CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda təhlükə saçan liftlər - Onların yenilənməsi davam etdirilirmi?

© Sputnik / Murad OrujovQız liftə daxil olur, arxiv şəkli
Qız liftə daxil olur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
İcra Hakimiyyətindən bildirilib ki, vəsait ayrıldıqca, liftlərin alınaraq yeniləri ilə əvəzlənməsi işi davam etdirilir.
BAKI, 11 aprel — Sputnik. Bu yaxınlarda Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfər ağır xəsarət alıb. Hadisə Bayıl qəsəbəsi Aydın Nəsirov küçəsində yerləşən "Mangal Steak House" restoranında baş verib.
Nəticədə liftin təmiri ilə məşğul olan 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov ağır xəsarətlər alıblar.
Baş vermiş hadisə paytaxtda köhnə və nasaz vəziyyətdə olan liftlərin yaratdığı təhlükəni aktuallaşdırıb.
Qeyd edək ki, son illər Bakıda yaşayış binalarında köhnə liftlər yeniləri ilə əvəzlənsə də, hələ də dəyişilməsinə ehtiyac olan liftlər var.
Sputnik Azərbaycan paytaxtda yaşayış binalarında köhnə liftlərin yeniləri ilə əvəzlənmə prosesinin hazırda hansı mərhələdə olduğunu, davam etdirilib-etdirilmədiyini araşdırıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Bakı şəhərində 2500-ə qədər lift mərhələ-mərhələ dəyişdirilməlidir: "Bura yalnız Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binaları aiddir. Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb.
Həmin sərəncamın icrasına 2019-cu ildən başlanılıb. İcrası ilə bağlı 2019-cu ildə Bakı Şəhər "Lifttəmir" İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalanaraq alman istehsalı olan 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb. 2020-ci ildə də Bakı şəhərində yeni liftlərin quraşdırılması işləri davam etdirilib. Daha sonra 240 ədəd yeni lift Bakı şəhərinə gətirilib".
Həmçinin qeyd olunub ki, xaricdən gətirilən liftlər və digər avadanlıq Bakıda tələb olunan gömrük prosedurlarını keçərək "Lifttəmir" İstehsalat Birliyinin əməkdaşlarına təhvil verilib:
"Yeni liftlər paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılıb. Yeni liftlər müasir elektron sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı UPS sistemi mövcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunsun. Eyni zamanda, alınan liftlərə xidmət göstərilməsi üçün mərkəzi dispetçer xidməti sistemi qurulub, bura lazımı texniki avadanlıqlarla təchiz edilib və liftlərin göstəriciləri daim nəzarətdə saxlanılır.
Yeni liftlər istismara verildikcə bu məntəqəyə qoşulur. Görmə qabiliyyəti məhdud olan şəxslərin liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbə göstəriciləri Brayl əlifbası ilə işarələnib. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kq və 0,71 metr/saniyə idi".
O da bildirilib ki, Bakı Şəhər "Lifttəmir" İstehsalat Birliyi ilə "Wittur Holding GMBH" şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən daha 625 ədəd liftin alınaraq Bakıya gətirilməsi nəzərdə tutulur. Vəsait ayrıldıqca liftlərin alınaraq yeniləri ilə əvəzlənməsi işi davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0