Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Açılan naməlum məzarların qəbirdaşı niyə bərpa olunmur? İlginc səbəb

© Sputnik / Ibrahim HashimovQəbiristanlıq, arxiv şəkli
Qəbiristanlıq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
32 şəhid məzarından meyitlərin çıxarılmasına dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.
BAKI, 8 fevral — Sputnik. Bakıdakı Şəhidlər xiyabanında üstü açılan naməlum məzarların sinədaşları qoyulmayıb. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumta görə, naməlum qəbirlərin üstü torpaqla örtülsə də, sinədaşları yerinə qoyulmur.
Sputnik Azərbaycan-a bu barədə məlumat verən Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov bildirib ki, naməlum məzarların üstündəki daşların yerinə qoyulmamasının səbəbi var.
S.Həsənov bildirib ki, Respublika Hərbi Prokorurloğundan hələ ki, onlara bir cavab verilməyib: “Ola bilər ki, yenidən o məzarlardan nümunələrin götürülməsinə ehtiyac olar. Bizə bildirdilər ki, məktubumuza Respublika Hərbi Prokurorluğundan cavab veriləcək. Əgər cavab gəlsə ki, həmin naməlum qəbirlərdən daha nümunə götürməyə ehtiyac yoxdur, biz bundan sonra həmin qəbirlərin sinə daşlarını qoyacağıq”.
Onun sözlərinə görə, indiyədək 32 naməlum qəbirdən nümunələr götürülüb: “Naməlum məzarlar Birinci və İkinci Fəxri xiyabandadır. 1-ci Fəxri xiyabanda 23, İkinci Fəxri xiyabanda 9 naməlum məzar açılıb”.
Qeyd edək ki, naməlum məzarların açılmasında məqsəd onların sahiblərinin müəyyənləşdirilməsidir. S.Həsənov həmin məzarların Birinci Qarabağ müharibəsi şəhidlərinə aid olduğunu söyləyir.
Sputnik Azərbaycan bir müddət öncə Bakıdakı Şəhidlər xiyabanında naməlum qəbirlərin açılması barədə məlumat vermişdi.
Bildirilmişdi ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib. Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.

Gəncədə də naməlum məzarlar açılıb

Onu da xatırladaq ki, Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunan naməlum şəhid qəbirləri ekshumasiya edilib. Şəhidlər xiyabanında olan 49 naməlum qəbirdən nümunələr götürülüb və daha sonra məzarlar yenidən qapadılıb.
Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələr götürülüb və ekspertizaya aparılıb.
Naməlum şəhid qəbirlərinin ekshumasiyası zamanı götürüləcək nümunələrin qarşılaşdırılması üçün isə itkin düşənlərin yaxın qohumlarından DNT nümunələri götürülüb və həmin DNT nümunələr ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.

Ölmüş şəxsin ekshumasiyası qaydaları

Məlumat üçün bildirək ki, ölmüş şəxsin prosessual ekshumasiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında həyata keçirilir. Nazirlər Kabinetinin "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na görə, ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elmi-tədqiqat və elmi yaradıcılıq fəaliyyətinin həyata keçirilməsi zamanı; bu qaydalarda müəyyən edilmiş hallarda və qaydada qəbrin köçürülməsi ilə bağlı; "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə "Şəhid" adı verildikdən sonra onun Şəhidlər xiyabanında basdırılmasına dair valideynlərinin, habelə digər yaxın qohumlarının və ya qanuni nümayəndələrinin müraciəti olduqda; ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu olduqda reallaşacaq.
Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına çürümə və minerallaşma prosesləri zəif gedən yaş qrunt ərazidə 3 (üç) ildən, qumlu quru qrunt ərazidə isə 1 (bir) ildən tez olmayaraq icazə verilir. Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası qəbiristanlığın müdiriyyətinin iştirakı ilə həyata keçirilir. Ekshumasiyadan sonra qəbir yerləri dezinfeksiya olunmalı və torpaqla örtülməlidir.
Ekshumasiyadan sonra meyit və ya onun qalıqları həmin qəbir yerində təkrar basdırıldıqda, bu Qaydalarla müəyyən edilmiş tələblər gözlənilməlidir. Qeyd edək ki, bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət əsasnamələrinə uyğun olaraq aidiyyəti dövlət orqanları və müvafiq bələdiyyələr tərəfindən həyata keçirilir.
Bu Qaydaların tələblərinə riayət olunmasına ictimai nəzarət fiziki şəxslər, dini icmalar və vətəndaş cəmiyyəti təsisatları tərəfindən həyata keçirilir. Bu Qaydalar qüvvəyə minənədək salınmış qəbiristanlıqlarda aparılmış dəfnlər barədə bu Qaydaların 4.6-cı bəndində nəzərdə tutulmuş məlumatlar 6 (altı) ay müddətində müvafiq qəbiristanlığın müdiriyyəti tərəfindən dəfnlərin vahid dövlət reyestrinə daxil edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0