Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şad xəbər - Rusiyadan Azərbaycana daha çox pul göndərmək olar

© Sputnik / Mihail Mordasov / Mediabanka keçidBank
Bank - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri yumşaldıb. Məsələni iqtisadçılar Sputnik Azərbaycan-a şərh ediblər
BAKI, 1 aprel — Sputnik. Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri yumşaldıb. Hazırda vətəndaşın bir təqvim ayı ərzində Rusiya bankındakı hesabından xaricdəki hesabına və ya başqa fiziki şəxsə on min dollara qədər və ya başqa valyutada ekvivalent məbləği köçürmək hüququ var.
"Qaydalar sanksiyaları dəstəkləməyən ölkələrin rezidentləri və qeyri-rezidentlərinə şamil edilir. Eyni imkan əmək və ya mülki hüquq müqavilələri əsasında Rusiyada işləyən bütün digər dövlətlərin qeyri-rezidentlərinə də verilib", - deyə Rusiya Mərkəzi Bankından bildirilib.
Qeyd edək ki, martın əvvəlində Rusiya Mərkəzi Bankı fiziki şəxslər tərəfindən xaricə pul köçürmələrinin həcmini ayda 5 min dollaradək məhdudlaşdırmışdı.
Məsələ ilə bağlı deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Rusiyadan pul köçürmələrin mərhələli şəkildə liberallaşması və yumşalması Rusiyadan Azərbaycana pul köçürmələri baxımından da vacibdir: "Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır. Onlar da mütəmadi olaraq Azərbaycana vəsait göndərirlər. Rusiya Mərkəzi Bankının qiymətləndirmələrinə görə, şimal qonşumuzdan Azərbaycana göndərilən vəsaitin həcmi illik olaraq 1 milyard dollardan çoxdur. Ona görə də liberallaşma Rusiyada yaşayan azərbaycanlıların Azərbaycana daha çox vəsait köçürməsinə imkan verəcək. Əvvəlki illərdə köçürmələr liberal olduğuna görə Rusiyada yaşayan azərbaycanlılar tərəfindən köçürmələrdə hər hansı bir problem yox idi".
© Sputnik / Murad OrujovМанаты и рубли разных номиналов
Манаты и рубли разных номиналов - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Манаты и рубли разных номиналов
Rusiya Azərbaycanın həm də ən böyük ticarət tərəfdaşlarından biridir
Deputat vurğulayıb ki, pul köçürmələr baxımından mərhələli şəkildə həmin limit artırılsa, daha yaxşı olar: "Çünki Rusiya Azərbaycanın həm də ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 3,1 milyard dollar olub. Eləcə də Rusiya Azərbaycanın qeyri-neft ixracatında 32,3 faizlə ən böyük tərəfdaşdır. Ona görə də Rusiya iqtisadi baxımdan Azərbaycan üçün regionda əsas tərəfdaşlardan biridir. İdxalda ən böyük tərəfdaşımızdır. Ölkəmizin qeyri-neft ixracatında ixrac məhsullarının həcminə görə Rusiya birincidir".
"Mərhələli yumşalma, liberallaşma iki ölkə arasındakı ticarət dövriyyəsinin qorunub saxlanılması baxımından da vacibdir. Baxmayaraq ki, ticarət dövriyyəsi daha çox hüquqi şəxslər tərəfindən aparılır. Hazırda pul köçürmələr xüsusən rublla reallaşır. Lakin fiziki şəxslərin də köçürmələr həyata keçirməsi ölkələrarasında iqtisadi münasibətlərin səviyyəsinin qorunub saxlanılması baxımından əhəmiyyətli hesab olunur", - deyə deputat əlavə edib.
Rusiya Mərkəzi Bankının qərarı müsbət addımdır
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a deyib ki, bundan öncə Rusiya ölkədən valyuta axınının qarşısını almaq üçün sərt qərar verib: "Sonra isə məsələyə baxılıb və düşünüblər ki, fiziki şəxslərin xaricə pul köçürmələri ilə bağlı 10 min dollara qədər icazə vermək olar və bu, ciddi problem yaratmayacaq. Əks halda, Rusiyanın münasibətləri yaxşı olan ölkələrlə də iqtisadi əlaqələrinə böyük zərbə dəyə bilərdi. Ona görə də Mərkəzi Bankın qərarı həm Rusiya, həm də Azərbaycan üçün müsbət haldır. Çünki hər bir məhdudiyyət iqtisadi əlaqələr üçün xeyli çətinlik yaradır. Eyni zamanda Rusiyada xeyli sayda azərbaycanlılar yaşayır və onlar Azərbaycandakı qohumlarına pul göndərirlər. O baxımdan Rusiya Mərkəzi Bankının qərarı müsbət addımdır".
Bank sahəsi üzrə ekspert Firuz Manafov da Sputnik Azərbaycan-a deyib ki, son günlər rubl bahalaşır və bu, bizə sərf edir: "Rusiyada yaşayan azərbaycanlıların sayı çoxdur və onların qazancı bir növ ölkəmizin də qazancıdır. O baxımdan rublun dəyər qazanması bizə sərf edir".
Azərbaycanda rubl daha da bahalaşıb
Qeyd edək ki, aprelin 1-də Rusiya rublunun Azərbaycan manatına qarşı məzənnəsi daha 1,96 faiz yüksələrək 0,0208 manat təşkil edib (1 manat=48,0769 rubl). Başqa sözlə, bu günə 1000 rubl 20 manat 80 qəpik olub. Dünən ilə müqayisədə bu gün rubl daha 40 qəpik bahalaşıb.
Martın 31-də 1000 rubl 20 manat 40 qəpik olub. Martın 30-u ilə müqayisədə rubl 1 manat 70 qəpik bahalaşıb.
Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayan vaxtdan rubl kəskin ucuzlaşsa da, son 2 həftədə dəyər qazandığı müşahidə olunur. Bir həftə öncə 1000 rubl 16 manat 50 qəpik idisə, hazırda 20 manat 80 qəpikdir.
Rublun güclənməsinin əsas səbəbi isə Rusiyanın son qərarı olub. Rusiya Prezidenti Vladimir Putin deyib ki, Rusiya dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməyəcəyi təqdirdə, bunu müqavilə şərtlərinin pozulması hesab edəcək. Ödənişin rublla edilməsindən imtina olunacağı halda, Rusiya qazının alınmasına dair qüvvədə olan müqavilələr dayandırılacaq.
Moskva birjasının valyuta hərraclarında ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 11:00-da 3,45 faiz ucuzlaşaraq 80,33 rubl təşkil edib. Sonuncu dəfə dolların məzənnəsi 81 rubldan aşağı 23 fevralda olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0