Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bahalaşmanın səbəbləri nədir? - "Bərəkətli" həftənin icmalı

© Sputnik / Murad OrujovÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Abunə olmaq
Azərbaycanda un və çörəyin qiymətinin bahalaşması, un istehsalçılarının topdansatış mərkəzləri, topdansatış qiymətləri, ağıllı sayğacların tətbiqi Sputnik Azərbaycan-ın materialında.
BAKI, 9 yanvar — Sputnik. Bu həftə Azərbaycanda baş verən mühüm iqtisadi hadisələri oxucuların diqqətinə çatdırırıq. Yola saldığımız həftədə un və çörəyin qiymətinin bahalaşması diqqət mərkəzində olub.
Yeni ildən un və çörəyin qiyməti ölkəmizdə bahalaşıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətinin yuxarı həddini müəyyənləşdirib. Belə ki, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik olub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda deyilir ki, son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVİD-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu il ilə müqayisədə təxminən 58% bahalaşma baş verib.
Subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə qeyri-real səviyyədə saxlanılması mümkün deyil
Vurğulamaq vacibdir ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. 2021-ci il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumət tərəfindən ayrılmış böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olunub. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil.
Unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb
Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb. Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib.
Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik.
Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4-35,9 manat arasında dəyişir.
Un istehsalçılarının topdansatış məntəqələri, satış qiymətləri və iş vaxtı barədə məlumat
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatları ictimaiyyətin diqqətinə çatdırır.
Cədvələ keçid: https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/un-topdansatish
https://competition.gov.az/storage/files/files/570/jlTxcISvghK172zNMUNRYcJVJokcPgHYqnEP7ULm.pdf
Qeyd edilən topdansatış məntəqələrində hazırda unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir. İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər.
Məlumatlar mütəmadi olaraq yenilənəcək.
Bununla yanaşı, un istehsalçılarına məxsus olmayan digər satış məntəqələrində qiymətlər təchizat zəncirinin xüsusiyyətləri (nəqliyyat xərcləri, ticarət əlavələri və s.) nəzərə alınmaqla formalaşır.
Bir daha bildiririk ki, unun satışı üzrə satış məntəqələrində antiinhisar qanunvericiliyinə riayət olunmasına dair Dövlət Xidməti tərəfindən ciddi nəzarət tədbirləri davam etdirilir.
İstehlakçılar və sahibkarlar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00; email ünvanı: office@competition.gov.az.
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, əgər subsidiya dayandırılsa, istehsalçılar unu baha satmağa məcbur olacaqlar: "Gübrələrin qiyməti 2 dəfəyə yaxın qalxıb. Dövlət bu sahəni nəzarətdə saxlamalıdır. Əgər unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın qiymətinə uyğunlaşdırılsa, bahalaşma çox olacaq. Çörək strateji məhsuldur və ona görə də bu sahəni nəzarətdə saxlamaq daha məqsədəuyğundur".
© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov
İdxaldan asılıyıq
"Hələ ki, ərzaqlıq buğda ilə özümüzü tam təmin edə bilmirik, idxaldan asılıyıq. Bizdə yerli buğdanın keyfiyyəti çörək istehsalı üçün yetərli deyil. Məsələn, un istehsalçısı istehsal zamanı 30 faiz yerli buğdadan istifadə edirsə, 70 faiz də Rusiyadan, Qazaxıstandan gələn keyfiyyətli buğdadan istifadə edir. Əks halda, keyfiyyətli çörək istehsal etmək olmur", - deyə o qeyd edib.
Mövcud əkin sahələrində məhsuldarlığı artırmaq lazımdır
Onun sözlərinə görə, digər tərəfdən, bəziləri buğda sahələrini artırmağı təklif edirlər, amma mövcud əkin sahələrində məhsuldarlığı artırmaq lazımdır: "Bizdə məhsuldarlıq aşağı səviyyədədir. Orta məhsuldarlıq bizdə 20-30 sentnerdir. Mövcud sahələrdə məhsuldarlığı artırsaq, bəlkə də özümüzü təmin edə bilərik. Hələ də texniki qulluq düzgün edilmir. Ötən illərə nisbətən buğda istehsalında artım var, amma hələlik idxaldan asılıyıq".
