Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Görmə məhdudiyyəti olanlar yalnız Bakıda təhsil ala bilərlər

© Sputnik / Stringer / Mediabanka keçidEynek
Eynek - Sputnik Azərbaycan, 1920, 21.04.2022
Abunə olmaq
Bakıda görmə əngəlli uşaqlar üçün heç olmasa bir məktəbdə şərait yaradılsa da, regionlarda ümumiyyətlə, belə uşaqların təhsil almaq imkanı yoxdur.
BAKI, 21 aprel — Sputnik. Təhsil Nazirliyinin sistemində olan, Bakı şəhərində fəaliyyət göstərən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində (gözdən əlil uşaqlar üçün) tam görməyən şagirdlərin tədrisi Brayl əlifbası əsasında aparılır.
İnternat məktəbində gözdən əlil şagirdlərin təlim-tərbiyəsi ilə 57 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
Bu barədə Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib.
Bildirilib ki, Təhsil Nazirliyinin sistemində gözdən əlil uşaqlar üçün yalnız 1 müəssisə fəaliyyət göstərir. Həmin müəssisədə müəllim çatışmazlığı problemi mövcud deyil. Əksinə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin məzunlarının (görmə məhdudiyyəti olan) böyük əksəriyyəti Azərbaycan Pedaqoji Universitetini bitirdikdən sonra həmin müəssisədə müəllim kimi işləmək üçün müraciət edirlər:
"İnternat məktəbinin məzunları içərisindən ali təhsil müəssisələrini müəllimlik ixtisası üzrə bitirmiş şəxslərin hər biri brayl əlifbası ilə öz fənlərini tədris edə bilir", - Nazirlik bilidirib.
Azərbaycan Dövlət Pedoqoji Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda universitetdə görmə məhdudiyyəti olan hər hansı tələbə təhsil almır. Həmin təhsil ocağında görmə məhdudiyyəti olan müəllim də çalışmır.
Universitetdə görmə məhdudiyyəti olan tələbələr təhsil almasa da, bu cür şəxslərə təhsil vermək üçün kadrlar yetişdirilir:
"Ötən illərlə müqayisədə 2021-2022-ci illərdə "Korreksiyaedici təlim" ixtisası üzrə plan yerlərinin sayı artıb. Belə ki, ixtisas üzrə 125 yer üçün qəbul planı olsa da, onlardan 11-i boş qalıb".
Ümumi məlumata gəldikdə isə ADPU-dən bildirilib ki, hazırda 405 azərbaycanlı və Türkiyədən gələn 2 tələbə "Korreksiyaedici təlim" ixtisası üzrə təhsil alır. Ümumilikdə bu tələbələrin 387-i qadındır.
Qeyd edək ki, hazırda ADPU-də bu ixtisas üzrə 40-dək müəllim müxtəlif fənləri tədris edir.
Bakıda heç olmasa bir məktəbdə bu şərait yaradılsa da, regionlarda ümumiyyətlə, belə uşaqlar üçün şərait yoxdur.
Qeyd edək ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində 309 nəfər gözdən əlil şagird təhsil alır.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2002-ci il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın 7-ci bəndinə əsasən, eşitmə və görmə qabiliyyəti 40 faizdən az olan uşaqların təhsili sağlam uşaqlarla birlikdə təşkil edilə bilməz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0