CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maskaları çıxarın!

© Sputnik / Murad OrujovBakıda tibbi maskada olan insanlar, arxiv şəkli
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Abunə olmaq
Nazirlər Kabinetinin qərarı ilə 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində qapalı yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi ləğv edilib.
BAKI, 1 may — Sputnik. Bu gündən Azərbaycanda qapalı məkanlarda tibbi maskaya qoyulan tələb ləğv edilir. Artıq ölkə vətəndaşları həm qapalı, həm də açıq havada maskasız gəzə bilərlər.
Maska ilə bağlı ilk qərar
Maska ilə keçirdiyimiz iki ili arxada qoysaq da, bu günlər yaddaşımızda hələ uzun illər qalacaq. Koronavirus pandemiyasının ən qızğın dövründə qapalı və açıq məkanlarda insanların maskadan istifadəsi tibbi baxımdan tövsiyyə olunsa da, bəzi insanların maskadan istifadə etməməsi cərimələrin qüvvəyə minməsinə səbəb oldu. Beləcə, 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edildi.
Maska taxmayanlara cərimələr müəyyənləşdi
Bu tarixdən iki gün sonra isə Milli Məclis maska taxmayanların 50 manat cərimələnməsi qərarını təsdiqlədi. İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilməsi barədə qərar qüvvəyə mindi.
Karantin rejimləri dövrü başa çatanadək bu xətanın təkrar törədilməsinə görə fiziki şəxslərin 100 manat, vəzifəli şəxslərin 200 manat, hüquqi şəxslərin isə 400 manat məbləğində cərimələnməsi qərara alındı.
Polislə vətəndaş arasında qaçdı-tutdu başladı
Elə maska ilə bağlı maraqlı hadisələr də bundan sonra yaşanmağa başladı. Polisin tibbi maska ilə bağlı qapalı məkanlarda reyd keçirməsi insanların çoxunda cərimə xofu yaratdı. Bu iki ildə maska ilə bağlı tələbə ciddi yanaşıb qanuna əməl edənlər də oldu, etinasız yanaşıb cərimələnənlər də...
Hətta maska ilə bağlı reydlərdən çəkilmiş video görüntülər sosial şəbəkələrdə günün trendinə çevrildi. Polisi görən kimi tez-tələsik maska taxanlar, qapalı məkana maskasız daxil olduğu üçün polisdən gizlənənlər az olmadı. Onların arasında necə deyərlər, bəxti gətirib polisin nəzərindən yayınanlar da oldu, cərimədən yaxasını qurtarmayanlar da...
Açıq havada da maska taxmaq tələb olundu
İnsanlar qapalı məkanlarda cərimələndiklərindən şikayət etdikləri vaxtda, az keçmədi ki, açıq havada da maska taxmaq məcburiyyətində qaldılar. Hökumətin qərarı ilə 2020-ci ilin noyabrın 21-dən Azərbaycanda tibbi maska açıq havada da məcburi oldu. Qapalı maskada cərimə qərarı açıq havada maskasız gəzənlərə də şamil olundu.
Təmiz hava almağa görə xərcə düşənlər az olmadı
Qapalı havada birtəhər maska taxanlar üçün açıq havada maska ilə gəzmək elə də asan olmadı. Artıq çəkidən əziyyət çəkən, yaşlı insanlar yol gedərkən gah maskanı çıxartdı, gah da polisdən ehtiyatlanıb çənəsinin altına çəkdi. Amma polisin maskanı tənəffüs yollarını bağlamalı olduğu ilə bağlı tələbi maskadan düzgün istifadə etməyənlərin də cərimələnməsinə səbəb oldu.
Polislə əsl qaçdı-tutdu da məhz bundan sonra başladı. Kimi açıq havada maska taxmadığı üçün polisi görən kimi yolunu dəyişdi, kimisi də gizlənmək üçün yer axtardı. Açıq havada maskadan istifadə elə də asan olmadığından, xeyli sayda insan cərimələndi. Sosial platformada qarşıdan gələn istilərdə maska taxmağın çətin olacağını təbliğ edən kampaniyalar aparıldı. İnsanların bu tələbi isə təsirsiz ötüşmədi.
Maska ilə bağlı hər kəsin gözlədiyi qərar verildi!
Nazirlər Kabineti yanında Operativ Qərargahın 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi tələbini ləğv etməsi onlara hədsiz sevinc bəxş etdi.
Maskaya əlvida
Uzun müddət insanlar qapalı yerlərdə maska taxmağa məcbur olsalar da, nəhayət Nazirlər Kabineti 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində qapalı yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbinin ləğv edilməsi barədə qərar verdi. Qərara əsasən, Azərbaycanın beynəlxalq hava limanı ərazisində və ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.
"Maska dövrü cərimələnən hər kəsin yadında əbədi qalacaq"
Sputnik Azərbaycan paytaxt sakinlərindən tibbi maska ilə bağlı xatirələrini öyrənib. Sorğumuzda iştirak edən Bakı Dövlət Universitetinin tələbəsi Sənan Məmmədov maska ilə bağlı tələbin heç vaxt yadından çıxmayacağını söyləyib. Onun sözlərinə görə, 100 manat cərimə olunması maskalı günlərin onun yaddaşında əbədi yaşamasına səbəb olacaq.
Digər sakin Avazlı Elcan isə bu iki il müddətinə cərimələnən hər bir şəxsin yadında maskalı günlərin qalacağını söylədi.
Mübariz adlı Bakı sakini isə maska ilə vidalaşmağa sevinsə də, maskanın onun sifətindəki bəzi qüsurları gizlətdiyini bildirdi: "Maskada nəfəs almaq çətin idi. Amma şəxsən mənim burnumun böyük olduğunu gizlədirdi".
Gənclər arasında "bundan sonra qızların üzünü daha yaxşı görə biləcəyik" deyənlər də oldu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0