Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hiss, Qurd, PRoMete, Nəfəs - Məşhurların əsl adları nədir? Maraqlı tarixçələr

Qurd - Sputnik Azərbaycan, 1920, 03.01.2022
Abunə olmaq
Bir çox məşhurlar əsl adı ilə deyil, özlərinə seçdiyi adlarla məşhurlaşıblar. Bu, daha çox şou-biznes nümayəndələrində özünü göstərir. Sputnik Azərbaycan rəsmi adları ilə səhnə adları fərqli olan sənət adamlarını sizə təqdim edir.
BAKI, 3 yanvar — Sputnik. Bir çox məşhurlar əsl adı ilə deyil, özlərinə seçdiyi adlarla məşhurlaşıblar. Bu, daha çox şou-biznes nümayəndələrində özünü göstərir. Sputnik Azərbaycan rəsmi adları ilə səhnə adları fərqli olan sənət adamlarını sizə təqdim edir.
Rəsmi adı Cavanşir Mirzəməmməd oğlu Zeynallı olan Xalq artisti Cavan Zeynallı adının dəyişilmə tarixindən bəhs edərkən deyib:
"1979-cu ildən "Qaya" Dövlət ansamblı ilə xarici ölkələrdə qastrol səfərlərində olurduq. Görürdüm ki, xarici ölkələrdə insanlar məndən uzaq gəzirdilər, ünsiyyət yaratmaq istəmirlər. Mənə də təəccüblü gəlirdi ki, insanlar məndən niyə qaçırlar? Sonradan məlum oldu ki, adımı tələffüz etmək onlar üçün çətindir. Bir gün bir rus qadın mənə dedi ki, adın çox qəlizdir, necə yəni "Molodoyev"? Avtoqraf verəndə də çətin olurdu, adımı konsertdə təqdim edəndə də xaricilər üçün çətin olurdu. Rəhmətlik Xalq artisti, "Qaya" estrada-simfonik orkestrinin bədii rəhbəri Teymur Mirzəyev dedi ki, "Cavanşir, bəlkə sən adını qısaldasan, "şir"i çıxaraq, olsun "Cavan". Əvvəl razılaşmadım ki, necə yəni "şir"i çıxarım? Dedi, "səhnə qısa adları sevir, sən də adını qısalt"".
Cavan Zeynallı qəbul edir ki, bu ad Azərbaycan xalqı üçün çox əhəmiyyətlidir, Cavanşir tarixi şəxsiyyətdir. Amma digər millətlər bunu anlamır.
"Aygün Kazımova da mənim adımı qısaltmaq istədi. Dedi "Cavan müəllim, bəlkə adınızı bir az da qısaldaq, olsun "Can". Dedim "yox olmaz, necə yəni "Can"? Adımı bir dəfə qısaltmışam, bu, kifayət edir. Tamaşaçılar da məni bu adla tanıyıb, seviblər. Amma öz rəsmi adımı daha çox sevirəm, Cavanşir adı "Can"dan da, "Cavan"dan da daha üstündür mənim üçün" - deyə məşhur cazmen əlavə etdi.
H.O.S.T qrupun yaradıcılarından biri və "HOST" prodakşının təsisçilərindən olan Pərviz İsaqov (səhnə adı PRoMete) səhnə adının açıqlamasını belə izah edib:
"Tarixə nəzər salsaq görərik ki, əksər sənət, söz adamları öz adları ilə deyil, təxəllüsləri ilə tanınıblar. Nizami, Xəqani, Hüseyn Cavid və digərləri rəsmi adları ilə tanınmayıblar. Dünyada da bu ənənə var. Əsasən rep ifaçıları öz rəsmi adları ilə deyil, səhnə adları ilə tanınıblar. Mənim adıma gəldikdə isə PRo- Pərviz Ramizoğlu, Mete isə məktəb vaxtları tarixi şəxsiyyətlərə olan sevgimizdən irəli gəlib. Mən də Böyük Hun İmperatoru Mete xana olan rəğbətimə görə, adıma "Mete"ni əlavə etdim. Bundan başqa, düşündüm ki, ölkədə Pərviz adlı bir neçə müğənni var. Onlardan seçilmək üçün səhnə adımın dəyişilməsi vacib idi".
Son illər oxuduğu hər mahnı hitə çevrilən müğənni Hiss (tam adı: Röya Məmmədova) adının müğənni Röya Ayxan ilə qarışıq salınmaması üçün səhnə adının dəyişməsini tərcih edib:
"Əvvəl fikir vermirdim, amma sonra dostlarım dedi ki, adını mütləq dəyişməlisən. Röya adı çəkiləndə deyəcəklər "hansı Röya, ikinci Röya?" İkinci Röya olmamaq üçün adımı dəyişdim".
Müğənni Nura Surinin əsl adı Kazımova Aynurə Qəzənfər qızıdır. Nura -Aynurə adının qısaldılmış formasıdır, Suri isə keçmiş həyat yoldaşının soyadıdır.
Ayan Babakişiyeva isə adını rəsmən dəyişib. O, əvvəl Samirə Babakişiyeva olub.
Nəfəs kimi tanınan müğənninin adı isə Günel Məmmədlidir.
Tez-tez açıq-saçıq geyimləri ilə gündəmə gələn Mina Hüseynin ismi Nərminədir.
Bahar Lətifqızı da adını dəyişən məşhurlar sırasındadır. Sənətçinin rəsmi ad–soyadı Samirə Şahverdiyevadır.
Rəqqasə Renka isə Rəna Ağamuradova adını daşıyıb.
Xatun Əliyevanınsa əsl adı Nərgizdir.
"Çırpınırdı Qara dəniz" mahnısı ilə təkcə azərbaycanlıların deyil, bütün türk dünyasının rəğbətini qazanan, Azərbaycan Respublikasının xalq artisti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Azərinin əsl adı Anaxanım Tağıyevadır.
Karyerasına "Dəyirman" qrupunda başlayan Reper Qurdun adı Fərid Eminovdur.
Əlikram Bayramov isə əvvəl Uraşnoğlu soyadında olub.
Niyam Salaminin adı Niyaməddin Səfərovdur.
Hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan tanınmış repçi, keçmiş HOST qrupunun üzvü, AİD adı ilə tanınan sənətçinin isə əsl adı Orxan Zeynallıdır. Bir vaxtlar böyük dinləyici kütləsi toplayan Orxan Zeynallı Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər zamanı Azərbaycan həqiqətlərini dünyaya çatdırıb.
Əslən azərbaycanlı olan, Rusiyada məşhurlaşan reperlər HammAli (Aleksandr Əliyev) və Jah Khalib (Bəxtiyar Məmmədov) də adlarını dəyişənlər sırasındadırlar.
Xəbər lenti
0