CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəristiliktəchizat" ASC bu ili də "Azəriqaz" İB-yə borcla bağladı - Mübahisə var

© Sputnik / Anar MustafayevOtaq qızdırıcısı və kalkulyator
Otaq qızdırıcısı və kalkulyator - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
"Azəristiliktəchizat" ASC-nin sədr vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev deyib ki, istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə hökumətə müraciət etməyiblər.
BAKI, 15 aprel — Sputnik. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz" İstehsalat Birliyinə bu il üzrə mövsümi borcu 41 milyon manat olub.
Bunu "Azəriqaz" İstehsalat Birliyi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. O, "Azəriqaz" İB-nin debitor borc məsələsinə həssas yanaşdığını vurğulayıb.
Qeyd edib ki, "Azəriqaz" topdan satış olaraq "Azərkontrakt"dan aldığı qazın pulunu, eyni zamanda 8500 işçinin əmək haqqını ödəməlidir. Bu səbəbdən borcların operativ toplanmasına diqqət yetirilir".
E.Vəliyev deyir ki, ötən il eyni problem məsələ ictimailəşdikdən sonra məsələ hökumət səviyyəsində həllini tapdı: "Bu il isə hesablanan debitor borc 41 milyon manat olsa da, "Azəristiliktəchizat" ASC məbləğin müəyyən hissəsi ilə bağlı mübahisə yaradıb. Biz borcun tam təmin edilməsində israrlıyıq".
"Azəristiliktəchizat" ASC-nin sədr vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev isə deyib ki, onlar müxtəlif qurumlara olan borclarının 70-80 %-i subsidiya hesabına bağlayırlar.
1 kvadratmetr yaşayış sahəsi üçün istilik tarifinin 15 qəpik olmasından söz açan İ.Mirzəliyev qeyd edib ki, bu qiymətlə faktiki olaraq bütün mənzil qızdırılır: "Adətən yaşayış sahəsi mənzilin ümümi sahəsindən 2 dəfə az olur. Belə çıxır ki, 1 kvadratmetrə görə abonent tərəfindən 7 qəpik ödəniş edilir. Nəticədə ilin sonunda bizim borclarımız yaranır və növbəti istilik mövsümünün başlaması gecikir".
O qeyd edib ki, istilik təchizatı sosial xidmət olduğu üçün tariflərin artırılması bu vaxta qədər məqsədəuyğun hesab edilməyib. Bunun əvəzində subsidiyanın ayrılmasına üstünlük verilib: "Subsidiya ilə bizim borcların böyük hissəsini bağlayırıq. Qalıq borcu isə ilin sonunda bağlanır".
Abonentlər arasında keçirilən sorğunun nəticələrinə istinad edən İ.Mirzəliyev deyir ki, onlar tarifin 15 qəpikdən 22-25 qəpiyədək artmasına razıdırlar. Xarici ekspertlərlə görüşlər zamanı da mütəxəssislər tariflərin artırılmasını təklif ediblər:
"Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik".
İ.Mirzəliyev əlavə edib ki, istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə hökumətə müraciət etməyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0