Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Omicron"a yoluxmaya görə qapanmalar olacaqmı?

© REUTERS / DADO RUVIC"Omikron" ştammı
Omikron ştammı - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
İnfeksionist yaxın günlərdə artım trendinin həlledici olacağını bildirib. Onun sözlərinə görə, bunu Azərbaycanda koronavirusa sutkalıq yoluxmanın artan dinamikası da təsdiqləyir.
BAKI, 1 fevral — Sputnik. Azərbaycanda koronavirusa yoluxma sayının sürətlə artmasını nəzərə alaraq bu gündən bir sıra dövlət qurumları yenidən vətəndaş qəbullarını elektron müstəviyə keçirib.

Dövlət qurumları canlı qəbulu dayandırdı

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi quruma müraciət etmək istəyən vətəndaşlara bildirib ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin, vətəndaş məmnuniyyəti, operativ xidmətin təmin edilməsi məqsədilə cari ilin 1 fevral tarixindən etibarən vətəndaşların əyani qəbulu üçün qeydiyyat yalnız onlayn rejimdə həyata keçiriləcək. Ölkəmizdə virusa yoluxmanın artması baxımından canlı ünsiyyətin minimuma endirilməsi digər dövlət qurumlarına da şamil edilib.
Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri, yaxınları ilə görüşü müvəqqəti qadağan olunub. İnfeksionistlər də fevralda yoluxmanın ən təhlükəli həddə çatacağını proqnozlaşdırırlar. Bu da yenidən karantin qaydalarının sərtləşdiriləcəyi, qapanmaların olacağı barədə narahatlıqlara səbəb olub.
Sputnik Azərbaycan dövlət qurumlarında koronavirusa yoluxma ilə barədə alınan tədbirlərin səbəb və risklərini araşdırıb.

Qapanmalar ola bilərmi?

Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sürətli yoluxma "Omicron" ştammının əsas xüsusiyyətidir. F.Sədirov bu səbəbdən yoluxma riskindən qorunmaq üçün sosial məsafə, tibbi maskadan istifadə, əl gigiyenasına əməl edilməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, koronavirusa yoluxma ilə əlaqədar qapanmaların olacağı barədə qəti fikir bildirmək doğru deyil. Çünki qapanma ilə bağlı qərar təkcə tibbi yönümdən verilmir:
"Bu qərar təkcə tibbi baxımdan verilmir. Bunun iqtisadi və sosial tərəfləri də var. Ona görə də təkcə infeksionistlərin verəcəyi bir qərar deyil. Aidiyyəti qurumların da həmin məsələ barədə hesablamaları olmalıdır. Ona görə də yoluxma sayı, sanitar-epidemioloji vəziyyət günbəgün izlənilir, riyazi analizlər aparılır ki, yoluxma sayı neçə günə hansı həddə çata bilər. Bu zaman bizim koronavirusla bağlı tibbi baxımdan hazırlıqlarımız müzakirə edilir. Fond, ehtiyatlarımızın yetərli olub-olmadığı barədə analizlər aparıldıqdan və bütün bu detallar birləşdirildikdən sonra qapanmalara zərurətin olub-olmadığı barədə qərar verilir".
F.Sədirov bildirir ki, "Omicron" ştammı digər ştamlarla müqayisədə daha yüngül gedişlidir. Xəstələr tez sağalır. Nəticədə xəstəxanaya tələbatı azaldır. Belə olan halda qapanmalara ciddi zərurət qalmır.

Artım trendi həlledici olacaq!

Amma infeksionist yaxın günlərdə artım trendinin həlledici olacağını bildirib. Onun sözlərinə görə, bunu Azərbaycanda koronavirusa sutkalıq yoluxmanın artan dinamikası da təsdiqləyir.

Yoluxma niyə artdı?

Azərbaycan Tibb Universitetinn Pulmonologiya şöbəsinin həkimi Günel Sadıqova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peyvənd vurulmayan, yanaşı xroniki xəstəlikləri olan insanlarda "Omicron" ştammı ağır fəsadlara səbəb olur. Onun sözlərinə görə, xəstəliyə əvvəl yoluxanlarda da virusu yüngül keçirmə müşahidə olunur. Amma bu ştammın yüksək sürətli yayılması risk yaradır:
""Omicron" ştammının 100-105 faiz digər mutasiyalarla müqayisədə daha sürətli yayılma təhlükəsi var. Təkrar yoluxmalarda temperatur az müşahidə olunur. Yaxud da ümimiyyətlə temperatur olmur. Bəzən insanlarda relaks yaranıb ki, digər mövsümi qripdir. Buna görə onlar özlərini izolyasiya etmirlər. Onlar özlərini adi qripə yoluxmuş hesab etdiklərindən bu formada işə, dərsə gedirlər. Üstəlik, bir müddət yayılmış qrip virusuna görə COVID testinin müsbət çıxmaması insanlar arasında rahatlığa səbəb olub. Nəticədə virusa yoluxma daha sürətlə davam edir".

"Omicron" ştammı yaş həddi tanımır

G.Sadıqova bildirdi ki, 3 və 4-cü doza vaksinin vurulması istənilən mutasiyaya qarşı immunitet yaradır. Onun sözlərinə görə, "Omicron" ştammının spesifik xüsusiyyəti olmasa da, iy, dadbilmənin itməsi bu mutasiyaya da aiddir. O deyir ki, "Omicron" ştammı yaş həddi tanımır.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva isə bildirir ki, vaksinin buster dozası 50 yaşdan yuxarı insanlarda "Omikron" ştammına qarşı müdafiəni 95 faiz artırır. Eyni zamanda, vətəndaşlarda yeni ştamma görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Araşdırmalara görə, yeni ştammın inkubasiya dövrü daha qısadır, lakin “Omicron”la təkrar yoluxma riski “Delta” ştammı ilə yoluxmadan bir neçə dəfə çoxdur".
Nazirlik rəsmisi deyib ki, yayılan yeni ştammdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir: "Xatırladım ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da (fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalar) riayət olunmalıdır".
Məlumat üçün qeyd edək ki, Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 5 minə yaxınlaşır.
Koronavirusun "Omicron" adı verilən yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
"Omicron" Azərbaycana bu il yanvarın 10-da "təşrif buyurub" - xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2-nin bu variantı aşkarlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0