CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AQTA qida zəhərlənmələrindən ölüm hallarını gizlədir? Ekspertdən iddia

Mağaza - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Eyyub Hüseynovun sözlərinə görə, sertifikat verən orqanla qidanın təhlükəsizliyinə nəzarət edən orqan bir əldədir. Bunlar bir-birindən ayrılmalıdır ki, informasiya gizlədilməsin.
BAKI, 11 mart — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu günlərdə parlamentdə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycanda təhlükəli qidaların reyestri yaradılacaq. Qanun qəbul edildikdən sonra qida məhsullarının izlənməsi ilə əlaqədar çox ciddi nəticə əldə olunacaq.
Maraqlıdır, bu reyestr nə kimi üstünlüklər verəcək?
AQTA-nın İctimai Şurasının üzvi, "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhlükəli deyil, riskli qidaların reyestrinin yaradılması daha yaxşı olardı. Bura göbələklər, balıqlar, konservativ məhsullar daxil edilə bilər.
Qanun layihəsinin müzakirəsinə dəvət olunmadığını qeyd edən Hüseynovun fikrincə, ictimai müzakirədən keçirilmədiyi üçün o, çox da istehlakçıların tələbatına cavab verən bir qanun olmayacaq:
"Hamının həyatı üçün önəmli olan bu qanun layihəsinin ictimai müzakirədən keçməsini təklif edirəm".
E.Hüseynovun sözlərinə görə, marketlərdə belə təhlükəli məhsullar qırmızı etiketlə fərqləndirilə bilər.
"Ümumiyyətlə məhsulların markalandırılmasında böyük problemlər var. Əslində bütün məhsullar haqda istehlakçılarda aydın informasiya olmalıdır. Təəssüf ki, qidalar haqda informasiyalar çox bərbad səviyyədədir", - ekspert deyib.
E.Hüseynov İrandan gələn qidalarla bağlı dövlət orqanlarına məlumat verdiyini bildirib.
"Müxtəlif dillərdə məlumat olsa da, Azərbaycan dilində məlumat yoxdur. Məhsulun üzərində Azərbaycan dilində informasiya yoxdursa, bunu riskli qida adlandırmaq olar", - o, deyib.
Sırf süni uşaq qidalarına gəldikdə, ekspert qeyd edib ki, "Azad İstehlakçılar Birliyi" UNİCEF-in dəstəyi ilə süni uşaq qidaları ilə bağlı iş aparıb. Bütün süni körpə qidalarının Azərbaycan dilində markalanmasına nail olunub.
O qeyd edir ki, son 24 il ərazində bir dəfə də olsun, zəhərləməyə görə insanlara kompensasiya verilməsinə, istehsalçının cəzalandırılmasına rast gəlməyib:

"Azərbaycan üçün proposiya düzəltmişəm, Bunun nəticəsi olaraq belə qənaətə gəlmişəm ki, bir ildə Azərbaycanda 420 nəfər qida zəhərlənməsindən ölməlidir. Halbuki AQTA-nın məlumatında bu rəqəm 4 olaraq qeyd olunub. Bu rəqəm ciddi gizlədilir. Çünki sertifikat verən orqanla qidanın təhlükəsizliyinə nəzarət edən orqan bir əldədir. Bunlar bir-birindən ayrılmalıdır ki, informasiya gizlədilməsin".

Millət vəkili Azər Badamov isə deyib ki, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi qida sahəsində münasibətlərin tənzimlənməsi, qida sahəsinin müasir çağırışlara uyğunlaşdırılması məqsədini daşıyır:
"Qanunla bir sıra tədbirlərin görülməsini nəzərdə tutur. Yalnız reyestrə daxil olan qidaların satışına icazə veriləcək. Reyestrdə olmayan qidalar isə satışdan çıxaırlacaq. Qanun imzalandığı gündən 6 ay sonra qüvvəyə minəcək. 6 ayda ərzində dövriyyədə olan qidaların satılması, dövriyyədən çıxarılması, digər işlər başa çatacaq. Bu müddət qida sahəsində nizamnamənin həyata keçirilməsi üçün kifayət qədərdir".
O bildirirb ki, reyestrə daxil olmayan məhsullar satışda olarsa, bu zaman sərt tədbirlər görüləcək: "Belə olan halda inzibati və cinayət məsuliyyəti nəzərdə tutulacaq.
Qanunun əsas özəlliyi odur ki, qidanın istehsalından başlamış istehlakına qədərki mərhələdə onun keyfiyyətinə təsir edəcək amillərin hamısına nəzarət ediləcək:
"Məsələn, hansısa kənd təsərrüfatı məhsulunun - kartofun istehsalında normadan əlavə gübrələrin, dərmanların verilməsi onun keyfiyyətinə təsir göstərir. Son nəticədə onu istehlak edən şəxsin orqanizmində bu gün olmasa da, gələcəkdə hansısa fəsadlar orataya çıxır. Qida zəncirinin bütün mərəhələlərinə nəzarət güclənəcək ki, qida sağlam qida kimi ərsəyə gəlsin".
Qidalar bazara daxil olmazdan öncə qida zəncirinin hər bir mərhələsində yoxlanış həyata keçiriləcək: "Yəni, bu yoxlamalar yalnız bazarda həyata keçirilməyəcək. İdxal olunan malların təhlükəsizliyi nəzarətdən keçiriləcək. Elektron formada da nəzarət nəzərdə tutulub. Bütün bunlar qidanın sağlam şəkildə istehlakçıya çatıdırılması üçün nəzərdə tutulan tədbirlərdir. Qida sağlam, təhlükəsiz olanda onun ixrac imkanları, bazarları da genişlənir".
Analizlərə gəldikdə isə millət vəkili qeyd edir ki, AQTA-da müasir tələblərə cavab verən laboratoriyalar var: "Həmin laboratoriyalarda keçirilən müayinələr qidanın tam təhlükəsizliyini müəyyən etməyə imkan verir. Azərbaycanın heyvan dərisini, yunu Avropaya, Gürcüstana ixrac etmək imkanı var. Azərbaycanın heyvan dərisi tam təhlükəsiz hesab edilir və Avropaya ixrac edilir. Digər qidaların təhlükəsizliyi təsdiq olunandan, müvafiq sənədləşmələr aparılandan sonra onların da ixrac bazarlarının genişləndirilməsi imkanı əldə edilə bilər".
Deputatın sözlərinə gröə, hər bir məhsulun üzərində kod, məlumat olacaq, bununla da istehsalçı malın təhlükəsiz olması haqda bilgi əldə etmiş olacaq:
"Hər bir mal etiketlənəcək, elektron nəzarətin həyata keçirilməsinə imkan veriləcək. Etiketin üzərində istehsal tarixi, saxlanma yeri, saxlanma müddəti, hansı şrəaitdə saxlanılmalı olduğu haqda ətraflı məlumatlar olacaq".
Badamovun sözlərinə görə, istehsal prosesində olan işçilərin tibbi müayinədən keçirilməsi məsələsi də qanunda əksini tapıb. Proseslərə nəzarət Azərbaycan Qida təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcək.
Lakin qanundan irəli gələn müddəalar şəxsi istehlak üçün yetişdirilən məhsullara aid deyil. Bundan başqa, bu nüanslar şəxsi istehlak üçün poçt göndərişləri ilə gətirilən məhsullara aid deyil.
Qeyd edək ki, sözügedən qanun 2019-2025-ci illəri əhatə edən "Qida Təhülkəsizliyi haqda" proqramın tərkib hissəsidir. Qanunun qəbulu ilə proqramın daha dolğun şəkildə icrası nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0