CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtdakı bəzi iaşə obyektləri ölüm saçır - Odla oynayırlar...

© Sputnik / Murad OrujovSəbail rayonunda partlayış baş vermiş gecə klubunun yerləşdiyi bina
Səbail rayonunda partlayış baş vermiş gecə klubunun yerləşdiyi bina - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
Mütəxəssislər hesab edir ki, bu cür obyektlərin zirzəmilərdə yox, məhz işıqlı yerlərdə olması təhlükə riskinin nisbətən azalda bilər.
BAKI, 8 aprel — Sputnik. Bakıda gecə klubunda baş verən partlayış yaşayış binalarının zirzəmilərində fəaliyyət göstərən iaşə obyektlərində qazdan qeyri-qanuni istifadə məsələsini yenidən aktuallaşdırıb. Sputnik Azərbaycan xüsusilə yaşayış binalarının zirzəmisində yerləşən iaşə obyektlərində təhlükəsizlik problemini araşdırıb.
Yaşayış binalarının zirzəmisində qazdan istifadə qəti qadağandır!
Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakının mərkəzində yerləşən "Location" gecə klubunda partlayışa səbəb maye qaz balonu (propan) olub. Ekspert bildirib ki, iaşə obyekti yaşayış binasının zirzəmisində, birinci mərtəbəsində yerləşirsə, orada mavi qazdan istifadə qəti yolverilməzdir:
© SputnikKommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov
Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov
"Baş verən hadisə göstərdi ki, iaşə obyektləri təhlükəsizlik qaydalarına əməl etmirlər. Obyektə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən mavi qaz verilməyib. Həmin məkanı icarəyə götürən şəxs orada qanunsuz olaraq qaz balonlarından istifadə edib. Bu da belə bir faciəyə yol açıb".
Kafe və restoranlar alternativ yanacaqdan niyə istifadə etmir?
N.Qasımovun sözlərinə görə, yaşayış binalarının zirzəmisində və birinci mərtəbəsində fəaliyyət göstərən kafe və retoranlarda, çay evlərində ancaq alternativ enerji növlərindən istifadə edilməlidir:
"Obyekti işlədən şəxs daha çox pul qazanmaq məqsədi güdərək bu qaydanı kobud şəkildə pozub. Elektrik enerjisindən istifadə qismən baha başa gəldiyindən, obyektdə yeməklərin hazırlanmasında propan balonlarından istifadə edib".
Partlayışın baş verməsinə səbəbin qaz sızması versiyasını ekspert daha ağlabatan hesab edir:
"Görüntülərdən qaz balonlarının köhnə olduğu, qaz şlanqlarının təhlükəli vəziyyətdə olduğu görünür. Hələ qaz balonuna quraşdırılan tənzimləyicinin işlək olub-olmadığı da naməlumdur. Bunlar partlayışın qaz balonundan baş verdiyinə dair ehtimalları daha da artırır".
Qaz balonları partlasaydı...
N.Qasımov qeyd edib ki, qaz balonlarının partlaması daha böyük fəlakətə yol aça bilərdi:
"Allah orada olan şəxsləri istəyib ki, hadisə qaz sızmasından baş verib. Qaz balonları partlasaydı, oradan bir nəfər belə sağ çıxa bilməzdi. Bu odla oynamaq deməkdir".
N.Qasımov onu da bildirib ki, hazırda bu obyektlərdə təhlükəsizliyə nəzarət edən yoxdur.
Kafe və restoranlarda böyük təhlükə
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhərində əsasən köhnə 5 və 9 mərtəbəli binaların birinci mərtəbələri, kafe, dönərxana, çay evləri, gecə klublarında qaz balonlarından istifadə edilir. Bu isə potensial təhlükə riski deməkdir:
"Ümumiyyətlə zirzəmilər, ictimai iaşə müəssisələri, insanların sıx toplaşdığı yerlərdə qaz təchizatı ilə bağlı balonlardan istifadə olunması, yanğın təhlükəsizliyi ilə bağlı qaydalara görə qadağandır. Bu qadağa insanların belə dəhşətli hadisələrdən qorunması üçündür. Zirzəmilərdə fəaliyyət göstərən mağazalar, binaların birinci mərtəbələri, anbarlarda qaz təchizatı ilə bağlı qaydalara ciddi riayət olunmalıdır ki, dəhşətli faciələr baş verməsin. Təsəvvür edin, 10 kvadrat metrlik otaqda qaz balonunun partlaması 100 minlərlə ton zərbə qüvvəsi deməkdir ki, burada hadisənin dəhşətini təsəvvür etmək mümkündür. Ona görə də qaz təchizatı ilə bağlı təhlükəsizlik qaydaları ciddiyə alınmalıdır".