Subsidiya ləğv edilsə, qiymət dəfələrlə arta bilər
"İşğaldan azad edilmiş ərazilərdə də taxıl əkilməyə başlanılıb. Amma bizim münbit böyük ərazilərimiz yoxdur. Subsidiya mexanizmini saxlamaq lazımdır. Bu, ləğv edilsə, qiymət dəfələrlə arta bilər", - deyə ekspert əlavə edib.
"Kiçik çörək sexlərinin məsrəfi çoxdur"
Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov Sputnik Azərbaycan-a deyib ki, istehsalçılar fərqlidir: "Böyük çörək sexlərinin məsrəfi az, kiçik çörək sexlərinin məsrəfi isə çoxdur. Ümumiyyətlə, çörək zavodlarının hamısında çörək eyni qiymətə başa gəlmir. Burada nəqliyyat - uzaq və yaxın yerlərə çörək daşıma məsələsi var. Dövlətin ixtiyarı var ki, qiymətin yuxarı həddini müəyyənləşdirsin, qiymətin aşağı həddini isə istehsalçılar özləri müəyyən edəcək. Çünki çörək strateji məhsuldur və qiymətin yuxarı həddinin müəyyən edilməsi doğru addımdır. İstehsalçı da elə etməlidir ki, məhsulun maya dəyərini aşağı sala bilsin".
Çörəyin çəkisinə diqqət
O bildirib ki, çörəyin çəkisinə diqqət edilməlidir: "Dünəndən istehlakçılar mənə də gəlib deyirlər ki, çörəyin çəkisinə baxırıq, 430-440 qram gəlir. Burada nəzarət vacibdir, əgər 500 qram deyilibsə, elə də olmalıdır. Yerli buğda istehsalı hər hektardan 15-20 sentner deyil, 45-50 sentner olmalıdır. İndiki zamanda subsidiya verilməlidir".
Qiymət yenə qalxa bilər
"Çörəyin qiyməti yenə qalxa bilər. İdxaldan asılıyıq, xaricdə qiymət bahalaşdıqca, bizdə də bahalaşacaq", - deyə o əlavə edib.
Qiymət tələb-təklif əsasında müəyyən edilməlidir
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, qiymət tələb-təklif əsasında müəyyən edilməlidir: "Bu gün dünyada xüsusilə istehlak mallarının qiyməti artır. Hətta buğda ixrac edən ölkələrin ixracatında məhdudiyyətlər tətbiq edilir. Bu da qiymət artımına gətirdi. Həssas əhalinin rifahının artırılması üçün dövlətimiz bu sahəyə müəyyən müdaxilələr edir, un və çörəyin qiymətinin yuxarı həddi müəyyənləşdirilib. Başqa sözlə, istehsalçılar bu həddən yuxarı qiymətə un və çörək satmasınlar. Amma gələcəkdə qiymət tələb-təklif əsasında formalaşacaq".
© Photo : From the personal archive of Emin Garibliİqtisadçı ekspert - Emin Qəribli
İqtisadçı ekspert  - Emin Qəribli - Sputnik Azərbaycan, 1920, 08.01.2022
İqtisadçı ekspert - Emin Qəribli
Bahalaşma xarici amillərdən asılıdır
O bildirib ki, çörəyin qiymətinin yenidən bahalaşması xarici amillərdən asılıdır: "Dünya bazarlarında qiymətlər artacaqsa, bizdə də qiymətlər artacaq. Dünyada təklif azalıb, amma tələb artıb və bu da qiymət artımına gətirir. Dünyada qida məhsullarının qiymətinin artması gözlənilir".
İdxalın təqribən 98 faizi Rusiyanın payına düşüb
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2021-ci ilin 11 ayında Azərbaycana 287 milyon 557 min dollar dəyərində 1 milyon 17 min 503 ton buğda idxal edilib. İdxalın təqribən 98%-i Rusiyanın payına düşüb. 2020-ci ilin 11 ayı ərzində Azərbaycana 262 milyon 497 min dollar dəyərində 1 milyon 225 min 585 ton buğda idxal edilib. Ötən ilin 11 ayında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində artıb, həcm ifadəsində isə azalıb.
Ölkədə buğda ilə özünütəminetmə hansı səviyyədədir
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanın buğda istehsalı 1867.3 min ton olub: "Özünütəminetmə səviyyəsi 57.1 faiz təşkil edib. 2021-ci ildə ölkədə buğda istehsalı 1885.4 min ton təşkil edib. Son 3 ilin orta göstəricilərinə görə, ölkədə buğda ilə özünütəminetmə 59-60% səviyyəsində olub".
