Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Uşaqlarımızı kim və niyə öldürür?

© AFP 2023 / JOSEP LAGO Uşaq
 Uşaq - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Abunə olmaq
Məcburi köçkün uşaqlarının rəngarəng uşaqlıq xatirələri yoxdur – onlar bağçaya getməyib, pioner olmayıb, tətildə kəndə və ya şəhərə tələsməyiblər.
Uşaqlığı Birinci Qarabağ Müharibəsinə düşmüş mənim kimi məcburi köçkün uşaqlarının rəngarəng uşaqlıq xatirələri yoxdur – onlar bağçaya getməyib, pioner olmayıb, tətildə kəndə və ya şəhərə tələsməyiblər. Onlar raket, güllə səsləri ilə atalarının ayaqlarına sarılıb, oyuncaqlarını, xəyallarını, fantaziyalarını doğulduqları evlərində qoyub tanımadıqları şəhərlərə üz tutublar... Yataqxanalarda, uzun illər hansısa kompleks içində yaşayıblar...
Bir hüquqşünas dostumuz var, indi ölkənin ən tanınmış vəkillərindən biridir – onun bir xatirəsi bütün məcburi köçkün uşaqlarının uşaqlıq ovqatını, komplekslərini özündə ifadə edir: deyir, bağçada yaşayırdıq deyə kitabxanaya getməyə utanırdım, çünki orda məndən ev ünvanımızı soruşacaqdılar...
Bütün müharibələr dəhşət qoxuyur... İndi Qərbin katalizatorluğu ilə başlanmış Rusiya-Ukrayna toqquşması da, əslində, bu xalqların heç birinə lazım deyil... Hər iki ölkədə uşaqlar evdə atalarını gözləyir, onlar isə başqalarının atalarını öldürmək üçün döyüşə gedirlər... və iki eyni kökdən olan xalq hansısa kənar qüvvələrin hərbi-siyasi, merkantil maraqlarının qurbanına çevrilir.
***
Bəzən uşaqları bədbəxt etmək üçün müharibələr lazım olmur – biz özümüz bu işin "öhdəsindən gəlirik". Dünyanı sevgisiz böyüyən insanların savaşları artıq məhv edir deyəsən...
Qayıdırıq ölkəmizə. Fevral ayı ərzində 10-dan çox uşaq bədbəxt hadisələrin qurbanı oldu. Hadisələrin mahiyyətinə baxdıqda aydın olur ki, onların bəziləri dəm qazı və yol qəzaları olsa da, iki hadisədə dəhşətli qətl izləri var.
Fevralın 13-də isə Şəmkirdə ölkəni sarsıdan hadisə baş verdi. Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənov 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq onları qətlə yetirdi. Məlumata görə, ana Lalə Həsənova hamilə olub.
Bundan bir həftə sonra daha bir dəhşət paytaxtda yaşandı. Bakının Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova evdə iki azyaşlı övladı - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan ilə birgə qətlə yetirildi. Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyevin G.Qaraxanovanın bacısının əri olduğu və cinayəti tamah məqsədilə törətdiyi məlum oldu. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürüldü.
Belə adamları nə qədər qəddar səslənsə də, canlı mina təmizləyicisi kimi Qarabağ göndərmək lazımdır...
***
Yeri gəlmişkən, ötən həftə 30 ili tamam olan Xocalı faciəsində 63 uşaq erməni terrorunun qurbanı olub.
David Xeyriyan adlı erməni müəllif "Xaç naminə" kitabında yazır: "Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid-körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: "Qorxma, ürəkli keç. Bu hal müharibənin qanunlarından biridir". Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üstündən adlayıb bataqlığı keçdim. Çəkmələrim və şalvarımın balağı qana batmışdı".
***
Nənəm nağıl edir ki, biz uşaqları qorxutmaq üçün adətən "Xortdan gəldi" deyirdik, ermənilər isə eyni halda "türk gəldi" deyirdilər... Doğularkən uşaqlarının qulağına "türk sənin düşmənindir" pıçıldayan xalqın Xocalıda 63 uşağı qətlə yetirməsi çox da təəccüb doğurmur...
Xəbər lenti
0