İnsanların həyat və sağlamlığını təhlükəyə atmaq yolverilməzdir
"Eyni zamanda, işəgötürən tərəf işçilərin təhlükəsizliyi ilə bağlı təminat verməlidir. Əks halda, işçinin işdən imtina etməsində heç bir qanunauyğunsuzluq yoxdur. Təbii ki, qapalı məkanlarda fişənglərdən, hansısa partlayıcı vasitələrdən istifadə olunursa, bunun özü belə yolverilməzdir. Çünki qapalı məkanlarda açıq alovdan istifadə yanğın təhlükəsi yarada bilər. Bunun istifadəsi üçün xüsusi qaydalar var".
Mütəmadi yoxlamalar aparılmalıdır
E.Nurəliyev onu da bildirib ki, binanın daxilində belə dəhşətli hadisə baş veribsə, bu qaz sızması ehtimalı olub, əks halda sadəcə yanğın olardı:
© Photo : Elmar Nurəliyevin şəxsi arxivindənTəhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev
"Qaz sızması varsa, içəridə olan hava kütləsinin 4-5%-i kifayətdir ki, bu cür dəhşətli partlayış baş versin. İlkin müdaxilə olmazsa, hadisənin miqyası böyüyə və daha da genişmiqyaslı yanğına səbəb ola bilər. Ona görə də ilk olaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Belə yerlərdə FHN daim yoxlamalar aparmalı və yanğın təhlükəsizliyi ilə bağlı təlimatlar verməlidir. Onlardan da açıqlama almaq lazımdır ki, reydlər aparıb, yoxlamalar ediblərmi? Bu nöqsanlar olubmu? Olubsa nə səviyyədə olub? Bu gün Bakı şəhərində əsasən köhnə 5-9 mərtəbəli binaların birinci mərtəbələrində yerləşən kafe, dönərxana, çay evlərində qaz balonlarından istifadə edirlər ki, bunlar birbaşa potensial təhlükə riski deməkdir. Ümumiyyətlə aidiyyəti qurumlar, əsasən FHN tərəfindən müəyyən maarifləndirmə işləri aparılmalı və reydlər keçirilməlidir. Lakin nə qədər ki, binaların zirzəmilərində fəaliyyət göstərən kafelərdə, dönərxanalarda, gecə klublarında bu cür qazdan istifadə olunur, o qədər böyük təhlükə riski var".
İaşə obyektlərinin yeri dəyişdirilməlidir?
Ekspert qeyd edib ki, bu cür obyektlərin zirzəmilərdə yox, məhz işıqlı yerlərdə olması təhlükə riskinin nisbətən azalda bilər:
"Alternativ kimi bu cür obyektlərin yerini dəyişmək olar. Məcburdurmu binanın zirzəmisində hansısa bir obyektin, klubun olması? Yaxşı olar ki, normal, işıqlı yerlərdə olsunlar. Həmçinin zirzəmidə, havasız yerdə bişirilən yemeyin hansı keyfiyyəti ola bilər? İnsanlar orada bir-iki saat istirahət edirlərsə, havasızlıqdan o istirahət necə xoş keçə bilər? Ona görə də yerlər düzgün seçilərsə, təbii ki, bu cür təhlükə riskləri olmaz, həmin qaz balonlarının istifadəsinə də ehtiyac qalmaz".
Xatırladaq ki, aprelin 3-də, gecə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location" gecə klubunda insan tələfatı ilə nəticələnən partlayış baş verib.
Hadisə zamanı xəsarət alanlardan bir nəfər 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva dünyasını dəyişib. TƏBİB-dən verilən məlumata görə, o, 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.
Sözügedən hadisədə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 2 nəfər vəfat edib. Hazırda tibb müəssisələrində ümumilikdə 12 nəfər müalicə alır. Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.
Xatırladaq ki, TƏBİB-in tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülüb. Qeyd edək ki, xəsarət alan şəxslərdən hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 4 nəfərdən 1-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Ümumilikdə stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində - Sputnik Azərbaycan, 1920, 03.04.2022
VİDEO
Paytaxtın gecə klubunda partlayışın nəticələri
Xəbər lenti
0