim mahnılarımızı öyrənsinlər. Bəhanə gətirirlər ki, bizim mahnılarımız çətindir. Razıyam, mahnılarımız çətindir, bizim musiqilərimizdə xırdalıqlar çoxdur. Amma bizim mahnılarımızın özəlliyi, gözəlliyi də elə o xırdalıqlarındadır. Aylarla əziyyət çəkdik, istədiyim nəticəni ala bildim".
Dadaşova ötən ay Vaşinqtonda baş tutan konserindən də söz açıb. Bildirib ki, Nəzakət Teymurova və Abbas Bağırov ilə çıxış etdiyi tədbirdən əldə olunan gəlir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün yaradılan fonda köçürülüb:
"Oradan əldə edilən gəlirlə minaaxtaran it alındı. Həmin itlər ermənilərin illərlə basdırdığı minalardan təmizləyəcək. ABŞ səfərimdə möhkəm xəstələndim, bronxlarım tutuldu. Qorxdum ki, konsert baş tutmaya. Amma həkimlərimizin sayəsində özümə gəldim".
Dadaşova konserti üçün avtomobilini satdığını deyib:

"Təşkilatçı dedi ki, mən yalnız sizin konsertinizi təşkil edirəm: bir mikrofon və iki bek vokal mikrofonu. Beş-on nəfərlik ansamblım olacaqdı. Özüm isə daha böyük heyətlə çıxıram. Səs texnikadır, mikrofonlar lazımdır. Təbii ki, bunlar da xərcdir. Düzdür, biletlər satılıb, salon dolub. Amma bunun bizim "Səs Azərbaycan"la bir yerdə çıxmağımıza aidiyyatı yoxdur. Üzərimə götürmüşəm, təşkilatçı buna qarışımır. Ona görə maşınımı satdım. Əlbəttə üzüldüm".

Konsert boyunca müğənni "Səs Azərbaycan" layihəsində iştirak edən tələbələri ilə birlikdə çıxışlar edib. "Arşın mal alan" adlı musiqili səhnəcik isə tamaşaçılar tərəfdən xüsusi maraqla qarşılanıb.
Müğənni uzun illər əvvəl mərhum reper Anar Nağılbazla oxuduğu "Gecələr" mahnısını da tələbələri ilə yenidən səsləndirib. Xüsusi coşqu ilə keçən konsertin ikinci hissəsində müğənni tamaşaçıların yanına gələrək onlarla birgə mahnılar oxuyub.
Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən danışan Brilyant Dadaşova gənclərlə birlikdə musiqili gecənin sonunda atası Süleyman Dadaşovun ötən əsrdə bəstələdiyi "Zəngəzur" yallısını ifa edib. Sözügedən musiqini bu qələbədə payı olan hər kəsə ithaf etdiyini bildirib. Konsert Rauf Hacıyevin "Azərbaycan" mahnısının ifası ilə yekunlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0