Buğdanın Rusiyada qiyməti
2021-ci ilin noyabr ayında Rusiyadan 1 ton buğdanın ixrac qiyməti əvvəlki aya nisbətən 7.01 faiz artaraq 337.5 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Rusiyanın daxili bazarında isə buğdanın qiymətində 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyul ayına qədər qeyri-müəyyənlik müşahidə olunub, sonrakı aylarda isə artım trendi ilə əvəz olunub. 2021-ci ilin noyabr ayında 1 ton buğdanın qiyməti əvvəlki aya nisbətən 1.23% artaraq 247.7 ABŞ dolları təşkil edib.
2021-ci ilin noyabr ayı ərzində Qara dəniz və Azov dənizi portlarında buğdanın 1 tonunun qiyməti müvafiq olaraq 330.0 ABŞ dolları ilə 345.0 ABŞ dolları və 302.0 ABŞ dolları ilə 315.0 ABŞ dolları arasında dəyişib.
2021-ci ilin noyabr ayında buğdanın 1 tonunun dünya bazarı qiyməti əvvəlki ay ilə müqayisədə 7.96% artaraq 317.4 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Qiymət artımlarını qarşılamaq üçün müəyyən dəstək olacaq
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirini formalaşdırmaq, 100%-lik lokalizasiyaya nail olmaqdır.
Onun sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcuddur: "Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırılması bu cür sahibkarlıq subyektlərinin, xüsusilə gənc sahibkarların məşğulluqda iştirak payının daha da yüksəldilməsinə gətirəcək. Hökumətin qarşıdakı dövrdə də əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan emal sənayesinin sürətli inkişafıdır.
Regionların spesifikası nəzərə alınmaqla, məhsul istehsalı və emalı üzrə ixtisaslaşmanın dərinləşdirilməsi hədəflənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələrinin yenidən qurulması, sağlamlaşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur".
M.Cabbarov vurğulayıb ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və təbii olaraq, dünya bazarlarında müşahidə olunan proseslərin təsirlərini hiss edir: "Son illərdə dünyada istisnasız olaraq bütün ərzaq məhsullarının qiymətlərində kəskin artımlar qeydə alınır. Bunun üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının qlobal əmtəə, o cümlədən ərzaq qiymətlərinin qalxması ilə bağlı yaydığı məlumatlara diqqət yetirmək kifayətdir. Müşahidə olunan qiymət artımları son 30 ilin ən yüksək göstəricisidir. Qiymətlərin artımına səbəb olacaq bir çox proseslər mövcuddur və bu proseslərin dinamikası, təəssüf ki, getdikcə daha da artır. Ölkəmizin daxili bazarında qiymət artımlarının əsas səbəblərindən biri məhz idxal olunan məhsulların idxal bazarlarında qiymətinin artmasıdır…"
Nazir bildirib ki, Azərbaycan hökuməti qiymət artımlarının təsirlərini minimuma endirmək üçün bütün müvafiq addımları atır və 2022-ci ilin dövlət büdcəsi əhalinin gəlirlərinin artırılması komponentini nəzərə almaqla formalaşdırılıb: "Hesab edirik ki, bu, qiymət artımlarını qarşılamaq üçün müəyyən dəstək olacaq. Müsbət məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatların 2022-ci il üzrə əmtəə və ərzaq qiymətləri indeksinə dair proqnozlarında 2021-ci illə müqayisədə nisbətən azalma, əsas ticarət tərəfdaşı olan ölkələrdə istehlak qiymətləri indeksinin 2021-ci illə müqayisədə qismən aşağı proqnozları mövcuddur".
Buğdaya ümumi tələbatımızın 40 faizi idxal hesabına ödənilir
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, ölkə illik 2 mln. ton buğda istehsal edirsə, təqribən 1,3-1,4 mln. ton idxal edir: "Beləliklə, bizim buğda ilə özümüzü təmin etməmiz 59-60 faiz səviyyəsindədir. Yəni buğdaya ümumi tələbatımızın 40 faizi idxal hesabına ödənilir. İdxal olunan buğdanın böyük əksəriyyəti məhz un emalı sənayesinin tələbatı üçün ödənilir".
Niyə özümüzü taxılla tam təmin edə bilmirik?
Azərbaycan özünü tam olaraq taxılla təmin edə bilməməsinə gəldikdə, Mərkəzin direktoru qeyd edib ki, bunun bir sıra səbəbi var: "İlk növbədə, kənd təsərrüfatı sahəsi təbii resurslarla bağlıdır. Bizim torpaq resurslarımızın həcmi o qədər də geniş deyil. Misal çəkdiyimiz ölkələr (Rusiya, Kanada, ABŞ, Qazaxıstan, Avstraliya və s.) geniş torpaq sahələrinə malik olmaqla, böyük həcmdə buğda istehsalı təmin edən ölkələrdir. Digər məqam – iqlim şəraitimiz də keyfiyyətli buğda istehsalına imkan vermir. Mütəxəssislərin rəyi ondan ibarətdir ki, may-iyun aylarında bizim əsas buğda yetişən regionlarda kəskin istilər düşür, bu da bitkinin dən dolması mərhələsi başa çatmadan qurumasına səbəb olur. Bu, həm məhsuldarlığı azaldır, həm də məhsulun keyfiyyətinə mənfi təsir edir. İqlim uyğunsuzluğu ilə yanaşı su resurslarında da ciddi problemlər var...".
Müxtəlif ölkələr ehtiyatlar formalaşdırır
Unun və çörəyin bahalaşmasına gəldikdə, F.Fikrətzadə qeyd edib ki, belə halların qarşısını almaq məqsədilə müxtəlif ölkələr ehtiyatlar formalaşdırır, anında müdaxilə sistemi tətbiq edir: "Misal olaraq, Azərbaycanda ötən il büdcə vəsaiti hesabına bazara süni müdaxilə edilərək, istehsalçıların xərcləri kompensasiya edildi ki, bu da çörəyin qiymətinin artımının qarşısını aldı. Yəni dünya bazarlarında təsirlər baş verəcəksə, dövlətlər bu cür müdaxilələrlə onları kompensasiya edə bilir".
İstehsalçılardan müraciət
Bundan öncə Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıblar.
Müraciətdə deyilir ki, Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir:
"Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub".
Qeyd olunur ki, bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib: "Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib".
Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb:
"Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi "zavod" çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur".
"Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq", - deyə əlavə olunub.
Azərbaycan OPEC+ üzrə gündəlik hasilatın fevralda da 400 min barel artırılması ilə bağlı qərarı dəstəkləyib
OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, OPEC+ ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.
OPEC+ ölkələri nazirlərinin növbəti iclası fevralın 2-si baş tutacaq. Görüşdə nazirlər mart ayı üçün neft hasilatı planını müzakirə edəcəklər.
Bu ildən ağıllı sayğacların tətbiqinə başlanılacaq
"Azəriqaz" İstehsalat Birliyi bu ildən ağıllı sayğacların tətbiqinə başlayacaq. Bunu "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
Bildirib ki, ölkəmizdə bu vaxta qədər smart sayğac olmayıb, smart tipli qaz sayğacı olub.
"Neft torpaqlarındakı evlərin qazlaşdırılması üçün ərazinin təyinatı dəyişdirilməlidir"
"Azərbaycanda neft torpaqlarında tikilmiş evlərin qazlaşdırılması sual altındadır". Bunu Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov deyib.
Onun sözlərinə görə, həmin evlərin qazlaşdırılması üçün onların yerləşdiyi ərazilərin təyinatı dəyişdirilməlidir. Bu gün bu torpaqlar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansındadır və orada potensial yeraltı neft-qaz yataqları mövcuddur. Orada hasilat aparıla bilər. Buna görə də bu qeyri-qanuni tikilən evlərin qazlaşdırılmasına hələlik icazə verilmir".
O bildirib ki, nə zamanı dövlət neft torpaqlarının yaşayış məntələrinə çevrilməsi ilə bağlı qərar verəcək, o zaman bu ərazilər planlı şəkildə qazlaşdırıla bilər: "Bunun üçün ilk növbədə neft trorpaqlarının kateqoriyası dəyişdirilməlidir. Bundan sonra isə "ASAN Kommunal" mərkəzlərinə müraciət edib, lisenziyası olan podratçı şirkətlərlə bu məsələni öz hesablarına həll edə bilərlər. Yəni vətəndaşlara şərait yaradılıb ki, onlar öz vəsaitləri hesabına qazlaşdırma həyata keçirə bilsinlər. Ümumilikdə isə qazlaşdırma plana uyğun həyata keçirilir".
Xəbər lenti
0